şənbə, 27 aprel 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

"Baksell arena"nın  dərdləri

07.11.2016 16:50

Yəqin ki, sərlövhəni oxuyan hər kəs ilk növbədə "Baksell arena"nın qazonunun vəziyyətini göz önünə gətirəcək. Cəmi 3-4 yaşı olan meydançanın qazonun "xəstəliyini" sağaltmağa qadir olan bir "həkimin" tapılması müşkülə düşüb. Qazonun düzələcəyinə olan ümidlərimiz getdikcə sönür. Başa düşürük ki, qazonu yaxşı vəziyyətə saxlamaq asan iş deyil. Amma mümkündür. Təəssüf ki, buna əncam cəkməli adamların tükü də tərpənmir.

Amma qazon "Baksel arena"nin yegaənə dərdi deyil. Avroliqa oyunlarının keçirildiyi bu stadionun media üçün ayrılmış sektoru da bərbad vəziyyətdədir. Stadionun tribunalarının üstü bağlı olsa da yağış yağan vaxtlarda burada jurnalistlərin işləmsi qeyri-mümkün olur. Belə ki, yağan yağışın hamısı kreslo və masanın üzərində olur. Yağmursuz havada isə həmin kreslolarda oturmaq üçün gərək özünlə ya döşəkcə, ya da ən pis halda qəzet gətirəsən. Yoxsa, çirkin üstündə oturmalı olacaqsan. Görəsən özünü "ulduzlar arenası" adlandıran bu stadionun xadimələri varmı?

Açılib-bağlanan masaların da təmirə ehtiyacı var. Masanın taxtaları bəzən adamın əlində qalır. Bu çatışmazlığın niyə sağalmaz yaraya dönməsini izah eləməkd çox çətinlik çəkirəm. Çünki Azərbaycanda ən çox yayılan sənətlədən biri də dülgərlikdir ki, "Baksel arena"nın da məhz bu sənətkarlarıehtiyacı var.

"Ulduzlar arenasında" internetə qoşulmaq da müşkül məslədir. Daha döğrusu, internetin sürəti tısbağa sürətindən o qədədr də fərqlənmir. Jurnalistlərin bu arenada digər provayderlərin xidmətinə müraciət etməsi "sürət" deyib bar-bar bağıran "Baksel"i zərrə qədər də narahat etmir.

Burada kiçik bir haşiyə çıxmaq istəyirəm. "Neftçi" - "İnter" oyunun fasıləsində "SBSsport"un iki şərhçisi ilə - Gündüz Abbaszadə və Rüstəm Əfsərli ilə qarşılaşdım. Möhkəm geyinmişdilər, amma ikisinin də burnu gömgöy idi. Salamlaşdıq. Dodaqları da çətinliklə söz tuturdu. Soruşdum ki, nə olub, niyə bu gündəsiniz? Bildirdilər ki, bu oyunu "SBSsport"da şərh eləmək onların boynuna düşüb.

Əvvəl bir şey anlamadım. Bəyəm oyunu şərh eləyənlərin öncə döyüb burunlarını göyərdirlər? Elə bu sualı onlara da verdim. Cavab vermək istəmədilər. Dedilər ki, bir-iki pilləkən yuxarı çıxa bilərsən? Elə bildim ki,fasilə olduğundan mənim kimi yaşlı həmkarlarını şərhçi kabinəsində çay içməyə dəvət edirlər. Hava soyuq idi. Bir stəkan çay pis olmazdı. Odur ki, yuxarı qalxdım. Hər tərəfi açıq olan sahədə teleaparaturaları görəndə barmağımı dişlədim. Külək vıyıldayırdı. Yaxşı ki, yağış yox idi.

Bu "şərhçi kabinəsindən" 90 dəqiqə ayaq üstə dayanıb oyun şərh eləmək hər kişinin işi deyil. Bura sözün bitdiyi yer idi. Söz tapa bilmədim. "Allah köməyiniz olsun" deyib öz yerimə qayıtdım.

Yuxarıda da qeyd etdim ki, bu stadionda Avriliqa oyunları da keçirilir. Gündüzü də, Rüstəmi də yola vermək olar, soyuqdan onların burnu göyərsə də zərər yoxdu, özümüzünkülərdi. Birdən hansısa Avropa televiziyası bu arenada keçirilən Avroliqa oyununa öz şərhçilərini göndərsə, biz onları harada oturdacağıq?

Bu, hələ "ulduzlar arenasıdır", görəsən, ulduzlar arenası olmasaydı, bu stadionun dərdlərinin sayı ulduzlar qədər olmazdı ki?

Oxundu: 1730