çərşənbə axşamı, 23 aprel 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

Penalti, qırmızı kart, 98 dəqiqəlik oyun  və ...

30.11.2016 15:39

"Qarabağ"-"Qəbələ" oyunu təkcə maraqlı mübarizə ilə deyil, həm də qalmaqallarla yadda qaldı. Təbii ki, son nəticədən narazı qalan "Qəbələ" olmalıdır. Çünki, nəticədə bu komanda xalsız qalaraq liderliyi rəqibinə təslim etdi.

Penalti var idimi? Oyunun vaxtıni bu qədər artırmaq doğru idimi? "Qəbələ"nin bu oyundan xalsız ayrılması təbii idimi? Və nəhayət, Rəhim Həsənov bu oyunda tapşırıq yerinə yetirirdimi?

Oyun başa çatandan sonra bu və buna bənzər sualların sayı çoxaldı. Halbuki bu oyun 85 dəqiqə davam etsəydi heç bir suala ehtiyac qalmayacaqdı. Bütün suallar oyunun 85-ci dəqiqəsindən sonraya aiddir. Hər halda futbol ictimaiyyətini maraqlandıran suallar yaranıb və onları cavablandırmaq lazımdır. Bu cavabların isə ən qaneedicisi təbii ki, AFFA və PFL-dən gəlməlidir. Düşünürəm ki, yaxın vaxtlarda bu cavablar gələcək. Amma qaneedici olacaqmı? Bunu demək çətindir.

Futbol rəsmilərinin hansı açıqlama verəcəyi maraqlı olsa da, oxucular və azarkeşlər üçün jurnalistlərin mövqeyi də maraq kəsb etdiyindən mən də öz mövqeyimi bildirmək qərarına gəldim.

Verəcəyim cavablar sırf mənim subyektiv fikrim olduğu üçün hamını razı salmayacağını başa düşürəm. Bununla belə, fikirlərimi yazmağı lazım bilirəm.

Əvvəlcə penalti barədə... Hətta videogörüntülərdə belə əlin topa toxunduğuna əmin olmaq olmur. Amma futbolçunun sol əlinin qeyri-təbii yuxarı qalxdığı görünür. Elə təsəvvür yaranır ki, top futbolçunun üzünə dəydikdən sonra sıçrayaraq qeyri-təbii halda yuxarı qalxmış ələ toxunur. Amma bunu əllə oyun saymaq doğru deyil. Bu, əgər varsa, topun ələ toxunmasıdır. Qaydalara görə, topun ələ toxunması qayda pozuntusu sayılmır. Əgər top öncə qeyri-təbii vəziyyətə yuxarı qaldırılmış ələ, sonra sifətə dəysəydi, bunu qayda pozuntusu saymaq olardı. Görünür, Rəhim Həsənovu qeyri-təbii halda yuxarı qalxmış əl yanıltdı. Təbii ki, FİFA referisi üçün bu, ciddi nöqsandır.

Oyunun əsas vaxtına əlavə edilən dəqiqələr barədə... Oyunun vaxtının başa çatması sırf hakimin səlahiyyətində olan faktordur. Buna görə hakimi cəzalandırmaq olmaz. Bu səbəbdən hakimin oyunun əsas vaxtına 8-9 dəqiqə əlavə etməsini nöqsan və ya qayda pozuntusu hesab etmirəm.

"Qəbələ"nin oyundan xalsız ayrılması bir qədər üzücü oldu. Çünki, bütün 90 dəqiqə ərzində (bunu 85 dəqiqə kimi də ifadə etmək olar) amansız mübarizənin şahidi olduq. Hiss olunurdu ki, "Qarabağ" qələbə, "Qəbələ" isə uduzmamaq və imkan düşərsə qələbə qazanmaq üçün oynayırdı. Heç-heçə oyunun məzmununa daha uyğun bir nəticə olardı. Amma futbolda hər cür gözlənililməzlik olur. Azlıqda qalan "Qarabağ"ın son dəqiqədə vurduğu qola neytiral gözlə baxsaq, onu futbolun bəzəyi saymaq olar.

Rəhim Həsənovun tapşırıqla "Qarabağ"a qələbə qazandırmaq istədiyinə inanmıram. Əks halda, Almeydaya qırmızı kart göstərib "Qarabağ"ı çətin vəziyyətə salmazdı . Oyunun vaxtının da çox uzadılması azlıqda qalan komandanın - "Qarabağ"ın xeyrinə deyildi. Qələbə qolunun məhz bu dəqiqələrdə vurulmasını vaxtın artırılmasına bağlamaq mənə məntiqsiz görünür.

Zənnimcə, bu oyunda hakim səhvi olsa da, nəticə ciddi ajiotaj yaratmamalıdır. Çünki, komandalar bilməlidirlər ki, hakim də səhv edə bilər və oyuna hazırlaşarkən bunu nəzərə almalıdırlar.

Fikirlərimi oyunun ilk 85 dəqiqəsinə və sonrakı dəqiqələrə ayrılıqda baxmaqla formalaşdırdım. Mənimlə razılaşmayanların fikrinə hörmətlə yanaşmaq isə etikanın vazkeçilməz tələbidir və buna sadiq qalıram.

Oxundu: 1812