cümə, 26 aprel 2024

Yazarlar

QVAMİ MƏHƏBBƏTOĞLU

“Təsəlli”

18.05.2016 10:23

Bu xoşbəxtliyə Portuqaliya, İspaniya, Hollandiya və Almaniya milliləri nail olublar. Bu gün finalçılar da bəlli olacaq. Oyunçu aparsın... Amma Portuqaliyaya uduzan (0:5), Belçika ilə heç-heçə (1:1) oynayan, Şotlandıyanı məğlub edən (1:0) Təbriz Həsənovun rəhbərliyi ilə bizim uşaqlar qrupdan çıxa bilmədilər. Görəsən, hər cür şəraitə malik U-17-miz niyə qarşıya qoyulan hədəfə nail ola bilmədi? Mənim fikrimcə, bunun bir ətək səbəbi var.

Həzərat, özünüzə yaxşı məlumdur ki, bizim komandamız çempionata ev sahibi kimi qatılmışdı. Yəni onu demək istəyirəm ki, digər komandalardan fərqli olaraq (qüvvələrini yalnız yoxlama matçlarında sınamışdılar), yığmamız yarışa rəsmi matç oynamadan, heç bir əziyyət filan çəkmədən gəlib çıxmışdı. Məşhur futbol mütəxəssisləri hamıya “dokazat” eləyiblər ki, belə komandalarla heç də uzağa getmək mümkün deyil. Çox təəssüf ki, bu dəfə də onların fikirləri özünü doğrultdu. Bu birinci səbəb.

Bizim uşaqlar birdən-birə Bakı Olimpiya Stadionunda Portuqaliya ilə ilk oyuna çıxdılar. Portuqaliya komandasının xofu bir yana, yaxşı bələd olmadıqları bir meydançada onlarla üz-üzə gəlmək də bir problem idi. Həzərat, mən bu sözlərlə heç də çox hörmətli Təbriz müəllimi “askarbit” eləmək istəmirəm. Bəlkə elə bu səbəbdən Təbriz müəllim sonradan özü də bəyan etdi ki, bəs mənim əlimdə olsaydı, o stadionda oynamağa icazə verməzdim, elə bütün oyunları 8-ci km stadionunda keçirərdim. Yox, səbəblər yalnız bunlarla məhdudlaşmır. Komandamızın qrupdan çıxmamağının alayı səbəbləri var ki, onları da ərz etmək istəyirəm. Həmin alayı səbəblərin biri budur ki, gərək bizimkilər ilk oyunu Portuqaliyaya qarşı deyil, digər rəqiblərinə qarşı keçirəydilər. Yəni təqvim fərqli olsaydı, nəticə başqa cür ola bilərdi. Amma deyəsən, bu, bir qədər şübhəli səbəbə oxşadı. Nədən ki, belə olacağı təqdirdə, bəlkə o biri rəqiblərə qarşı özümüzü yaxşı tərəfdən göstərə bilməzdik. Həzərat, odur ki, bu fikrimin müəlliflük hüququndan imtina edirəm. Kim istəsə, özəlləşdirə bilər.

Hə, lap yadımdan çıxacaqdı. Mən bu uğursuzluğa görə uşaqların üzərinə getmək, daha doğrusu, onları əsla qınamaq fikrində deyiləm. Nədən ki ağzımızda uşaq deyirik. Buna görə onlara toxuna biləcək bir söz belə işlətmək istəmirəm və onları səbəb kimi göstərməkdən uzağam. Amma baş məşqçi Təbriz müəllimlə bağlı bir neçə kəlmə ərz etmək istəyirəm. Yox, bu dəfə onu öz sözlərimlə topa tutmaq fikrində deyiləm. Axı mən nə vaxta qədər öz əlimlə ilan tutacağam? Qoy bu dəfə millimizin sabiq futbolçusu, “Neftçala”nın baş məşqçisi Kamal Quliyevin dediklərindən yararlanım da: “Birinci günahkar baş məşqçidir. Bu nədir, karusel kimi fırlanırıq: U-16, U-17, U-15... Azərbaycanda başqa məşqçi yoxdur? Bəsdir də. Başqasına da şans verin! O birisini də yoxlayın. Dünya dağılmaz ki! Biabırçılıq, gülünclükdür”.

Mən bu sətirləri yazarkən Azərbaycan-Portuqaliya oyununun sonunda 0:5 yazılmış tablo yenə gözlərim qarşısında peyda oldu. Xəcalət tərini silərkən millimizlə birlikdə A qrupunda yer alan və mərhələni lider kimi tamamlayan Portuqaliyanın B qrupunun ikincisi Avstriyanı da 5:0 məğlub etdiyi yadıma düşdü. Harada isə müəyyən təsəlli tapdım. Əgər buna təsəlli demək mümkünsə... Bir də axı biz azarkeşlər nə vaxta qədər belə şeylərlə təsəlli tapacağıq, hə? Axı nə vaxta qədər bizim futbol rəsmilərinin: “Bu oyunlar onu göstərdi ki, gələcəyə ümidlə, nikbin baxmaq olar” kimi açıqlamlarını eşidəcəyik, hə? O gələcək görəsən nə vaxt gələcək? Sizi bilmirəm, şəxsən mən futbol aləmimizdə 20 ildir ki, rəsmilərimizin dedikləri gələcəyi gözləyirəm. O isə gəlmək bilmir ki bilmir. Biz də yazığıq axı...

Oxundu: 1540