cümə axşamı, 25 aprel 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

Dirijor

02.04.2024 16:58

AFFA bu gün özünə yeni prezident seçdi. İcraiyyə Komitəsi də, demək olar ki, təzələndi. Təzə komanda köhnələri inkar etmədən içə başlayır.

Gedənin dalınca danışmazlar.

Danışmayacam. Görünən kəndə nə bələdçi?

Gələnə irad bildirməyəcəm. Yatıb ki, yuxu görsün?

Məni düşündürən gedişat qaydalarıdır.

AFFA nə deməkdir? Prezident necə seçilməlidir? Onun namizədliyini futbolsevərlər müəyyənləşdirə bilərmi? AFFA-nın prezidenti niyə mütləq dövlət məmuru olur?

Bu suallar elə-belə meydana gəlməyib. Hadisələrin gedişatı məni bu suallara cavab axtarmağa məcbur edib.

AFFA – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası. Bu hansı federasiyaların assosiasiyasıdır? AFFA təsis olunan vaxt Fuad Musayevin təşəbbüsü ilə kağız üzəridə yaradılmış bir neçə regional futbol federasiyası var idi. Beynəlxalq miqyasda tanınmaq üçün həmin federasiyalar “bir araya gəlib” assosiasiya qurdular. Ondan bəri bu qrumun adı AFFA-dır. Halbuki, həmin qurumu təsis edən federasiyalar bu gün yoxdur. Yəni regional qurumların assosiasiyası öz ömrünü başa vurub. Bu, Fuad Musayevin prezidentlikdən getməsi ilə baş verib.

O vaxt AFFA Fuad Musayevin inhisarında idi. Əlbəttə, inhisar xoşagələn hal deyil. Bu inhisara son qoymaq üçün gözəgörünməz bir dirijorun çubuğunu tərpətməsi ilə bir qrup “futbol funksioneri” Fuad Musayevə qarşı üsyan qaldırdı, onu devirmək üçün öncə alternativ AFFA təsis etdi. Həmin qurum Ədliyyə nazirliyi tərəfindən dərhal qeydə alındı (nazirlik bu adda bir qurumun artıq mövcud olduğunu, eyni adda ikinci qurum yaratmağın qanuna zidd olduğunu heç xatırlatmadı da). Lakin UEFA və FİFA tərəfindən qəbul edilmədiklərinə görə üsyançılar taktikanı dəyişməli oldular və nəhayət, Fuat Musayev futboldan getməyə məcbur oldu.

O vaxtdan futbolfda baş verən proseslər, sanki dirijor çubuğu ilə idarə edilir.

Rövşən Nəcəf AFFA-nın 4-cü prezidentidir. O eyni zamanda ARDNŞ-in (özləri SOCAR deyir) prezidentidir. Bundan əvvəlki prezident Rövnəq Abdullayev də ARDNŞ-nin prezidenti olub. Onun sələfi Ramiz Mirzəyev də AFFA-ya prezident seçilərkən dövlət məmuru – “Azərneftyağ” zavodunun direktoru olub.

Fikrimcə, AFFA prezidenti eyni zamanda dövlət işləri ilə məşğul olursa, o heç vaxt futbolu birinci yerə qoya biməz. Qoymamalıdır da. Çünki futbol onun ikinci işidir. Futbol AFFA prezidentinin ikinci işi olarsa, nəticələr də elə indiki kimi olmalıdır. Bu, qanunauyğun nəticədir.

Məmurların həm də AFFA-ya rəhbərlik etməsini dövlətin futbola qayğsı kimi də dəyərləndirmək olar. Amma Azərbaycan iqtisadiyyatının onurğası sayılan ARDNŞ kimi bir qurumun rəhbərinin futbolla məşğul olmağa vaxt tapması bir az şübhə doğurur.

Dövlət qayğısının başqa yolu yoxdurmu? Təbii ki, var.

AFFA qeyri-hökumət qurumudur. Amma beynəlxalq arenalarda dövlətin rəmzləri ilə çıxış edir, dövləti təmsil edir. Dövlət təmsilçisinə büdcədən ayırmalar olmalıdır. Hökumət hesabatını tələb etmək şərti ilə AFFA-ya büdcə ayırmalıdır. Buna görə AFFA prezidentinin dövlət məmuru olması zəruri sayılmamalıdır. Təbii ki, ciddi nəzarət olan yerdə büdcədən ayırılan vəsaiti mənimsəmək çox çətindir. Deməli, AFFA rəhbərinin kimliyindən asılı olmayaraq, quruma – yəni Azərbaycan furtboluna dövlət qayğısı göstərmək olar. Başqa sözlə, AFFA-ya futbol mütəxəssisi rəhbərlik etməli, dövlət də qurumu himayə etməlidir.

Bəs niyə bu alternativ yoldan istifadə olunmur?

Bütün hallarda idarəçilərlərlə himayəçilər arasında fikir ayrılığı mümkündür. İdarəçi həm də dövlət məmurudursa, onu “islah” etmək asandır. Əksinə, müstəqil idarəçini  “islah” etmək üçün rıçaq yoxdur.

Yəqin ki, elə buna görə, hazırkı seçki-təyinetmə mexanizmindən imtina edilmir.

Köhnə mexanizm hələ də işləyir. Dirijor öz işindədir. Çubuğunu qaldırır, endirir. İcraçıların gözü ondadır.

Hər halda AFFA-ya yeni komanda gəlir, dərin islahatların siqnalları verilir. Çoxumuz nikbinik.

Dəyişikliklər gözləyirik. O da dirijorun çubuğundan asılıdır.

Bəlkə dirijor da dəyişib?

Yaşayarıq, görərik.

Oxundu: 313