cümə, 26 aprel 2024

Yazarlar

QVAMİ MƏHƏBBƏTOĞLU

Bundan da nigaranam

31.08.2016 00:20

(Mirzə Cəlilin felyetonu əsasında)
Bir neçə şeydən yana nigaranam. Biri budur ki, məsəl üçün, deyək ki, üz tutursan stadionlardan birinə, növbəyə durmadan bir dəqiqədə bilet alıb keçirsən içəriyə. Amma baxıb görürsən ki, peşəkar liqada təmsil olunmuş komandaların oyunu məhəllə komandalarının oyunundan əsla fərqlənmir, elə bu səbəbdən deyinə-deyinə, üstəlik, aldığın bir neçə paçka tumu hirslə çırtlaya-çırtlaya stadionu tərk edirsən. İndi məsəl üçün, tutaq ki, futbolçularımız əla oyun nümayiş etdirdilər, o vədə nəzərinə gətir ki, kassaların qarşısında növbə əlindən tərpənmək olmur və sən də bilet ala bilmirsən. Onda heç bilmirəm, nələr olar. Mən bundan çox nigaranam.
İkinci nigarançılığım budur ki, mən bilən, AFFA kimi bir qurumda bir-iki nəfər futbol mütəxəssisi var ki, onlar da eksponat təsiri bağışlayırlar. Elə xaricdən gəlib-gedənləri də onlar yola salırlar. Yenə deyirəm, mən bilən, bu qurumun uşaq futboluna elə adam rəhbərlik edir ki, o şəxs ilk dəfə topu məhz AFFA-da görüb. Elə bu səbəbdən bizdə uşaq futbolu elə uşaq kimi iməkləyir. Onun nə vaxt yeriyəcəyini isə kimsə bilmir. (İş o yerə çatıb ki, U-21-ə, U-19-a bir babat futbolçu tapılmır. Mənə inanmayan varsa, millimizin baş məşqçisi Robert Prosineçkiyə müraciət edə bilər). İndi məsəl üçün, tutaq ki, bizdə uşaq futbolu inkişaf etdi, arxasızlar da irəli çəkildilər, nəticədə uşaqlar qələbəni qələbəyə caladılar. Onda sevincdən onların ürəkləri partlamazmı? Bundan yana da nigaranam.
Üçüncü nigarançılığım futbol üzrə milli komandamızdandır. Son illər milli komandamıza əcnəbilərin (Torres, Foqts, Prosineçki) rəhbərlik etdiyini hər kəs bilir. Amma di gəl, millimiz hələ də Avropa miqyasında keçirilən yarışlarda qrupdan çıxa bilmir ki, bilmir. Üstəlik, bu sahəyə maya qoyanlar hər məğlubiyyətimizi də irəliyə doğru addım kimi dəyərləndirirlər. Elə bil millimiz sonuncu yerlərə təhkim olunub. İndi məsəl üçün, tutaq ki, həmin əcnəbilərin yerinə komandamızın başına öz yerli məşqçilərimizi gətirdik. Təbii ki, onda onlara əcnəbilərə verilən qədər zəhmət haqqı verilməyəcək. Onda görəsən, AFFA qalan məbləği hara xərcləyəcək? Bax, bundan yana da nigaranam.
Dördüncü nigarançılığım budur ki, son vaxtlar AFFA-da yeni-yeni qurumlar təşkil olunur. Məsələn, elə götürək Məşqçilər Komitəsini… Mən bilən, onların nəyi isə dəyişdirməyə, yekun söz deməyə belə hüquqları yoxdur. Odur ki, onlar da ildən-aydan AFFA-da yığışıb sadəcə öz məşqlərini etməklə kifayətlənirlər. İndi məsəl üçün, tutaq ki, həmin komitədəki məşqçilər burada məşq etmədilər, futbolumuzla bağlı daha dəyərli bir işlə məşğul oldular, onda bəziləri ilin-günün bu çağında başlarına haranın külünü tökəcəklər? Qorxuram, daşa əl atalar. Bax, bundan yana lap nigaranam.
Beşinci nigarançılığım, bəzi peşəkar komandaların öz uğursuqluqlarını “gəncləşdirmə siyasətləri” ilə bağlamalarıdır. Vallah, mən bilən, futbol aləmində heç belə bir anlayış yoxdur. Mənə görə bu, klub rəhbərlərinin özlərini sığortalamaqdan başqa bir şey deyil, bu bir, ikinci də, məgər futbolu qocalar oynayırlar? Vallah, çox gülməlidir, elə deyilmi? Mən bunu bilmirəm, mən bilən odur ki, belə “siyasətlər” olmasa, üzümüzdə təbəssüm azalar. Bundan yana da lap çox nigaranam.
Altıncı nigarançılığım heç bilirsiniz nədəndir? Ondandır ki, mən bilən, bəyənmədiyimiz sovet dönəmində məşqçilər məhəllələri gəzər, küçələrdə futbol oynayan uşaqları izləyər və perspektivliləri irəli çəkərdilər. İndi nə həmin küçələr var, nə də həmin məşqçilər. Mən bilən, heç əvvəlki futbolumuz da yoxdur. Mənə elə gəlir ki, bu son fikrimə görə, “qapı”mı topa tutacaqlar. Amma bundan əsla nigaran deyiləm. Nədən ki, bir vaxtlar məktəbimizin idman şərəfini qoruyan futbol komandasının qapıçısı olmuşam, yəni qapıçılıqda müəyyən təcrübəm var, vurduqları topları tutacağam, yaxud da geri qaytaracağam. Ola bilsin ki, bunu bildiklərindən heç “qapı”mı topa tutmadılar, ya sarı, ya da qırmızı kart göstərdilər. Buna isə əsla şübhəm yoxdur, axı bizim hakimlər yaman sözəbaxandırlar.

Qvami

Oxundu: 1650