cümə, 26 aprel 2024

Yazarlar

ALLAHVERDI CƏFƏROV

“Neftçi”nin özündənrazı futbolçuları

17.05.2016 13:54

Əvvəlcə rəhbərlik dəyişdi, klubun strukturu dəyişdi, baş məşqçisi, futbolçuları dəyişdi. Amma dəyişməyən bir şey qaldı: futbolçularda özündənrazılıq, jurnalistlərə qarşı saymaz hərəkət.

İnsaf naminə rəhbər dəyişikliyindən sonra “Neftçi”nin yeni idarəçiləri mətbuata daha yaxın olmağa çalışdılar. İstər bu il yaradılmış Müşahidə Şurasının sədri Çingiz Abdullayev, istər şuranın digər üzvləri, istərsə də icraçı direktor Elnur Məmmədli və idman direktoru Vəli Qasımov media nümayəndələrinin müsahibə istəklərini yerə salmır, hətta ara-sıra bazalarında onlarla görüş də təşkil edirlər. Gəl gör ki, futbolçularda bu hal əksinədir.

…Sanki Araz Abdullayev gedib, Kriştianu Ronaldo gəlib

Ötən mövsüm başa çatdıqdan sonra futbolçu heyətində köklü dəyişiklik oldu. Bir çox təcrübəli yerli və əcnəbi futbolçular yola salındı, əvəzində gənc yerli oyunçulara şans verildi. Bu, məcburiyyətdən atılmış addım olsa da, bir növ Azərbaycan futbolunun xeyrinədir. Bəs həmin yerlilər bu imkandan yararlana bilirlərmi?

Onsuz da, əvvəldən “ulduzluğu” ilə yerə-göyə sığmayan Araz Abdullayev kapitan seçildikdən sonra, ümumiyyətlə, sağına-soluna baxmaz olub. Onun yerində başqa biri olsaydı, çıxardığı əməllərdən utanıb, özünə çəki-düzən verərdi. Amma sanki Araz Abdullayev gedib, Kriştianu Ronaldo gəlib. Xarici görünüşünü, oyun üslubunu kiməsə oxşatmaqla iş düzəlmir. Araz “Neftçi”nin kapitanı seçiləndən sonra jurnalistləri, ümumiyyətlə, görməzlikdən gəlməyə başlayıb. Hətta klubun mətbuat xidməti də 3-4 ayda bir dəfə onu brifinqə güc-bəla ilə gətirir. Hər hansı bir oyundan sonra müsahibə almaq istəyirsən, elə cavab verir ki, beləsinə yaxınlaşdığın üçün özünə nifrət edirsən. Görəsən, bu futbolçu hansı uğuru ilə öyünür? Samir Əliyevin dövründə “Neftçi”nin heyətində ən zəif oynayanlardan biri olmaqla, yoxsa Əsgər Abdullayevin gəlişindən sonra ehtiyata məhkum olmaqla? Araz meydançada olanda, açıq-aşkar görünür ki, komandanın gənc oyunçuları çəkindikləri üçün hər hücumda yalnız onu axtarırlar. Sanki ötürmə verməsələr, oyundan sonra kapitan onları sıraya düzüb, dərslərini verəcək. Əsgər müəllim də bunları görməyəcək qədər təcrübəsiz deyil. Bunun nəticəsidir ki, ehtiyac duymadıqca ona tərəf baxmır. Bunda da haqlıdır. Çünki Arazın oyunu göz önündədir. Əvvəllər yenə bir az sürəti var idi, ara-sıra 1-2 rəqibini aldada bilirdi. Azərbaycan çempionatının “söndüyü” bu günlərdə isə “flaqman”ın kapitanı nə sürət, nə də texnika ilə hansısa müdafiəçini aldada bilir. Bəs onu bu cür davranmağa nə vadar edir? Bunun bir görünən cavabı var: özünü ulduz sayması.

