cümə, 19 aprel 2024

Yazarlar

QVAMİ MƏHƏBBƏTOĞLU

Bu, yuxumu?

11.07.2016 12:49

Son bir gündə bizim qəzetlər və saytlar Avroliqada iştirak edən komandalarımız haqqında bir para məqalələr yazıblar. Biz də lazım bilirik ki, elə bununla bağlı öz fikrimizi və rəylərimizi müxtəsərcə söyləyək.

Bəli, Allaha şükür ki, axırı futbol komandalarımız bizi sevindirdi. Doğrudan, mən həmişə fubolumuzla bağlı uğursuz xəbərləri eşidəndə xarab olardım. Bu o qədər bədbəxtlik, o qədər zülm və fəsad idi ki, danışmağa söz tapa bilmirdim. Hətta iş o yerə çatmışdı ki, bir azarkeş kimi cürət edib dost-tanışın içinə çıxmağa cəsarət etməzdim. Digər yandan da millətlər içində biabır olmuşduq. Xülasə, indi Allaha min şükürlər olsun ki, bunların hamısı bir günün içində aradan götürüldü.

Vallah, adam fikirləşdikcə şad olur, düşündükcə qəmgin olur, qüssə etdikcə sevinir və sevindikcə az qalır ki, dəli-divanə olsun və bunların hamısı keçəndən sonra adamın ruhu şad olur. Yenə şükürlər olsun Allaha, işlərin axırı xeyir oldu. İndi futbolumuzda o qədər rahatlıqdır, o qədər arxayınlıqdır ki, adam istəyir, indiyədək futbolumuza çəkilən xərclərlə bir daha maraqlanıb başbilənlərimizin adlarını necə gəldi hallandırmasın.

Hə, indi keçək əsas mətləbə. Bəli, 3 təmsilçimiz "Kəpəz", "Qəbələ", "Neftçi" UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki oyunlarından üzüağ çıxdılar. Yəni növbəti mərhələyə keçdilər. Amma mənə elə gəlir ki, "Neftçi" baş məşqçisi Vəli Qasımovla çox da uzağa gedə bilməyəcək. Nədən ki, onda elə bil baş məşqçilik keyfiyyətləri çatmır. Vəliyə baxanda ondan əvvəlki məşqçi, Əsgər Abdullayevi deyirəm, min pay fərasətli idi. Deysən, öz iştahıma özüm soğan doğrayıram axı?

İndi mən burada bir söz demək istəyirəm. Amma təvəqqe edirəm ki, bu yazını oxuyub qurtarmamış heç kəs "bay" deməsin və təəccüb etməsin. Sözün düzü, son illər ilk dəfə idi ki, matçları belə rahat izlədim. Hətta əla istirahət etdim desəm, yanılmaram. Özü də belə bir fikrə gələn yalnız mən deyiləm. Vallah-billah, yüzlərlə adam bu cür düşünür. Mən deyirəm ki, bu xoş xəbərlər hətta Fransada keçirilən Avropa çempionatını belə unutdurdu. Bu isə o deməkdir ki, futbol indiki zəmanədə dərd-sərimizə məlhəm olan bir vasitədir, hətta deyərdim ki, həbdir. Hər kəsin balası özünə gözəl göründüyü kimi hər belə doğma qələbə də ürəkaçan olur. Və dərk elədim ki, sən demə, futbolu yaxşı olan ölkələrin dolanışığında futbol komandalarının da zəhməti varmış. Məhz onlar öz zəhmətləri ilə ölkələrinə, dövlətlərinə dayaq olurlar. Bu mənada bizim əksəriyyətimizin yoxsulluq həddində yaşamasında, pessimist olmağımızda komandalarımızın yaxşı oyun nümayiş etdirməməsi də müəyyən rol oynayır.

Qərəz, bu yerdə məni yuxu tutdu. Yuxuda gördüm ki, işlərimiz lap əla gedir. Yəni haqqında danışdığım komandalarımız növbəti rəqiblərini, yəni "Kəpəz" "Admira"nı (Avstriya), "Qəbələ" MTK-nı (Macarıstan), "Neftçi" "Şkendiya"nı (Makedoniya) sıradan çıxarır. Sevincimdən elə qışqırdım ki, səsimə oyandım. Kaş qışqırmayaydım. Vallah, elə komandalarımızın ilk mərhələni keçmələri gerçək olsa da, nədənsə bu mənə hələ yuxu kimi gəlir.

Qvami Məhəbbətoğlu

Oxundu: 1776