cümə, 26 aprel 2024

Yazarlar

QVAMİ MƏHƏBBƏTOĞLU

Bunların heç biri olmasa...

01.11.2016 14:53

Futbol üzrə millimizin əldə etdiyi uğurlar bu saat dünyaya məlumdur. Odur ki, onlar elə hey bizdən danışmaqdadırlar. Rəvayətin müxtəsəri budur ki, milli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunda adlı-sanlı rəqibi, yəni Çexiya ilə qarşılaşmada 0:0 hesablı bərabərliyə imza atıb. Bununla da qrupdakı ilk iki matçında San Marino və Norveç üzərində minimalhesablı qələbələrə sevinən komandamız uğurlu seriyanı davam etdirə bilib. Yəni düşdüyü ən çətin qrupda keçirdiyi 3 oyundan 7 xal toplamağı bacarıb. Buna isə bizim futbol aləmimizdə fantastika deyirlər.

Mən həmin söhbətlərdən dürlü-dürli sitatlar gətirib meydanınızda top oynatmaq (at oynatmaq mənlik deyil) niyyətində deyiləm. Amma onu söyləmək istəyirəm ki, Almaniya kimi bir ölkənin yığmasının baş məşqçisi Yoahim Löv millimizin baş məşqçisi Robert Prosineçkinin komandasından çəkindiyini belə etiraf edib. Hətta bildirib ki, Bakıdakı görüş qrupun (Almaniya Azərbaycanla eyni qrupda yer alıb) top-oyunu olacaq. Hə, belə qorxuya düşərsən a... Hə, bir də əldə etdiyim son məlumata görə, İrlandiya yığması (Şimali İrlandiya – Azərbaycan qarşılaşması noyabrın 11-də keçiriləcək) millimizi məğlub etmək üçün artıq xeyli vaxtdır ki, baş sındırmaqdadır. Sındırın, cənablar, sındırın. Güman edirəm ki, qrupdakı digər rəqiblər də bizim barəmizdə düşünməkdədirlər. Bir sözlə, son 3 oyunumuzla rəqiblərin kürklərinə birə sala bilmişik. Kürkə də birə düşdü vəssalam-şüttamam. Çünki bu birə həm od, həm lərzə, həm təşvişə düşmək, həm də həyəcan keçirmək anlamındadır.

Allaha min şükürlər olsun ki, ölmədik, bu günü də gördük. Yoxsa millətlər içində biabır olmuşduq. Yəni hər yetən qapımıza qol vurub bizdən xal alır, üstəlik, dalımızca ağzına gələni də danışırdı. Bu da təbii ki, rəqiblərimiz üçün asan yem olmağımızın nəticəsi idi. Xülasə, indi yenə Allaha min şükürlər olsun ki, bunların hamısı uğurların içində itib-batdı. Mən istəyirəm səmimi oxucularıma “mübarək olsun” deyəm. Elə istəyirdim ağzımı açam, birdən qəlbim sıxıldı. Hiss etdim ki, bu, sevincdəndir. Axı indiyədək futbol aləmimizdə belə hal baş verməmişdi. Allahım, sən mənə belə sıxıntıları çox görmə! Çünki onlar mənə alayı ləzzət verir. Odur ki, Xudayi-taala dərgahından istədiyim budur ki, bu uğurların ömrünü uzun eləsin. Və mənim (təkcə mənimmi?) Azərbaycanın dünya çempionatındakı iştirakım ilə bağlı qurduğum xəyallar çilik-çilik olmasın.

O ki qaldı bundan sonra nələr olacaq, nələr baş verəcək və nə eləməliyik, bu barədə Allah qoysa, yavaş-yavaş danışarıq. Heç tələsmək lazım deyil. Nədən ki, Allah-taala səbir eləyənləri dost tutar. Amma iki şeydən yana yaman nigaranam. Qorxuram ki, bizimkilər eyforiyaya qapılsınlar. Bununla da futbol aləmimizdəki sevinclərimizə birdəfəlik xitam versinlər. Digər qorxum hakimlərin ədalətsizliyi ilə bağlıdır. Yəni qorxuram ki, “onlar siz hara, dünya çempionatına vəsiqə qazanmaq hara” devizini əllərində bayraq edərək keçirdiyimiz oyunlarda bizə qarşı qeyri-obyektiv mövqe tutsunlar. Sizi bilmirəm, mən bu iki şeydən yaman qorxuram. İnanıram ki, bunların heç biri olmasa, dünya çempionatında da yerimiz olacaq.

Oxundu: 1527