şənbə, 27 aprel 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

Futbolun inkişafına sıfırdan başlanmalıdır

18.11.2018 20:32

Millətlər Liqası başa çatdı. Əksəriyyət komandamızın bu liqadan Avropa çempionatının finalına vəsiqə qazanacağına şübhə etmirdisə də, sonucda biz heç qrup qalibi də ola bilmədik. Deməli, eyforiya dövrü də arxada qaldı. Həqiqətən də bu bir eyforiya idi. Elə ilk gündən də komandamızın AÇ-nin finalına vəsiqə qazana biməyəcəyi bəlli idi. Çünkü AÇ-yə gedən yol qrup qalibi olduqdan sonra Gürcüstan, Qazaxıstan, Belarus, Makedoniya, Moldova və Ermənistan (nəticələr bəlli olduqdan sonra isə Gürcüstan, Belarus, Makedoniya) kimi komandalardan ikisini məğlub etməkdən keçirdi. Bu isə bizim finala gedən yolumuzun hamar olmadığını göstərirdi. Əgər yuxarıda sadaladığım komandalardan 1-2 baş yuxarı oynaya bilən komanda olsaydıq, onda əminliklə finala çıxacağımızı demək olardı. Təəssüf ki, biz hələ Malta, Farer Adaları kimi komandalarla oyunlarda belə,qələbəyə əmin ola bilmirik.

Qurban Qurbanov milliyə baş məşqçi təyin olunanda elə bilirdik ki, hər şey yağ kimi gedəcək. Amma onun sehrli çubuğu yoxdur axı... Sehrli çubuğun olmamasını, mənim kimi, Qurbanov da bilirdi. Bu yükün altına niyə girdiyini o gün də anlamadım, bu gün də anlaya bilmirəm. Milli komandanın bugünkü nəticəsinə görə Qurbanovun günahı nə qədərdir? "Qarabağ"dakı fəaliyyəti göstərir ki, o yaxşı nəticələr qazana bilir. "Qarabağ"la milli komandanın bircə fərqi var: klubda keyfiyyətli oyunçular var, millidə isə bu çatışmır. Bəs milli komandaya oyunçular seçərkən Qurbanov hansısa səviyyəli oyunçunu kənarda qoyubmu? Məncə, yox. Deməli, səbəbi başqa yerdə axtarmaq lazımdır.

SƏBƏB: Bizim futbol idarçilərimiz vəzifələrinin öhdəsindən gələ bilmirlər !!! Onlar futbolu inkişaf etdirməyə qadir deyillər!!! Futbolun inkişafına dair Dövlət Proqramının yerinə yetirilıməsi barədə verilən açıqlamaların həqiqətlə heç bir əlaqəsi yoxdur. AFFA-nın bütün rəhbərliyi istefa verməlidirlər!!! Futbol mütəxəssislərə verilməlidir. FUTBOLUN İNKİŞAFINA SIFIRDAN BAŞLANMALIDIR. AFFA-nın indiki rəhbərləri bunu bacarmır, bacarmaz.

D liqasına dördüncü səbətdən başlayan 3 ilin komandası - Kosova birdən-birə C liqasına çıxır, 26 yaşlı Azərbaycan kənardan tamaşa edir. Bunun tək günahkarı AFFA rəhbərliyidir.

Bəs nə etməli?

Millətlər Liqasının formatı bizi çətin vəziyyətdə qoyur. Belə ki, bu liqa əvvəl yüksək liqaya vəsiqə verir, sonra Avropa Çempionatının finalına yol açır. Bizə isə yüksək liqaya keçmək yox, AÇ-nin finalına vəsiqə qazanmaq lazımdır. Çünki Avropa Çempionatının qrup mərhələsindən final mərhələsinə düşmək bizim üçün şirin bir yuxudur. Odur ki, bizə Millətlər Liqasının verdiyi imkandan yaralanmaqdan başqa bir şey qalmır.

