cümə, 29 mart 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

Futbolumuzda ikili müqavilə faktı

16.08.2017 16:50

Bu günlər Azərbaycan fotbolunun gündəliyini "Qarabağ"-"Kopenhagen" oyunu qədər zəpt edən ikinci bir mövzu da var. Bu da "İnter" klubu ilə futbolçu Rauf Əliyevin virtual "atışmasıdır". Məlumdur ki, futbolçu ilə klub arasında münasibətlər müqavilə ilə tənzimlənir və bu müqaviləni pozan tərəfə futbol qurumları (AFFA, UEFA, FİFA) tərəfindən sanksiya tətbiq edilir. İndi futbolçu Rauf Əliyevin könlünə yeni klubda oynamaq düşüb. Əlindəki müqaviləyə görə, o bu ilin iyun ayının 30-a qədər "İnter"in futbolçusu olub. Əgər həmin tarixdən sonra başqa müavilə imzalamayıbsa, deməli, hazırda klubsuzdur. Klubsuz futbolçunun özünə iş yeri axtarmasından təbii nə ola bilər? Məsələ burasındadır ki, "İnter" klubu həm maliyyə durumu ilə əlaqədar, həm də UEFA-nın qadağasına görə heyətinə yeni futbolçu cəlb edə bilmir. Ona görə də heyətində olan futbolçuları , o cümlədən də Rauf Əliyevi buraxmaq istəmir. Bunu görən futbolçu həmin müqavilənin surətini mətbuata təqdim etdi. Yəni mən "İnter"in futbolçusu deyiləm.

Bunun ardınca "İnter" klubu da futbolçu ilə bağladığı müavilənin surətini mətbuata ötürdü. Bununla ictimaiyyətə bildirmək istədi ki, Rauf "İnter"in futbolçusudur, biz istəməsək o heç yerə gedə bilməz.

İndi ortada iki müqavilə var. Hər ikisində də tərəflərin imzası mövcuddur. Bəs kim haqlıdır? "İnter", yoxsa Rauf Əliyev?

Zənnimcə, hər iki tərəf haqsız olduğunu başa düşür. Ona görə də məsələni mətbuatda çözməyə çalışır. Məsələn, "İnter" 100 faiz haqlı olduğuna inansaydı, məsələni bu qədər qabartmazdı. Lazım gəldiyi anda futbol qurumlarına müraciət edib problemin həllinə nail olardı.

Elə Rauf da qanunları pozduğunu bilir. Buna görə də mətbuatdan imdad diləyir. Hər şeydən əvvəl müqavilə konfedensial olduğundan onu mətbuata açıqlamaq olmaz. Hər iki tərəf müqavilənin bu tələbini pozmaqla özünü günahkar vəziyyətinə salıb. Burda bir incə məqam da var. Rauf qüvvəsini itirmiş müqavilənin, "İnter" isə qüvvədə olan müqavilənin konfedensiallığını pozub.

Keçək digər məqamlara.

"İnter" iddia edir ki, Raufla ötən il bağlanan müavilənin müddəti 2018-ci ildə bitir. Elə mətbuata ötürdüyü müqavilənin şərtlərində də bu görünür. Bəs əgər bu müqavilə, həqiqətən, iki il müddətinə bağlanıbsa, onda niyə "İnter" PFL-də həmin müqaviləni deyil, müddəti bir il olan müqaviləni qeydiyyatdan keçirib. Üstəlik, bu ilki sifariş ərizəsinə Raufun adını salmayıb. PFL-də 04.08.2016-cı il tarixdə qeytiyyata alınmış müqaviləyə görə Rauf Əliyev artıq "İnter"in futbolçusu sayıla bilməz.

