cümə axşamı, 18 aprel 2024

Yazarlar

QVAMİ MƏHƏBBƏTOĞLU

 Onda dəvənin quyruğunun yerə dəyməyini gözləyin

19.12.2016 12:55

Bəlİ, "Neftçi" yenə uduzdu. Özü də AZAl-a. O AZAL-a ki, Topaz Premyer Liqasının cari mövsümdə hələ qələbə dadmamışdı (Bu mövsümdə qələbə nə olduğunu bilmirdi. Bu, "təyyarəçilər"in bu mövsüm əldə etdikləri ilk 3 xal oldu ki, onu da "Neftçi"dən qopardı). O AZAL-a ki, onun büdcəsi "Neftçi"nin 2-3 oyunçunun maaşı qədərdir. (Bəli, indi "Neftçi" 14 oyundan 9 xal toplamaqla, turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb). Komandanın rəsmilərinin bu məğlubiyyətə nə don geyindirəcəklərini bilmirəm, amma bildiyim budur ki, yenə öz azarkeşlərindən üzr istəməklə kifayətlənəcəklər. Amma yox... Mənə elə gəlir ki, onların üzrxahlıq limiti də tükənib. Digər tərəfdən, yenə onlar heç bunu da etməyə özlərindən cəsarət tapmayacaqlar. Nədən ki, artıq üzrxahlıq etməyə artıq üz də qalmayıb. Ola bilsin ki, bu dəfə də Müşahidə Şurasından kimsə Bəhram Bağırzadə kimi istefa verməklə azarkeşlərin ürəyinə su çiləməyə çalışsın. Amma mənə elə gəlir ki, belə bir addımı atmağa da kimsə cəsarət etməyəcək.

Bəli, futbol aləmimizdə "ağ-qaralar" bu kimi nailiyyətlərinə görə, yenə da ağ yuyub qara sərilməkdədir. Artıq "Neftçi yenə uduzdu" ifadəsinə başqa dürlü-dürlü deyimlər də qoşulmaqdadır. Camaat dədə-baba məsəllərinə əl gəzdirməklə onları "Neftçi"yə uyğunlaşdırmağa çalışır. Hətta iş o yerə çatıb ki, "Neftçi" nə vaxt udacaq?" sualına indi: "Dəvənin quyruğu yerə dəyəndə" cavabını verirlər.

Mən biləni, dəvənin quyruğu heç arxası üstə yıxılanda da dəymir. Bəs nə etməli? Neçə aydır ki, məhz bu qlobal məsələ üzərində baş sındırıram. Deyəsən, cavab tapmışam axı... Cavab dedikdə, sizə - "Neftçi"nin azarkeşlərinə belə bir müraciət etmək istəyirəm: "Çox hörmətli, "Neftçi"sevərlər! Sözün düzü, nə vaxtdır ki, sizi sevimli komandanızın məğlubiyyət əziyyətindən xilas etmək məqsədilə bir məsləhət vermək istəyirəm. Amma nədənsə çəkinirəm. Çünki xətrinizə dəyə biləcəyimdən ehtiyat edirəm. İşdi-şayət, əgər məsləhətim xətrinizə dəysə, bəri başdan elə zənn edin ki, sizə heç nə deməmişəm. Amma bir iş də var ki, onu sizə deməsəm ürəyim partlayar. İnandırım sizi, heç bilirsinimi nə qədər həyəcanlıyam. Vallah, elə bu həyəcandandır ki, bu sətirləri yazarkən klaviaturanın üstündə əllərim əsir, barmaqlarım sözümə baxmırdı. Bir tərəfdən də fikirləşirdim ki, bu, elə bir müraciətdir ki, deməsəm, özümə xəyanətkar damğası vura bilərəm. Nə isə... Özümü toparlayıb müraciətimin "mustafasını" diqqətinizə çatdırıram. Deyirəm, gəlin, elə bir iş görək ki, hamı bizə "afərin" desin. Nə iş? Bir fond təşkil edək, hər kəs də qulpundan çıxanı versin həmin fonda... Hə, yəqin maraq edirsiniz ki, yığılan vəsait nə üçün lazımdır, eləmi? Balam, demirikmi ki a..."Neftçi" dəvənin quyruğu yerə dəyəndə qələbə qazanacaq, gəlin bir dünya şöhrətli alim tapaq və həmin yığdığımız vəsaiti ona verib deyək ki, aman günüdür, bizi yerdən götür, al bu vəsaiti qıza zaman kəsiyində elə bir şey icad et ki, onunla dəvənin quyruğunu uzatmaq mümkün olsun... Hə, nə deyirsiniz? Mənə gülürsünüz? Gülün... Təklifimi bəyənmirsiniz? Bəyənməyin, o siz, o da "Neftçi"... Gözləyin dəvənin quyruğunun yerə dəyməyini.

Oxundu: 1441