cümə, 26 aprel 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

Joze Luiş Mendeş Andrade kimdir?

30.10.2016 12:13

Bu suala qısaca cavab versək, deyə bilərik ki, Kabo-Brede respublikasının dünya futboluna verdiyi töhfə.

Joze Luiş Mendeş Andrade adı bəlkə də çoxları üçün heç nə demir. Bu, Moskvanın “Spartak” komandasının və Kabo-Berde milli komandasının hücumçusu, futbol azarkeşlərinin Ze Luiş kimi tanıdığı futbolçunun bütöv adıdır.

Kabo-Brede Afrikanın qərbində qitənin sahillərində 620 km məsafədə yerləşən Yaşıl Burun adalarında yerləşən dövlətdir. Paytaxtı Praya şəhəridir. Ərazisi 4033 kvadratkilimetr, əhalisi təxminən 530 min nəfərdir. Bu Azərbaycan əhalisinin təxminən 6 faizi qədərdir.

Belə bir ölkə tanıyırsınızmı? Etiraf edim ki, mən dünənə qədər eşitməmişdim. Rusiya çempionatının 12-ci turunda “Spartak”-OMİK matçını izləyərkən Ze Luişin göstərdiyi oyun məni onun haqqında məlumat toplamağa məcbur etdi. Ona görə "Vikipedia"nı vərəqləmək zorunda qaldım. Doğrudur, Ze Luişin oyununu ilk dəfə müşahidə etmirdim. Ötən il də o “Spartak”ın heyətində çıxış edirdi və qollar da vururdu. Amma onun əlverişli vəziyyətləri boçuna xərclədiyini görüb o qədər də diqqət etmirdim. Dünən isə Ze Luiş “Spartak”ın heyətində qarşısıalınmaz idi. 3:1 hesabı ilə başa çatan oyunda dubl edən hücümçu, bir məhsuldar ötürmənin də müəllifi oldu.

Bizdən həm ərazisinə, həm də əhalisinin sayına görə 20 dəfə kiçik olan bir ölkədə dünya miqyaslı futbolçu yetışır, bizdə isə inkişaf edən futboldan dəm vurulur. O sərvət hara, bu sərvət hara?

Lap deyək ki, bizim mütəxəssislər belə futbolçu yetışdırmək iqtidarında deyil. (Amma kimi dindirirsən, ağzına çullu dovşan sığmır, hamı özünü böyük mütəxəssis sayır). Bəs 10 ildir vecsiz legionerlərə ətək-ətək pul xərcləyən komandalar hara baxır? Klub seleksionerləri niyə bu cür ölkələrin futbolu ilə maraqlanmırlar?. Axı belə ölkələrdə futbolçuların qiymətləri də kifayət qədər aşağı olur. Bu cür futbolçuları tapıb bir neçə ildən sonra baha qiymətə satmaqla komandaların büdcəsinə xeyli vəsait cəlb eləmək olar.

Kabo-Brede və Azərbaycan…. Hansı daha çox tanınır? Hansı daha sürətlə inkişaf edir?

Bu saulları AFFA rəhbərlərinə versəniz, yəqin ki, sizə gözünü süzdürər ki, gör kimi kimlə müqayisə edir. Fakt isə faktlığında qalır. Ze Luış Kabo-Brede futbolçusudur. Azərbaycanda bu səviyyədə futbolçu varmı?

Oxundu: 1736