Raufun hazırda müqavilə bağladığı Albaniyanın "Kukesi" komandasının tamhüquqlu üzvü olması üçün Albaniya Futbol Federsasiyası bizim AFFA-ya sorğu göndərib onun transfer vərəqəsini tələb edəcək. AFFA da PFL-də qeydiyyta alınmış müqaviləyə əsaslanaraq qərar qəbul edəcək. Bu o deməkdir ki, "İnter"in canfəşanlığı yersizdir.

Rauf Əliyevin hansı komandada oynayacağı sırf futbol prizmasıdan baxdıqda maraqlı mövzudur.

Bu məsələyə qanunvericilik prizmasından baxdıqda isə ortaya ciddi problemlər çıxır.

Belə ki, "İnter" müddəti iki olan müqaviləni ortaya çıxarmaqla özünü pis vəziyyətə salıb. Çünki, həmin müqavilədə futbolçu üçün aylıq 10000 manat maaş verilməsi nəzərdə tutulub. Bu o deməkdir ki, klub futbolçunun sosial sığortası üçün Dövlət Sosial Sığorta Fonduna hər ay 2200 manat, yəni maaşının 22 faizi miqdarında vergi ödəməlidir. Arxada qalan bir il ərzində "İnter" Rauf Əliyevin sosial sığortası üçün 26400 manat ödəmili idi, ödəyibmi?

Klubla futbolçu arasında yaranan problem Raufun da vergidən yayındığını ortaya çıxaracaq. Belə ki, PFL-də qeydə alınan və Raufun mediaya təqdim etdiyi müqavilədə futbolçunun maaşının miqdarı qaralanaraq görünməz hala gətirilsə də, bu məbləğin 10000 manat olmadığı açıq hiss olunur. Yəni müqavilələrdə təkcə müddət deyil, futbolçuya veriləcək məbləğin miqdarı da fərqlidir.

Əgər Rauf klubla arasında olan ikiillik müqaviləyə də imza atıbsa, deməli, o indiyə qədər ayda 10000 manat maaş alıb. Bu qədər maaşın aylıq gəlir vergisi 2225 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməli məcburi ödəniş isə 3 faiz- yəni 300 manat edir. Aylıq verginin cəminin 2525 manat olduğunu nəzərə alsaq, onda futbolçu ötən bir il üçün 30300 manat vergi ödəməli idi. Bu məbləğ ödənibmi?

Raufla "İnter"klubu arasında gedən mətbuat atışması bir həqiqətin çılpaqlaşmasına səbəb olub. İndiyə qədər ikili müqavilə haqqında çox danışılsa da, ortaya fakt qoymaq mümkün olmamışdı. Fakt olmadığından buna qarşı tədbir görmək də mümkün olmurdu. İndi fakt ortadır. İşçi ilə işverən, necə deyərlər, əlaqəyə girərək dövlətə küllü miqdarda ziyan vurublar. "İnter" klubu ilə Rauf birlikdə dövlətdən 56700 manat vergi gizlədiblər. özü də bu ziyan təkcə dövlətə deyil, eləcə də futbola vurulub. Vergidən gizlədilən bu pullar elə futbolun özünə yönəldilsəydi, yəqin ki, indi Premyer Liqada 8 deyil, daha çox komanda olardı.

Araşdırdığımız məsələ varlılar arasında cərəyan edib - bir klubla bir futbolçunun "əməkdaşlığının" göstəricisidir. İndi klubların və futbolçuların sayını gözünüzün qarşısına gətirin.

2004-cü ildən bəri futbola pul axını başlayıb. O vaxtdan bəri futbolçularla belə müqavilələr imzalanır. Arxada qalan 13 ildə dövlətə və futbola dəyən ziyanı hesablamaq üçün ciddi baş sındırmaq lazımdır.

İndiyə qədər şaiyə adlandırdığımız hadisələr gerçəkliyə çevrilib. Varlılar qanunlara meydan oxuyurlar. Tədbir görən olacaqmı?

Yoxsa qanunlar təkcə kasıblar üçündür?

Oxundu: 1490