cümə axşamı, 25 aprel 2024

Yazarlar

QVAMİ MƏHƏBBƏTOĞLU

Ağ dəvənin peşəsi, yaxud "Neftçi"nin veteranının əndişəsi

31.03.2017 16:20

Yığışdılar ki, "Neftçi"nin 80 illiyini qeyd etsinlər. Hətta xaricdən gələnlər də vardı bu yubileyə... Nikolay Boqdanov, Nikolay Smolnikov, İqor Ponomaryov, Rafiq Əlizadə, Vyaçeslav Lyoqki, Vitali Şevçenko, Rafiq Quliyev, Tofiq Abbasov və Yuri Romenskini deyirəm. Bəli, bu yubileyə qatılmış digər insanlar kimi onlar da yedilər, içdilər, öz xatirələrini həm Azərbaycan, həm də rus dillərində bölüşdülər. Üstəlik, martın 30-dakı Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Neftçi"yə ("Neftçi" - "Qarabağ" matçı nəzərdə tutulur)uğurlar dilədilər. Bu mənada işlər öz qaydasınca gedirdi. Lakin....

"Sən saydığını say, gör fələk nə sayır" misalı əbəs yerə deyilməyib ki... Bəli, məhz "Qarabağ" "Neftçi" üçün bir fələk rolunu oynadı və həmin oyunda 2:0 hesabı ilə qalib gəlməklə həm "Neftçi"nin, həm də tədbir iştirakçılarının ovqatına, sözün həqiqi mənasında, soğan doğradı. Yəni "ağ-qaralar" matçı bayram əhvalında başa vura bilmədilər. "Qarabağ" həmin matçla iki dəfə baş işlətməklə (hər iki qol baş zərbəsi ilə vuruldu) onların şənliyinə qırmızı lent deyil, qara bağladı. Bununla da onların bayramı "qarabayrama" çevrildi. Bu "Qarabağ"da da heç insaf yox imiş... Gərək onlar heç olmasa yubiley naminə, qonaqların xatirinə "flaqman"ı sevindirəydilər. Allah onlara insaf versin! Heç belə gündə də ovqat təlx edərlər?

Nə isə... Bu uğursuluqdan "Neftçi"nin xaricdən gəlmiş qonaqları lap çox sarsıldılar. Onlardan birinə ürək-dirək verməyə çalışdım. Amma onu şirin-şəkər sözlərimlə ovuda bilmədim ki, bilmədim... Kişi vaxtilə çıxış etdiyi "Neftçi"nin uduzmağını heç cür həzm edə bilmirdi ki, bilmirdi. Mən də onu bu vəziyyətdə qoymaq istəmirdim. Elə həmin veteranı ovundurmaqda ikən birdən bir əhvalat yadıma düşdü, onu həmin veterana yarı rus, yarı azərbaycan dilində nəql etməyə başladım. Dedim ki, ay veteran, bilmirəm, bilirsiniz, ya yox... Qarabağ tərəflərdə Abbasqulu adlı bir tarzən olub. Özü də bu kişi Cabbar, Seyid, Xan, Zülfi kimi məşhur ifaçılarla oturub-durub. Günlərin bir günü məclislərin birində Əliyusif adlı bir xanəndə təsnifə keçid edəndə qədim bir mahnının beytinə müraciət edir:

Ağ dəvə düzdə qaldı,

Yükü Təbrizdə qaldı.

...Abbasqulu ağa onun təsnifini yarımçıq qoyub zarafatla deyir:

- Rəhmətlik oğlu, nə başlamısan "Ağ dəvə düzdə qaldı" deyib oxumağa, elə ağ dəvənin peşəsi düzdə, səhrada qalmaqdır da, yorğan-döşəkdə qalmayacaq ki...

İndi, ay veteran, rəhmətlik Abbasqulu kişinin sözü olmasın: "Neftçi"nin də peşəsi elə uduzmaqdır da... Onun udan günü var ki... Buna görə əhvalını korlamağa dəyməz ki... Bu hekayətimdən sonra həmin veteranın bir qədər sakitləşdiyini gördüm. Üstəlik, yuxudan ayılan adam kimi: “Doğrudan a..." ,- dedi. Və mən dərindən nəfəs aldım.

Oxundu: 1579