O ki, qaldı qrup qalibi ola bilməməyimizə, bunun üçün təəssüflənməyə dəyməz. Elə bizim AFFA-nın indiki rəhbərliyinə də bu lazımdır. Çünki qrup qalibi olmaq, AÇ-nin finalından əvvəl bir liqa yuxarı dəstəyə - C liqasına keçmək deməkdir. Əgər bu baş versəydi onda biz növbəti Millətlər Liqası çempionatında İrlandiya, Şimali İrlandiya, Slovakiya, Türkiyə, Albaniya, Bolqarıstan, Macarıstan, Yunanıstan, İsrail, Rumıniya, Çernoqoriya, Belarus, Makedoniya və Gürcüstan kimi komandaların 3-ü ilə bir qrupa düşüb qapazaltı olacaqdıq. Qapazaltı olacaqdıqsa, deməli AÇ-nin finalına da yolumuz bağlanacaqdı. Onda Millətlər Liqası bizim nəyimizə lazımdır?

Millət Liqası isə bizim üçün AÇ finalına düşmək üçün bir fürsətdir. Nə qədər ki, AFFA-ya indiki funksionerlər rəhbərlik edir, biz AÇ finalına vəsiqəni yalnız D liqasında qazana bilərik. Doğrudur, bunu ilk çempiontda qazanmaq daha rahat idi. Təəssüf ki, bunu bacarmadıq. Növbəti çempionatlarda artıq daha yüksək C liqasından gəlmiş komandalarla mübarizədə bu iş daha da çətinləçəcək. Amma yenə də AÇ-yə vəsiqə qazanmağın bizim üçün ən rahat yolu D liqasıdır. Bunun üçün isə daxili çempionatımız, heç olmasa, 3-4 il əvvəlki səviyyəsinə qayıtmalıdır. Bu da indiki rəhbərliklə mümkün deyil.

Növbəti Millətlər Liqası çempionatında rəqiblərimiz daha ciddi olacaqlar. Çünki biz ilk çempionatın qrupları formalaşarkən püşkatmaya birinci səbətdən qoşulmuşduq. Növbəti çempionatda isə ikinci səbətdə olacağıq. Gəlin növbəti çempionatdakı potensial rəqiblərimizi gözdən keçirək.

Mİllətlər Liqası, 2020-ci il, D liqası

I səbət: Kipr, Litva, Sloveniya, Estoniya

II Səbət: Azərbaycan, Andorra, Ermənistan, Cəbəllütariq

III Səbət: Qazaxıstan, Latviya, Lixtenşteyn, Lüksemburq

IV Səbət: Malta, Moldova, San Marino, Farer adaları

Birinci səbətdən hansı komanda bizim üçün daha az təhlükəlidir? Məncə, burada heç bir komandadan 6 xal götürə biləcəyimizi əminliklə demək olmaz. 3-cü səbətdə də rəqiblər bizim üçün rahat deyil. Qazaxıstanla fərdi görüşlərimizdə balans rəqibin xeyrinədir. Latviyanın Avropa Çempionatının finalında oynadığını unutmaq olmaz. Lixtenşteyn və Lüksemburqla da fərdi görüşlərimiz bizə açıq səma vəd etmir. 4-cü səbətdə yer alan Malta və Farer Adaları artıq bizə tanışdır. Bu çempionatda Maltadan cəmi 2 xal ala bildik. Farer Adaları ilə oyunlarda maksimum nəticə qazansaq da oyun keyfiyyətinə görə səfərdə rəqibə xeyli uduzduq. Moldova da bizim üçün çətin ki, 6 xallıq rəqib olsun. Bəs elə isə bizim qrupda hansı komandalar olsa, qrup qalibi olacağımızı əminliklə demək olar? Məncə belə bir qrupun formalaşacağını demək çətindir.

Zənnimcə, Estoniya (Litva) , Azərbaycan, Lixtenşteyn, San Marino kimi bir qrup yaransa qrup birinciliyinə iddia etmək olar. Amma bundan sonra AÇ-yə vəsiqə uğrunda qarşımıza çıxacaq Kipr, Sloveniya, Ermənistan, Qazakıstan kimi komandaları məğlub etməliyik. Bizim milli komandanın buna gücü çatacaqmı?

Bu suala "bəli" cavabını vermək cəsarət tələb edir.

Gəlin, özümüzü aldatmayaq. Futbolu inkişaf etdirməyə başlayaq. İnkişafsız nəticə olmayacaq.

Oxundu: 1021