cümə axşamı, 28 mart 2024

Yazarlar

ALLAHVERDI CƏFƏROV

Sizə futbol lazımdır?..

28.09.2017 16:17

Azərbaycan futbol ölkəsi deyil. Bu barədə mübahisə etməyə dəyməz. Kimlərsə fərqli fikirdə ola bilər. Ancaq bu reallığı dəyişdirmir. Reallıq isə odur ki, Azərbaycan FİFA-nın sonuncu reytinq cədvəlində 206 ölkə arasında 92-ci sırada qərarlaşıb. Bəyənmədiyimiz ərəblərin - İraqın (88-ci yer), Fələstinin (91), Qətərin (85) hətta 4-5 yerə bölünən Suriyanın (75) milli komandaları belə bizdən öndədir. Hələ Ermənistanı demirəm. Düşmən ölkənin millisi bizdən düz 9 pillə irəlidədir. Postsovet ölkələrin - Özbəkistanı (69), Belarusu (77), Estonyanı (84) bir kənara qoyuram. Afrikanın və eləcə də dünyanın ən kasıb ölkələrindən - Zambiyanın (78) milli komandası da bizi xeyli qabaqlayır. Bu acı reallıq təkcə bugünün problemi deyil. Azərbaycan heç bir zaman futbol ölkəsi olmayıb, ola bilmir və belə davam edərsə böyük ehtimalla gələcəkdə də olmayacaq. Heç kim Azərbaycan futbolunun "şanlı" keçmişindən danışa bilməz. Çünki olmayıb...

Ən böyük uğurumuz bilirsiz nədir? "Neftçi"nin SSRİ çempionatında 3-cü olması. Yalnız bununla təsəlli tapırıq. Uduza-uduza gedirik. Futbol nəticə oyunudur. Əgər qələbə qazana bilmirsənsə deməli uğurdan danışmağın heç bir mənası yoxdur. "Qarabağ"ın Avropa Liqasının, Çempionlar Liqasının qrup mərhələsində oynamasını uğur kimi təqdim edənlərlə futboldan danışmaq mənasız vaxt itkisidir. 2 oyunda qapısından 8 qol buraxan komandanın nəticəsini "uğur" kimi təqdim etməyin bir adı var: qarşındakını ələ salmaq. Uduzduğumuz hər oyundan sonra yaxşı bəhanələr də tapırıq - təcrübəmiz azdır, bəxtimiz gətirmədi və daha nələr, nələr... Soruşan yoxdur ki, bəs sizin təcrübəniz nə vaxt olacaq? 100 ildən çoxdur futbol oynayırsınız. Təcrübənizin olması üçün nə etmək lazımdır? Avropa klubları ilə istədiyiniz qədər oynamaq imkanınız var. Hər il təlim-məşq toplanışı üçün Avropa ölkələrinə yollanırsınız. Oynayın da... Mane olan var? Bütün bunların hamısı bəhanədir. Sadəcə olaraq futbol oynamağı bacarmırsınız və oynaya bilməyiniz üçün sizə nəyin lazım olduğunu da bilmirsiniz. Günləri, ayları, illəri "yola verməklə" məşğulsunuz. 5 il əvvəl "Neftçi" Avropa Liqasının qrup mərhələsində oynadı. Onda hər kəs bunun "Neftçi" üçün böyük təcrübə olduğunu və növbəti illərdə daha böyük uğurlara imza atacağını deyirdi. Yəni bu gün "Qarabağ" üçün deyilənlər o vaxt "Neftçi" üçün deyilirdi. Nə oldu? Nə olduğunu bu gün hər kəs görür. Bu il Premyer Liqada oynadığı 6 oyundan 5-də məğlub olub, 1-də bərabərə qalıb. İndi kim deyə bilər ki, 3-4 ildən sonra "Qarabağ" da bənzər vəziyyətlə üz-üzə qalmayacaq.

Bu ölkədə futboldan anlayışı olan 2-3 adam var. Onlar da uzun illərdir deyirlər ki, futbolun inkişafı üçün uşaq futbolunu inkişaf etdirmək lazımdır. Xaricdən legioner gətirməklə hara qədər gedə bilərsən? Klublarımızın, eləcə də millimizin heyətindəki legionerlərə baxanda adam azərbaycanlı olduğundan xəcalət çəkir.

Deyilənə görə, ölkə əhalisinin yarıdan çoxu Bakıda yaşayır. Ancaq bu qədər insanın yaşadığı şəhərdə futbol oynamağa yer yoxdur. Düzdür klubların tərkibində uşaq futbol məktəbləri var. Hətta bəziləri daha təmtəraqlı səslənsin deyə həmin məktəblərə "Akademiya" deyirlər. Kənardan baxanlar da elə zənn edirlər ki, burada gələcəyin Messiləri hazırlanır. Ancaq unutmayın ki, sizin təcrübəsindən tez-tez bəhs etdiyiniz Avropa ölkələrində uşaq futbolu deyəndə klubların bazalarındakı məktəblər nəzərdə tutulmur. Bu ölkələrdə futbol oynamağa küçə və məhəllələrdən başlayırlar. Bakının hansı küçəsində uşaqların futbol oynamaq imkanı var? Hansı məhəllədə futbol meydançası var? Çıxın şəhəri başdan-başa gəzin. Uşaqların futbol oynaya biləcəyi boş yer tapsanız.., mənə nə deyirsiniz deyin... Olanlar da işbazların nəzarətindədir. Bir saat üçün 60-70 manat verməsən qapısından içəri girə bilməzsən. Şəhərdə açılan yeni istirahət parklarında çayxanalardan başqa tikili olmur. O çayxanaların yerində meydança tikilsə dünya dağılar? Uzağa getməyə ehtiyac yoxdur. İndi internet dövrüdür. Elə oturduğunuz yerdəcə kiçik bir araşdırma aparın. Görəcəksiniz ki, əksər peşəkar futbolçunun keçmişində məhəllə futbolunun əvəzolunmaz yeri olub. Yəni, demək istədiyim odur ki, bu ölkədə uşaqlar futbol oynamağa yer tapmırlarsa biz heç vaxt uğur qazana bilməyəcəyik. "Amerikanı yenidən kəşf etməyə" ehtiyac yoxdur. Bir dəfə başa düşmək lazımdır ki, futbolun inkişafını istəyiriksə uşaqların futbol oynamağına imkan verməliyik. Futbolun inkişafı üçün başqa yol yoxdur. Bu "2+2=4" qədər dəqiq və dəyişməzdir. Əcnəbilərə nə qədər pul xərcləyirsən-xərclə xeyri olmayacaq. Milyonlarla pul verib əcnəbi məşqçi, legioner futbolçu gətirməkdənsə o pula uşaqlar üçün meydançalar tikmək lazımdır. Ən qısa müddətdə bunun nəticəsini görəcəksiniz.

Oxundu: 6018