cümə, 29 mart 2024

Yazarlar

QVAMİ MƏHƏBBƏTOĞLU

Bir də yazsam...

29.06.2016 11:08

Dünən AFFA əhlindən bir nəfər dostum mənə gör nə dedi. Dedi ki, bəs sən bizi istəmirsən. Dedim:

- Nədir dəlilin?

Cavab verdi ki, bizə sataşırsan.

Dedim, bəs kimə sataşım?

Cavab verdi ki, basketbolçulara sataş, voleybolçulara sataş, ağırlıqqaldıranların eyibindən yaz, şahmat əhlinə dolaş.

Dedim, baş üstə, dəxi bundan sonra AFFA-nı, futbolu dilimə gətirmərəm.

Amma dostumdan ayrılandan sonra söz verməyimə peşman oldum. Çünki çoxdan fikrimdə var idi ki bir əhvalat yazam, bu da AFFA barəsindədir.

Hərçənd yenə dostum məndən rəncidə olacaq, amma çarəsi yoxdur.

Bəli, keçək mətləbə...

Bəzi qəzetlər ha yazırlar ki, bizim futbolumuz inkişafdadır. Hətta bu inkişafdan dünya ölkələri də söz açırlar. Bir adam lazımdır ki, gedə yapışa bu qəzetləri yazanların yaxasından və onlardan soruşa ki, siz inkişaf nəyə deyirsiniz? Bu qədər qayğının sayəsində Avroliqada bir-iki mərhələ keçmək nə vaxtdan inkişaf sayılır? Axı bu sirr deyil ki, indi futbola o qədər də maya buraxmayan ölkələrin komandaları belə nailiyyətlər əldə edirlər. Bizdə isə... nədənsə ət isə pişik hanı, pişik isə ət hanı deyən yoxdur.

Bir belə adam bizə lazımdır.

Bundan savayı bizə bir adam da lazımdır: bir adam lazımdır ki, gedib başbilənlərdən soruşsun ki, a kişilər, 8 komanda ilə Premyer Liqa keçirmək nə deməkdir? Niyə bölgə əhlini futboldan məhrum edirsiniz? Məgər regionların sosial-iqtisadi inkişafına futbolun heç bir aidiyyatı yoxdur? Vallah-billah, 9 milyon xalq üçün 8 komanda ayıbdan da ayıbdır. (Yeri gəlmişkən, İslandiyanın həm əsas, həm də birinci liqasının hər birində 12 klub yarışır).

Bir belə adam bizə lazımdır.

Bundan savayı bizə bir adam da lazımdır. Bir adam da lazımdır, onlara desin ki, bu günlərdə Fransada keçirilən Avropa çempionatında bəzi ölkələrin milli komandaları tarix yazırlar. Məsələn, 300 min əhalisi olan İslandiya İngiltərəni məğlub edərək dörddəbir finala yüksəlməklə inkişafın necə olduğunu əyani şəkildə göstərdi. Mən hələ həmin çempionatın debütantlarını - Uels, Şimali İrlandiya, Albaniyanı demirəm... Bizim milli isə hələ də baş məşqçi saymaqdadır. Özü də nədənsə bu sahədə hələ də əcnəbilərə güvənirik. Di gəl, vəziyyət dəyişmir ki, dəyişmir. Niyə? Ona görə ki, materialımız yoxdur. Bu material harada əldə olunmalıdır? Təbii ki, uşaq futbolunda. Amma hər klubun uşaq komandaları olmasına baxmayaraq, onların soraqları heç özlərinin əsas komandalarından belə gəlmir. Bir belə adam bizə lazımdır. O adam desin ki, a kişilər, əgər birinci diviziondan Premyer Liqaya komanda cəlb olunmursa, daha belə bir yarışın keçirməyin nə mənası var axı? Axı nə vaxta qədər biz gözə kül atacağıq?

Sonra bir adam da bizə lazımdır. Bir adam da lazımdır ki, həmin adamların deyə bilmədiklərini qələmə alsın. Mən həmin adam olmağa çalışdım. Amma bilmirəm, buna nail ola bildim, ya yox? Əgər nail olmadımsa, bir də AFFA-dan yazsam, mənə min lənət.

Oxundu: 1685