çərşənbə, 24 aprel 2024

Yazarlar

TƏRS MƏMMƏD

Əsas olan nəticədir...

23.10.2018 14:19

Atalar yaxşı deyiblər ki, bir gül ilə bahar olmaz. Bizim də bir gülümüz var, doğru zamanı tutuzdura bilmir. Bir də görürsən, qarda, boranda çiçəklədi. Vaxtsız olanda da soyuq onu məhv edir. Bu soyuğu başa düşdük, onun işi vaxtsız çiçəkləyən gülləri öldürməkdir. Bəs yaxşı, ay başına dönüm, bizimkinə oxşar vaxtsız güllər niyə başımıza qənim kəsilib? Niyə biz onlarla bacara bilmirik?

Nə isə, keçim mətləbə. Bayaqdan haqqında danışdığım vaxtsız gül “Qarabağ”dır”. Ayda, ildə bir dəfə qələbə ümidimiz olur, həmin vaxt da aldıra bilmirlər. Kimsə demir ki,“Qarabağ” “Arsenal”ı, “Sportinq”i udsun. Hərçənd könlümüzdən bu da keçir. Əsas istəyimiz odur ki, “Qarabağ” dişinə görə olan BATE-yə, “Vorskla”ya qalib gəlsin. Axı "Qarabağ" Çempionlar Liqasının, Avropa Liqasının qrup mərhələsinə düşməklə bizdə bu inamı yaradıb. Deyəsən, bu inamımız, ümidlərimiz də yavaş-yavaş öləziyir.

"Qarabağ" Avropa miqyaslı yarışlarda bütün rəqiblərinə uduzur. Qurban Qurbanov isə hər dəfə futbolçularından razı qaldığını deyir. Qurbanov oyundan razıdır, azarkeşlər isə nəticədən narazı. Yəqin bir bildiyi vardır Qurban müəllimin.

Bu işdə günahı tək “Qarabağ”da görmək doğru deyil bəlkə. Bir Premyer Liqamıza göz gəzdirək, görək orada vəziyyət necədi? 8 komadası olan liqanın 6 üzvü, demək olar ki, dövlət tərəfindən maliyyələşir. Dövlətin pulları xərclənir, futbol da oynanılır, çempionat da keçirilir, nəticə isə yoxdur. Nə milli komandada, nə də klublarda. AFFA nə iş görür, heç kimə məlum deyil. Bilirsinizmi niyə? Çünki futbolumuzu idarə edənlər futbol adamları deyil. Bunu deyən çox, eşidən isə yoxdur. Ölkə başçısı 2005-2015-ci illləri əhatə edən Futbolun İnkişafına dair Dövlət Proqramını təsdiq etmişdi. Cavabdehlər Proqramın yerinə yetirildiyi barədə hesabat da verdilər. Amma heç yerdə görmrük bu Proqramın nəticələrini.

Allah “Qarabağ”a insaf versin, necə əsəbiləşdirdisə, AFFA-nı da söhbətə qatdım.

Hər oyundan sonra statistikadan sitatlar gətirib yaxşı oynadığımızı deyirlər. Kifayətdir, insanları boş rəqəmlərlə məşğul etməyin, statstikanın rəqəmlərindəki duzu bir daha azarkeşlərin yaralarına səpməyin. Futbolda statistika boş və mənasız anlayışlardır. Bunu mən demirəm, əfsanəvi Ser Aleks Ferqyusson deyir: “Əsas olan nəticədi, statistika mini ətətkli qıza bənzəyir”. Nəticəmiz isə göz qabağındadır. Bizim futbol idarəçilərindən çox xahiş edirəm. Bu azarkeşlərin onsuz da yetərincə problemləri var, bir də sizdən çəkməsinlər. Oynaya bilirsinizsə, oynayın, ya da birdəfəlik meydanı oynaya bilənlərə verin.

Oxundu: 921