cümə, 29 mart 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

İki cəbhədə qazanılan uğurun dadı

30.06.2017 16:38

Dünən Avrokubok oyunlarında ölkəmizi təmsil edən "Zirə" və "İnter" üzümüzü güldürdü. Etiraf edim ki, bu boyda uğur gözləmirdim. Düzdür, "Zirə"nin rəqibinin Bakıdan qələbə ilə dönəcəyini ehtimal etmirdim. Amma heç-heçə və komandamızın minamal hesablı qələbəsinə ümid edirdim.

Serbiyada isə "İnter"in bu cür inamlı qələbə qazanacağını heç cür proqnozlaşdırmirdım. "İnter"in nəticəsi təkcə mənim üçün deyil, güman ki, əksəriyyətimiz üçün gözlənilməz oldu. Təkcə ona görə yox ki, "İnter" çətin günlərini yaşayır, maliyyə burulğanında boğulur. Həm də ona görə ki, bütövlükdə Azərbaycan çempionatı çan üstündədir və "İnter" də bu can verən çempionatın üzvüdür. Serbiya çempionatı nə qədər aclıq içində yaşasa da, dünyaya onlarla adlı-sanlı futbolçular bəxş eləyib. Serb futbolçular çörək dalınca dünyanın ölkələrinə səpələniblər. Məhşur klublar da bu futbolçuları məmnuniyyətlə öz heyətlərinə qəbul edirlər.

Futbol fədakarlıq tələb edir.Öncə fədakarlıq olmalıdır ki, sonra pul gəlsin. Serbiyada məhz belədir, fədakarlıq edib futbolçu yetişdırırlər, sonra da bəhrəsini görürlər.

Deyan Stankoviç, Nikola Jiqiç, Nemanya Vidiç, Miloş Krasiç, Aleksandr Kolarov, Branislav İvanoviç və onlarla başqaları Avropanın varlı klublarında deyil, məhz ac Serbiyada yetişiblər.

Bəs bu cür futbolçular bizdə niyə yetişmir? Çünki, futbol fədakar insanların əlində deyil. PFL güc-bəla 8 komanda tapıb çempionat təşkil edir. Bunu da onunla əsaslanırır ki, çempionatda iştirak etmək istəyən komanda yoxdur. Sən çempionatda iştirak şərtlərini bu qədər ağırlaşdıranda, təbii ki, komanda tapa bilməzsən.

Mətbuatdan oxudum ki, "Zirə"nin rəqibi "Differdanj"ın iki futbolçusuna Bakdakı oyunda iştirak etmək üçün əsas iş yerindən şənbə günləri işləmək şərti ilə icazə verilib. Deməli, bu futbolçular həftənin 5 gününü başqa işlə məşğul olurlar və yalnız boş vaxtlarını futbola həsr edirlər. "Zirə"nin qələbəsinə kölgə salmaq istəməsəm də "biz həvəskar komandaya qalib gəlmişik" deməyə məcburam. Deməli, həvəskar komandaların belə Avropa liqalarında oynamasına UEFA icazə verir. Bizdə isə lisenziyalaşdırma adı altında "Neftçala"nı yüksək liqaya buraxmayraq məhv etdilər. Tovuzun "Turan" komandası niyə yüksək liqaya buraxılmır? Çünki, PFL-in şərtinə görə yüksək liqada oynamaq üçün çoxlu pulun olmalıdır. Pulun yoxdursa, sən hamıdan yaxşı oynasan belə, qarşında qırmızı işıq yanacaq. Dörd sarı karta görə niyə klub PFL-ə (və ya AFFA-ya) cərimə ödəməlidir? Qırmızı kart alan komanda niyə cərimə ödəməlidir? Belə cərimələrin sayı çoxdur. Ona görə də klubların yüksək liqada oynamağa maddi imkanları çatmır. Niyə görə Birinci Divizionda il boyu oynayan komanda yüksək liqada oynaya bilmir? Çünki, PFL (və ya AFFA) yüksək liqa ilə Birinci Divizion arasında maddi uçurum yaradıb.

Futbolun inkişafına mane olan faktorlar təkcə bundan ibarət deyil. Yuxarıda qeyd etdim ki, futbol fədakarlıq tələb edir. Amma fədakarlıq edənləri də peşəkarlar istiqamətləndirməlir. 10 milyonluq bir ölkənin yüksək liqasında 8 komandanın olmasının səbəblərindən ən başlıcası futbolun idarəçiliyinin peşəkarların əlində olmamasıdır.

Bu il çempionatımız aprelin sonlarında başa çatdı. İyunun sonunda isə Avroliqa oyunları start götürür. Ölkəsinin uğur qazanmasını istəyən peşəkar bu cür məsul oyunlar ərəfəsində çemponatın iki ay əvvəl başa çatmasına razı olarmı? Bizim komandalar hazırda oyun praktikasının çatışmazlığından əziyyət çəkirlər. Bu problemi də onlara PFL (və ya AFFA) yaradıb. Ölkənin imicini İslam oyunlarına qurban vermək peşəkarlıqdırmı? Peşəkarlıq İslam oyunları ilə paralel çempionatı davam etdirıb Avroliqa oyunlarında komandalarımızın uğuru üçün zəmin hazırlamaq idi. Onu da bizim "peşəkarlar" bacarmadı.

Avroliqada iştirak edən klublarımız həm bu cür "peşəkarlarla", həm də Avropanın futbol klubları ilə mübarizədə uğur qazandılar. İki cəbhədə aparılan mübarizədə qazanılan uğur isə daha şirindir. Həm "İnter"i, həm də "Zirə"ni ürəkdən təbrik edirəm.

Oxundu: 1528