şənbə, 27 aprel 2024

Yazarlar

QVAMİ MƏHƏBBƏTOĞLU

Qazancımız "Maşallah" oldu

27.03.2017 11:32

Dünən DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Almaniya matçında almanlar 3 xalı 4 qolla qazandılar. Biz isə bu oyunda bir qolu birtəhər vura bildik.

... Matçdan sonra bizimkilər məğlubiyyəti özlərinəməxsus, həm də adətlərinə uyğun başladılar izah etməyə... Məsələn, Qara Qarayev dedi ki, bəs rəqibə zaman-zaman həyəcanlı anlar yaşatdıq. Cavid Hüseynov dedi ki, əlimizdən gələni etdik ki yaxşı nəticə qazanaq, amma belə alındı. Rəşad Sadıqov bildirdi ki, bəs uşaqlar rəqibdən qoxmadılar, çəkinmədilər. Komandanın baş məşqçisi Robert müəllim Prosineçki isə oyunla bağlı sual verən jurnalistləri özü suala tutdu: "Kimə qarşı oynadığımız bilirsiniz?" (Almaniya sonuncu dünya çempionudur). Xülasə, bu uğursuzluğa futbolçularımız və mütəxəssislərimiz eyni cür don geyindirməyə çalışdılar. Daha bu donun qısamı, uzunmu, günün tələblərinə cavab verib-vermədiyini, yaxud əynimizə yaxşı oturub-oturmadığını deyə bilmərəm. Çünki bu sahə üzrə qandığım, əgər belə demək mümkünsə, "qrafa" yoxdur. Mənə sadəcə "çox mübarək" demək qalır ki, onu da bu yazı ilə demək istəyirəm.

...Nədənsə kimsə bizim həmin matçdan qazandıqlarımızı dilə gətirmək istəmədi. Mənə elə gəlir ki, bu oyunda qazancımız da oldu. Təbii ki, xal yox, reytinq yox... Bəs nə? İndi nəql edirəm. A kişilər, heç bilirsiniz, bizimkilər Almaniya millisi üzərində qələbə qazansaydılar, yaxud heç-heçə etsəydilər nələr olardı? Təbii ki, yüzlərlə insan sevincdən müxtəlif xəstəliklərə düçar olardı, onlarla insan sevinc göz yaşları içində boğulardı. Bu bizə lazımdırmı? Deyirəm, nə yaxşı ki, möcüzə baş vermədi, fanatlarımıza heç bir xətər-filan toxunmadı. Məgər bu qazanc deyilmi? Yaxud oyundan əvvəl əksəriyyət deyirdi ki, bəs almanlar qapımıza 6 dənə vuracaqlar, 7 dənə vuracaqlar. Bu da baş vermədi, yəni almanlar vur-tut 4 qol vura bildilər. Məgər bu qazanc deyilmi? Niyə gülürsünüz? Yoxsa düz demirəm?

Ən əsası isə... Hə, bu barədə bir qədər geniş danışmaq lazımdır. Oyundan sonra keçirilən mətbuat konfransında Almaniya yığmasının baş məşqçisi Yoahim Löv heç bilirsinizmi nə dedi? Hardan biləsiniz? O kişi dedi ki, amma futbolunuzun inkişafda olduğu hiss olunur: "Güclü rəqiblərə qarşı topla oynamağı bacarır. Azərbaycan futbolu böyük irəliləyişdədir və bu komanda ilə fəxr edə bilərsiz". Löv müəllim bununla kifayətlənmədi. Daha sonra ünvanımıza bir "Maşallah" da dedi. Özü də azərbaycan dilində. O istəsəydi, "Malades" də deyə bilərdi, amma demədi, sadəcə "Maşallah" söylədi. İstəsəydi, alman dilindəki bu sözün qarşılığını deyə bilərdi, amma demədi. İndi sizdən soruşuram: indiyədək dünyanın hansı milli komandasının baş məşqçisi bizə "Maşallah" demişdi? Mənim fikrimcə, bir kimsə... Bax, Azərbaycan - Almaniya matçında bizim ən böyük qazancımız elə bu "Maşallah" oldu. (Şəxsən mənim üçün bu "Maşallah" 3, yaxud bir xaldan yüksəkdir).Buna da min şükür! Bu qazancı yerə vurmaq isə məncə, naşükürlük olar.

Oxundu: 1412