şənbə, 20 aprel 2024

Yazarlar

QVAMİ MƏHƏBBƏTOĞLU

Prosineçki də bizim xasiyyətimizi götürüb

06.03.2017 14:02

Bəli, bu günlərdə milli komandamızın milli olmayan baş məşqçisi, başına döndüyüm Robert Prosineçki Qətərlə martın 9-da Dohada keçiriləcək yoxlama oyunu üçün millinin əsas heyətini açıqladı. Elə o anda da futbol aləmi biri-birinə dəydi. Buna səbəb isə Prosineçkinin "Qarabağ"ın oyunçusu Şahruddin Məhəmmədəliyevi və Arif Daşdəmirovu (onlar milliləşdirilmiş oyunçulardır) milliyə dəvəti oldu. Dedilər ki, ay Prosineçki müəllim, Arif Daşdəmirov axı formada deyil. Son 3 ayda onu yaşıl meydançalarda görən olmayıb... Qurban Qurbanov onu oturdub fəxri ehtiyat oyunçular skamyasında. Halbuki "İnter"i tək ardınca aparan, özünün yaxşı mövsümünü keçirən Nizami Hacıyev daha yaxşı formadadır. Amma sən ona heç gözünün ucu ilə baxmaq istəmirsən. Elə bu kimi sözləri bu il cəmi bir dəfə meydan üzü görmüş qapıçı Şahruddin Məhəmmədəliyev barədə də demək olar. Bəs Robert Prosineçki niyə belə edir?

Bəli, indi hamını bu sual narahat edir. Doğrudan da görəsən, Daşdəmirovun və Məhəmmədəliyevin harası və nəyi Prosineçkiyə xoş gəlibdir ki, onları milliyə dəvət edib? Həmişə meydanda olmalarımı? Xeyr, bayaq ərz elədim ki, onlar meydanda olmurlar. Yaxşı oyunlarına görəmi? Xeyr, məncə, Arif Daşdəmirov Nizami Hacıyevdən, Şahruddin Aqildən, yaxud Fərhaddan zəif oyunçudur. Bununla bağlı fikirlərimi ərz edərək deyirəm ki, həzərat, hələ neçə əsr bundan əvvəl böyük Nəsimi söyləyib ki, "Bir kimsə Nəsimi sözünü kəşf edə bilməz", sonra da əlavə edib: "Bu quş dilidir, bunu Süleyman bilir ancaq". Amma mənə elə gəlir ki, bizim Prosineçki Nəsimidən də qəliz adamdır. Onun fəlsəfəsini heç Süleyman da başa düşməz. Mənim bu fikrimlə "saqlasitsiya" olmaq üçün gedib hansısa ölkənin futbol tarixini arayıb araşdırmaq lazım deyil. Ancaq "dovolno çto", bizim millinin dəvət göndərdiyi bayaq adlarını sadaladığım oyunçulara baxmaq kifayətdir. Bu sözlər ilə mən millimizin baş məşqçisini "askarbit" eləmək istəmirəm. Heç belə bir xəyalə də düşməmişəm. Bəli, bu gün Prosineçki bir zamanlar "formada olmayan, heyətlərdə çıxış etməyən futbolçulara millidə yer yoxdur" dediyi sözünün üstündə durmaqda çətinlik çəkir. Bəs "nakones" onların nəyi Robert müəllimə xoş gəlib? Mən gördüyünüz kimi, bu məsələdə çox baş sındırdım... Amma bir qərara gələ bilmədim. Aha, deyəsən tapdım... Niyə onları dəvət edib? Bu saat ərz eləyim. Həzərat, sizə bir sual verım. Prosineçki neçə ildir aramızdadır? Ay ölənlərinizə rəhmət, iki ildən çoxdur. Deməli, o bu müddətdə nə edib? Təbii ki, müsəlmanlaşıb, yəni bizim xasiyyətimizi götürüb. Mənim "mneniyama" görə elə bu səbəbdən də o kişi indi onları milliyə dəvət edib...

Oxundu: 1312