22 yaşı olan futbolçu artıq

4 klubun formasını geyinməyə

macal tapıb

Araz Abdullayev yenə şükürlüdür. Bilirsən ki, “Neftçi”yə keçmişdə az da olsa xeyir verib, yığma komandamızda oynayıb. Rəhman Hacıyevin də “Neftçi” formasını geyindikdən sonra eyni yolu getməsi maraqlı məqamdır. Boyu balaca olsa da, görünür o da Ronaldo pərəstişkarıdır. Nə vaxt yaxınlaşırsan, “danışmaq istəmirəm, sonra başqa cür yazırlar” deyir. Adama deyərlər: sən nə danışacaqsan ki, onu da yozaq? Türkiyəli qardaşların bir sözü yadıma düşdü: “ateş olsan, cürmün kadar yer yakarsın”. Ay Rəhman Hacıyev, indi sənin hansı açıqlaman “Neftçi”nin, onun rəhbərliyinin nüfuzuna xələl gətirəcək, kiminsə postunu laxladacaq? Bunun sadəcə, bir adı var: yekəxanalıq. Rəsmi sənədə görə 22 yaşı olan bu futbolçu artıq 4 klubun formasını geyinməyə macal tapıb. Nə “Bakı”da, nə “Sumqayıt”da, nə də Türkiyənin aşağı liqa komandası olan “Qaziantep BB”də əsas heyət üzvü olub. Həmin vaxt Azərbaycan futbolunda pul var idi. Legionerlər “at oynadanda”, Rəhman Hacıyev kimi yerlilər kənarda durub, kiminsə zədələnməsini gözləyirdilər ki, bəlkə bizə də şans verilər. İndi maliyyə problemi baş qaldırıb, klublar məcburiyyətdən yerliləri oynatmalı olurlar. Yəqin Rəhman elə bilir ki, ulduz futbolçu olduğu üçün “Neftçi” ondan vaz keçə bilmir. Gör Azərbaycan futbolu nə günə düşüb ki, bu cür oyunçular “Neftçi” kimi komandanın əsas heyətində yer alırlar. İstər “Bakı”da, istərsə də “Sumqayıt”da olduğu dönəmdə bütün mətbuat “Rəhman Hacıyev kimi gənc oyunçu var, ona şans vermək lazımdır” deyə bar-bar bağırırdı. 22 yaşlı oyunçunun indi hörmətsizlik etdiyi həmin jurnalistlərdir ki, vaxtilə onu müdafiə edirdilər.

İki il əvvəl “Neftçi” bu cür

qapıçıya şans verərdimi?

“Neftçi”də “ulduz xəstəliyi”nə tutulan digər futbolçu Aqil Məmmədovdur. Ötən mövsüm jurnalistlərə bir-bir zəng vurub “Saşa Stamenkoviç mənim “torbamı tikir” deyən, onlardan bu barədə yazı yazmağı xahiş edən həmin Aqil Məmmədov indi jurnalist görən kimi, tez qaçır komandanın avtobusuna. Həmin Aqil Məmmədovdur ki, “Bakı”da uzun illər 2-cı, 3-cü qapıçı oldu. Mətbuat da buna görə klubu tənqid edirdi ki, Aqil Məmmədov kimi yerli qapıçın ola-ola əcnəbi nəyinə lazımdır? Çünki kim olursan-ol, mətbuat həmişə doğru bildiyini yazır. İndi əcnəbi sayı azalıb deyə o da “Neftçi”nin “çərçivəsini” qoruyur. Hətta indinin özündə də buraxdığı səhvləri saymaqla qurtarmaq olmaz. İki il əvvəl “Neftçi” bu cür qapıçıya şans verərdimi? Səmimi deyim ki, verməzdi.

Heç olmasa, gözlərinin önündə canlı nümunələri

görsünlər

Deyəsən, futbolçuların bu hərəkətinin səbəbini tapmışam. Deməli, kənarda qalanda canla-başla müsahibə verirdilər ki, gündəmə gəlsinlər, mətbuatın təzyiqi ilə əsas heyətə düşsünlər. Elə ki, istəklərinə çatdılar, daha nə edirlər mətbuatı, jurnalisti…

Mənə maraqlı gəlir kı, Vəli Qasımovun çeçələ barmağının bacardığının neçə faizini bu futbolçular edə biliblər? Azərbaycanın müstəqillik tarixinin ən güclü iki futbolçusundan biri olan Qasımov indinin özündə də sadəliyini itirmir, səmimi danışmaqdan, müsahibədən qaçmır. Bəyəm onun mətbuat vasitəsilə gündəmə gəlməyə ehtiyacı var? Heç olmasa ona baxıb utansınlar, hərəkətlərini bir də gözdən keçirsinlər. Eləcə də dünyaca məşhur yazıçı Çingiz Abdullayev. Dünya Abdullayevi tanınmır bəyəm? Amma oyunlardan sonra bəzən özü yaxınlaşıb diktofon önünə keçir. Heç olmasa, gözlərinin önündə canlı nümunələri görsünlər, oxunmamış kitabları vərəqləsinlər.

Vallah biz jurnalistlər bu şaxtada nə “Neftçi”, nə də digər komandalarımızın cansıxıcı oyunlarına baxmaq üçün bir neçə kilometr yol gedib, dona-dona stadionda oturmaqdan ötrü “sino getmirik”. İsti evimizdə oturub, çay içə-içə “Barseona”nın, “Real”ın və ya başqa bir dünya nəhənginin oyununu da izləyə bilərik. Amma bu, bizim işimizdir və bunu da bütün çətinliklərə baxmayaraq, sevə-sevə görürük. Futbolçular da bilməlidirlər ki, meydançada top-top oynamaqdan başqa jurnalistin suallarını cavablandırmaq da onların işlərinin bir parçasıdır.

Oxundu: 1894