cümə, 29 mart 2024

Yazarlar

QVAMİ MƏHƏBBƏTOĞLU

"Neftçi" və "dütdülü"

16.04.2017 13:34

Baho, böyük iş olub... Nə var, nə var Azərbaycan Premyer Liqasının 26-ci turunda "Neftçi" turnir cədvəlindəki qonşusu, autsayder AZAL-ı məğlub edib. Bəzi həmkarlarımın dilə ilə desəm, onu darmadağın edib. Sevincindən yerə-göyə sığmayan komandanın baş məşqçisi də ərz edib ki, bəs "Neftçi" bu qələbələri çoxdan qazanmalıydı. Üstəlik, komandasını bu münasibətlə təbrik də edib. Onun bu sözlərini eşidəndə Anarın "Evləri köndələn yar" tamaşasındakı Şakir Şəkəroviç yadıma düşdü. Əgər xatırlayırsınızsa, həmin tamaşada Surxayzadə keçmiş nazirin keçmiş müavini Şakir Şəkəroviçi nərd oyununda "dütdülü" atması münasibəti ilə təbrik edir. Gözləri dolan Şakir Şəkəroviç də ötən günləri xatırlayaraq doluxsunur və deyir ki, "dünyanın işinə bax, gör məni nəynən təbrik edirlər. "Dütdülü"ynən!" Bəli, "Neftçi"nin AZAL üzərindəki qələbəsi və səsləndirilən təbriklər məhz bu epizodla çox gözəl səsləşir. Halbuki bir zamanlar Şakir Şəkəroviç kimi "Neftçi"ni də alovlu çıxışlar, fundamental qələbələrlə,əzəmətli oyunlarla təbrik edərdilər. Bilmirəm, siz bu müqayisəyə güldünüz, yoxsa doluxsandınız?

Sözün düzü, mən heç bilmirəm, 26 oyunda cəmi 9 qələbə əldə etmiş "Neftçi"yə gülüm, yoxsa ağlayım. Məncə, ağlasam, yaxşdır. Əvvəla ona görə ki, bu komanda son günlər öz acı günlərini yaşayan AZAL-ı məğlub edib. Burada sevinməli nə var ki? Buna görə komandada hər şeyin qaydasında olduğunu düşünmək də yanlışdır. Digər tərəfdən, AZAL-in hücumçusu Vaqif Cavadovun sözləri ilə desək, həmin qarşılaşmada “Neftçi” xüsusi bir seylə yadda qalmadı ki... Yəni AZAL kobud səhvlərinin qurbanı oldu.

Bəli, bu bir fakt ki, ilk üç yerdən əlini üzmüş "Neftçi" hazırda Avropa liqası xəyalı ilə yaşamaqdadır. Onun buna nail olub-olmayacağı isə hələ sual, özü də çox böyük əndazəli sual altındadır. Bu məncə həm də saman çöpündən yapışmağa bənzəyir. Sizcə, tarixi bir keçmişi olan komandanın bu gün saman çöpündən yapışması ağlamalı deyilmi? İslahatlar laboratoriyasına çevrilmiş komandanın 80 yaşında bu günə düşməsi, nöyüt iyi verməsi kimsəyə sirr deyil. Elə deyilmi? Bu mənada da ağlamalıdır. Öz fanatlarını fanat saymayan, onları "xuliqan" adlandıran, məşqçiləri əlcək kimi dəyişən komandaya heç gülüş də yaraşmır axı. Büdcəsi digər klublarla müqayisəyə gəlməyən, lakin bunun müqabilində özünün ən aciz günlərinin tarixini yazan bir komanda ağlamalı deyilmi? Bilirəm, bəziləri göz yaşlarıma görə məni qınayacaqlar. Ola bilsin, hətta desinlər ki, erkəklər ağlamaz, bu isə ağlayır, bu necə bir erkək? Nə olar belə şeylər yazmayın? Axı mən başqa cür ürəyimi boşalda bilmirəm. Qorxuram ki, ağlamasam, ürəyim daşa dönər. Onu da bilirəm ki, bu baxışıma görə, mənə də güləcəklər. Gülün, mənə gülün, amma "Neftçi"yə yox. Nədən ki, bu komandanı elə gülə-gülə bu günə qoyublar. Vaxtında "Neftçi"yə bir gün ağlayan bir kəs olsaydı, heç şübhəsiz, o bu duruma düşməzdi.

Oxundu: 1587