cümə axşamı, 25 aprel 2024

Yazarlar

QVAMİ MƏHƏBBƏTOĞLU

"Kəpəz"in "baş daşları"

30.01.2017 16:35

Topaz Premyer Liqasının qış fasiləsindən sonra qarlı havada ilk oyununu keçirən "Kəpəz" "İnter"ə 1:4 hesabı ilə məğlub oldu. Artıq bu barədə çox yazılb, odur ki matçın xırda detallarına baş qoşmadan və komandanın baş məşqçisi Şahin Diniyevə "qolsağlığı" vermədən keçirəm birbaşa "hücum"a...

Sizi bilmirəm, mən həmin matçı izləyərkən "Kəpəz"i tanımaqda çətinlik çəkirdim. Amma ətrafımdakılar deyəndə ki, bəs səni qara basır, bu, elə bir zamanlar vəsf etdiyin həmin "Kəpəz"dir, səni çaşdıran başqa şeylərdir. Üstəlik, onlardan biri o "başqa nəsnələri" mənə anlatmaq məqsədi ilə bir əhvalat da danışdı. Yenə sağ olsun!!! Onu sizə də nəql etmək istəyirəm. Deməli, belə. Günlərin bir günü Xan Şuşinski ilə xanəndə İldırım Həsənov Bakıya getmək istəyirlər. İldırım arvadı Şərqiyyəni də özü ilə bərabər şəhərə aparmağı qərara aldığı üçün ona tapşırır ki, şəhər qaydasında geyinib-kecinsin. O, evə arvadını gətirməyə gedəndə Xan kənarda dayanıb gözləməli olur. Ər-arvad evdən çıxıb ona yaxınlaşanda Xan Şuşinski gözlərinə inanmayıb xəbər alır:

- Ə, İldırım, yanındakı kimdir?

- Şərqiyyədir də, - deyə İldırım cavab verir.

Xan Şərqiyyənin görkəminə, bəzək-düzəyinə işarə edib deyir:

- Atama lənət, əgər mən belə Şərqiyyə görmüşəmsə!

İndi o rəhmətliyin sözü olmasın, atama lənət, əgər mən belə "Kəpəz" görmüşəmsə. İlk dəfə idi ki, belə "Kəpəz" görürdüm.

... Mənə elə gəlir ki, "Kəpəz"in belə dəyişməyinin əsas günahkarını orada-burada axtarmağa əsla ehtiyac yoxdur. Nədən ki, onun günahkarı "Kəpəz"i necə gəldi oyuna çıxaran, ona yerli-yersiz "bəzək" verən, bir ayağı Gəncədə, bir ayağı Bakıda olan elə komandanın baş məşqçisi Şahin Diniyevdir. Belə məlum olur ki, sən demə, Şahin müəllim bu qış fasiləsində komandasını sadəcə buz heykələ çevirməklə məşğul olub. Elə bu səbəbdən komandanın oyunçuları matçda donmuş futbolçular təsirini bağışlayırdılar. Onlarda nə fikir, nə də yetərincə hərəkət var idi. Bu isə Şahin müəllimin qış fasiləsindən faydalana bilməməsinin, komandanı taleyin ümidinə buraxmasının açı nəticəsi idi. Deyirəm nə yaxşı ki, Bakıda keçirilən oyunda Gəncə azarkeşləri çox deyildi. Yoxsa elə oradaca Şahin müəllimi qartopuna tutar və istefa ərizəsi yazdırardılar...

Amma öz aramızdır: qarlı hava, "donmuş" futbolçular, biabırçı məğlubiyyət, baş məşqçinin "təlatümü"... Gözəl bir mənzərə idi. Nə yazıq ki, bu gün Səttar Bəhlulzadəmiz yoxdur. O sağ olsaydı, yəqin ki, heç düşünmədən vaxtilə ərsəyə gətirdiyi "Kəpəzin göz yaşları" tablosuna "Şahin Diniyevin - "Kəpəz"in baş daşları" əsərini də əlavə edərdi.

Ola bilsin, kimsə bu məntiqimə görə məni qınasın. Amma onlara Şahin müəllimin bir sözünü xatırlatmaq istərdim. O deyib ki, belə oyuna görə bizi qınamağa hətta süpürgəçinin də haqqı var. Yəni biz süpürgəçi qədər də deyilik?

Oxundu: 1473