cümə, 19 aprel 2024

Yazarlar

QVAMİ MƏHƏBBƏTOĞLU

"Neftçi"nin qələbəyə deyil, qələbənin "Neftçi"yə ehtiyacı var...

28.11.2016 12:37

O gün bir məclisdə idim. Söhbət fırlanıb gəlib dirəndi imkansızlığa, daha doğrusu, pulsuzluğa. Hərə bir söz dedi. Lakin bir nəfər, daha doğrusu, mənim dostum İbrahim müəllim nədənsə bu məsələyə heç bir münasibət bildirmədi. Bayaqdan bəri digər məsələrlə bağlı bülbül kimi ötən İbrahim müəllimin bu susqunluğu məclis əhlinin gözündən yayınmadı. Odur ki, bir nəfər üzünü ona tutub fikrini soruşanda İbrahim müəllim belə dedi:

- Qardaş, mənim pula ehtiyacım yoxdur. Pulun mənə ehtiyacı var... Lazım bilsə, özü gəlib məni tapacaq.

Dünən "Kəpəz" - "Neftçi" matçını izləyərkən birdən bu söhbət yadıma düşdü (Bildiyiniz kimi, həmin oyunda "Neftçi" uduzub, bununla da "ağ-qaralar" hazırkı çempionatdakı məğlubiyyətlərinin sayını 10-a çatdırıb). Yəqin deyəcəkəsiniz, heç hənanın yeridir, bu söhbətin mətləbə nə dəxli var axı?... Həna dedim, qoy elə hənadan başlayım. Bu yerdə rəhmətlik Məşədi İbadı xatırlamamaq yaxşı olmazdı. O, Sənəm və Gülnazla söhbətə elə hənadan başlamış və az sonra nahaq yerə hənadan söhbət saldığını və heç hənanın yeri olmadığını söyləmişdi. Amma mən Məşədidən fərqli olaraq, bu fikirdə deyiləm və israrla deyirəm ki, elə hənadan - "Neftçi"nin uduzmağından söhbət salmağın yeridir.

Bəli, "Neftçi" artıq uduzmağa adətkərdə olub. Uduzmayanda ona elə gəlir ki, Məşədinin rəhmətlik anası kimi onun da başı ağrıyacaq. Odur ki, hənanı, bağışlayın, məğlubiyyətləri sıralamaqdadır. Bu girişdən sonra keçək mətləbə... Hə, onu deyirdim axı. Bəs İbrahim müəllimin söhbəti yadıma düşdü. Elə həmin oyundan dərhal sonra futbola aid bir neçə kitab oxumuş, elə bu səbəbdən futbol elmini "dərindən" əxz etmiş bir şəxs kimi başladım "Neftçi"nin oyunlarını, daha doğrusu, məğlubiyyətlərini analiz etməyə... Bu komanda niyə hər yetən komandaya uduzur axı? Olmaya onun maddi durumu yaxşı deyil? Xeyr, onun maddi durumu lap yaxşıdır. Hətta büdcəsinə görə Azərbaycan Premyer Liqasında ilk üçlükdədir. Yəni pul dərdi çəkmir. Bəlkə onun şurası yoxdur? Var, özü də ölkəmizin məşhurlarından ibarətdir... Bəlkə, baş məşqçisi yaxşı deyil? Vallah-billah, son vaxtlar bu komanda o qədər baş məşqçi ilə yollarını ayırıb ki... Mən o kişilərin adlarını sayıb onları reklam etmək istəmirəm. Yəni məsələ heç də baş məşqçidə deyil. Nakones, bəs bu peşəkar komanda niyə uduzur? Niyə axı uduzmağı özünə peşə edib? Bu saat ərz eyləyim. Görünür, "Neftçi"nin qələbəyə deyil, qələbənin "Neftçi"yə ehtiyacı var... O qələbənin də bu komandanı nə vaxt gəlib tapacağı hələ məlum deyil (Kim bilir bəlkə də heç gəlib tapmayacaq). Kim bilir bəlkə də qələbə kimdənsə əmr gözləyir. İndi bildinizmi mən niyə İbrahim müəllimin sözlərini yada saldım?

Oxundu: 1358