cümə, 29 mart 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

Mərdi qovmazlar

15.10.2018 17:41

"Mərdi qova-qova namərd edərlər". Bu ifadə illərin, qərinələrin sınağından, süzgəcindən keçərək bu günümüzə qədər gəlib. Bu gün də bu ifadəni işlədiriksə, deməli, bu həqiqətə inanmışıq.

Neçə vaxtdır, Azərbaycan milli komandasının və "Qarabağ"ın futbolçusu Mahir Mədətov barədə yazmaq istəyirəm. Amma tərəddüd edirəm. Ona görə tərəddüd edirəm ki, Mahir hələ 22 yaşındadır. Bu yaşda futbolçunu hədsiz tərifləyərsən, ulduz xəstəliyinə tutular, sərt tənqid edərsən, bildiyini də itirər. Amma təzyiqin dozasının artması məni qənaətimi yazmağa vadar etdi.

Mən Mahiri 2007-ci ildən tanıyıram. O vaxt "Sabahın ulduzları" çempionatında "Bakı" komandasında oynayırdı. Komandasının lideri deyildi. "Bakı"nın o vaxtkı lideri Ülvi Süleymanov idi. (İndi bilmirəm hardadır). Bütün mövqelərdə oynayırdı. Ülvi müdafiəçi olsa da, komandasına lazım olanda hücuma da qoşulurdu və faydalı olurdu. Mahir isə sırf hücumçu idi, hücumun lideri idi, perspektiv vəd edirdi. Sakit təbiətli, təvazökar uşaq idi. Komanda yoldaşlarına irad bildirmək kimi o yaşdakı uşaqlara xas olan xarakter onda yox idi. Sadəcə oynayırdı, qollarını vururdu, komandasının qələbəsində pay sahibi olurdu. Komanda yoldaşlarının çoxundan, hətta "Sabahın ulduzları" çempionatının iştirakçılarının əksəriyyətindən yaxşı oynayırdı. Əksəriyyətdən yaxşı olsa da, hamıdan yaxşı olmamaq onu tənqiddən və tərifdən uzaq tutardı. Biz "Çempion" qəzetində arabir onun (və onun kimilərin) şəklini verirdik, amma haqqında hədsiz təriflər yazmaqdan qaçardıq. Oxucularımaza isə bu ad(lar)ı yadlarında saxlamağı tövsiyyə edərdik.

İndi o vaxtdan 11 il keçib, Mahir milli komandanın oyunçusuna çevrilib. Bunu biz gözləyirdik.

Bu gün o, meydançada azarkeşlərin istədiyi oyunu göstərə bilmir, amma mən yenə cəsarətlə deyirəm ki, Mahir Azərbaycan futbolunda öz yeri olan futbolçudur. Heç qara zolağa da düşməyib. Sadəcə, qol vurmaqda bir qədər çətinliyi var. Bəlkə də bu bəxtsizlikdir.

Mahirin bugünkü oyunu ona bu qədər təzyiq göstərməyə əsas vermir. Normal oynayır, cəsarətlə rəqib müdafiəçilərlə mübarizəyə girişir, topu özündə (və komandasında) saxlamağı yaxşı bacarır. Komandası hesabda irəlidə olarkən top saxlamağın nə qədər lazımlı olduğunu isbat etməyə ehtiyac varmı? Son 10-15 ildə Azərbaycan futbolunun yetişdirdiyi hansı hücumçu Mahir kimi top saxlaya bilir?

Komanda hesabda geridə olarkən oyunçunun topu özündə çox saxlaması oyunun tempini öldürür, lənglik yaradır. İndi Mahirin ən çatışmayan cəhəti budur. Millinin qarşılaşmalarında, "Qarabağ"ın Avropa Liqasındakı oyunlarında biz qola daha çox ehtiyac duyuruq. Mahir isə burada da öz sevimli oyununa - topu özündə saxlamağa üstünlük verir ki, bu da azarkeşi çılğınlaşdırır. Mahirə bunu anlatmaq lazımdır ki, topu saxlamaq, oyunu ləngitmək həmişə faydalı olmur.

Mahirin oyunundan razı qalmayanlara, daha doğrusu, onun oynamasını istəməyənlərə bir sulım var: Onu kiminlə əvəz etmək olar? Azərbaycan Premyer Liqasında olan səkkiz komandanın ən öndə gedənin hücumçusu məhz Mahirdir. Əgər millidə Mahir oynamasa, onun əvəzinə "Neftçi"dən Mirabdulla Abbasov, "Qəbələ"dən Rauf Əliyev, "Sabah"dan Pərdis Azad və ya Mirsahib Abbasov, "Sumqayıt"dan Ülvi Hümbətov, "Səbayil"dən Ruslan Qurbanov və ya Ağabala Ramazanov, "Keşlə"dən Amil Yunanov və ya Vaqif Cavadov oynamalıdır. ("Sabah"da yerli hücumçu tanımıram). Bu futbolçuların hansı cəhəti Mahirdən üstündür? Millimizin Malta ilə oyununda Mahiri əvəz edən Cavid İmamverdiyev oyuna təzəlik gətirə bildimi? Mahirin eləyə bilmədiklərini eləyə bildimi?

Mahirə qarşı olan hücumlar əks nəticə verə bilər. Beləliklə, biz bir istedadlı futbolçumuzu da itirə bilərik.

Fikrimi əsaslandrmaq üçün heç vaxt unuda bilədiyim iki epizodu burda da xatırlamaq istəyirəm.

80-ci illərin ortaları idi. Vidadi Rzayev "Neftçi"də debüt oyununa çıxmışdı. O, meydancanın "Neftçi"yə aid hissəsində sağ cinahda topu qəbul edib mərkəz xətti keçdi və uzaqdan rəqibin qapısı üzərinə ötürmə verdi. Top cərimə meydançasını ötüb qapının üstündən kənara çıxdı. İsgəndər Cavadov Vidadinin üstünə şığıyıb hirslə nəsə dedi. Ondan sonra Vidadi özünə gələ bilmədi, demək olar ki, bütün ötürmələrində səhv etdi.

Elvin Əliyevin təzə vaxtları idi. "Olimpik"in sol kənar müdafiəçisi idi. Üç dəfə dalbadal səhv etdi və hər dəfə Tərlan Əhmədov onu sığortaladı. Dördünçü səhvdən sonra Elvin əyilib ayaqqabısının ipini bağlamağa başladı. Demək istədi ki, ayaqqabılarım normal deyil. Tərlan bu dəfə də onu sığortalayıb topu rəqib tərəfə vurdu və Elvinə yaxşnlaşaraq qolunu onun boynuna salıb nəsə dedi. Bundan sonra Elvin əjdahaya döndü və müdafiənin dirəyinə çevrildi.

Mahir indi bütün oyunlara psixoloji təzyiq altında çıxır. Yaxşı ki, Qurban Qurbanov kənarda edilən bu təzyiqlərə baş qoşmur. Bəlkə də Qurbanın uğurlarının sirri də bundadır. O. futbolçuya inanırsa, kənardan nədeyilsə də diqqətə almır. Bir vaxtlar Şehiçə də oxşar təzyiqlər var idi. İndi Mahirə və Kamran Ağayevə də oxşar təzyiqlər başlayıb. Qurbanov isə futbolçulara dəstək olmaqda davam edir. Bəlkə də Mahiri hələ də sırada saxlayan Qurbanovun dəstəyidir.

Mahirə qarşı təzyiqlər azaldılmalıdır. Biz mərdi qovmaqla məşğuluq. Mərdi isə qovmazlar, qovsaq nəticəsinin atalar sözündə deyildiyi kimi olacağını unutmamalıyıq.

Oxundu: 969