Bazar ertəsi, 17 dekabr 2018

Menu

Bazar ertəsi, 17 dekabr 2018

Yazarlar

TAHİR SÜLEYMANOV

"Şəffaf" futbolun zəlzələsi

30.11.2018 16:49

Sakitlikdi...

Azərbaycan millisinin Kosova(o) məğlubiyyəti bir həftə müzakirə edildi, obyektiv, subyektiv fikirlər səsləndi, getdikcə ümumi futbol, təhlillər ikinci plana keçdi, fərdlərin tənqidi, müdafiəsi önə çıxdı. Futbol ictimaiyyəti 3-5 yerə parçalandı, məqsədlilərlə yanaşı küyə gedənlər də sel axınına düşdü. Belə anarxiya durumunda obyektiv yanaşma da subyektiv, hətta qərəzli qəbul oluna bilərdi.

Futboldakı ümumi durum tədricən yaddan çıxdı, çıxarıldı. İctimai qarşıdurma Elxan Məmmədov-Qurban Qurbanov müstəvisində cərəyan edir. Futbolda, yaşıl meydanda müdafiəni möhkəm saxlaya bilməyənlər üçün tərəfdarları "qala" müdafiəsi qururlar. Vəziyyət o həddə çatıb ki, "komanda" üzvləri "xor kapella"sı ilə futbolçuları təhqir etməkdən belə çəkinmirlər, "ay amandı, batırıq, hər şey əldən çıxar" isteriyası altında özlərini biruzə verirlər. Müxtəlif dezinformasiyalarla ictimaiyyəti dolaşdırmaq, parçalamaq, əsl kökdən, mahiyyətdən yayındırmaq cəhdləri kulminasiya nöqtəsinə çatmışdı.

Heç şübhəsiz, indiki nisbi sakitlikdə əl altdan işlər görülür, AFFA-nın mərtəbələrində hazırlanan məqsədli zərflər SOCAR səlahiyyətlilərinə göndərilir, vaxt, mövqe udulmağa çalışılır. Bunlar bizə tanış "senarilər"di. Futbol onları heç vaxt düşündürməyib...

Ərazi üstünlüyü isə gah bir, gah da digər tərəfdə olur. "Qol" vurmaq, qələbə qazanmaq günü-gündən çətinləşir.

Cavabdehlər, səbəbkarlar isə susmağa üstünlük verirlər. Daha doğrusu verirdilər... O vaxta qədər ki, Priştinadakı stadionun dəhlizində futbolçuları meydana birgə yola salanlar günlər sonra Bakıda "küsmüş", "küsdürülmüş" T.Bəhramov adına stadionun qaçış cığırında yanaşı göründülər.

Kimin kimin ayağına getməsi, hansı açıqlama(lar) verməsi öz yerində, əsas birinin gəlməsi, digərinin "bir yerdə işləyirik" mesajları ilə "atəşkəs"in əldə olunması, yaranması idi. Qarabağın acı taleyi kimi 25 ildi sürən atəşkəs 1 il, 5 il olacaq, zaman göstərəcək...

Niyə məhz mərkəzdə Elxan Məmmədov, Qurban Qurbanovdur?!

İlk emosional müzakirələr təbii, instiktiv olaraq yarandı, sünilik yox idi. O vaxta qədər ki, müzakirələr əndazəsindən çıxdı, məqsədli olaraq çıxarıldı...

AFFA-Azərbaycan Futbol Federasiyaları Assosiasiyası assosiativliyini, federasiyalarlığını çoxdan itirib. Katiblik futbolda əlaqələndirici orqan olsa da, Qurban Qurbanovun da təmsil olunduğu İcraiyyə Komitəsi tərəfindən müstəsna səlahiyyətlər verilib. Federasiyanın strukturunda baş katib Elxan Məmmədovun birbaşa rəhbərlik etdiyi, öz təbirlərincə desək nəzarət "hissə"si aşağıdakılardır:

1. Maliyyə və mühasibatlıq departamenti,

2. Layihələrin təminatı departamenti,

3. "A" milli komanda,

4. Texniki departament,

5. Beynəlxalq əlaqələr şöbəsi,

6.İnfrastruktur,

7. Uşaq və gənclər üzrə yarışların təşkili şöbəsi,

8. Regionlarda AFFA nümayəndəlikləri (Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran, Mingəçevir, Qazax, Bərdə, Sabirabad),

9. Tikinti, təchizat və nəqliyyat şöbəsi,

10. İnnovasiya texnologiyaları şöbəsi,

11. Marketinq və reklamlar şöbəsi,

12. Hüquq və kadr məsələləri şöbəsi,

13. İnzibati təsərrüfat şöbəsi,

14. Qadınlar liqasının təşkili şöbəsi,

15. Lisenziyalaşdırma qrupu,

16. Təhsil,

17. Kütləvi futbol,

18. Mətbuat və ictimaiyyətlə əlaqələr,

19. Futbol Akademiyası.

20. AFFA-nın tabeliyində olan stadion, bazalar,

21. Təhlükəsizlik xidməti,

22. Futzal.

Bunlara FİFA, UEFA, federasiyalarla əlaqələrə rəhbərlik, "muzdlu" komitələr və digər səlahiyyətlər də daxildir. 10 ildən çoxdur AFFA-da prezident kabinetində əyləşən baş katib hesabatı yalnız federasiyada oturmayan prezidentə verir. Nəzərə alaq ki, 2004-cü ildən vəzifələrdə olan v.-prezidentlər AFFA-dakı kabinetlərdə əyləşmirlər və struktura görə də "ofsayd"dadılar. "Boz kardinal"lıq, turist səfərləri isə öz yerində...Belədə ölkə futboluna kim cavab verməlidir?! 300-500 manat maaşa işləyib stadionları dolduran sıravi azarkeş, haqlı iradlarını bildirən jurnalist, yoxsa bir-iki sözünü deyə biləcək futbol adamları...?!

2013-cü ildə məlum şuralaşma qərarının kökündə klubların bir əldən deyil, şəffaf idarə olunması önə çəkilmişdi. Belə "şəffaf"lığı düşünənlər AFFA-nın de-fakto prezident kimi bir şəxs tərəfindən idarə olunmasına necə rəva bilirlər?! Təbii, "şura", lisenziyalaşdırma "oyun"ları da klubları ələ keçirmək üçün bir vasitə idi. Dağılanlar dağıldı, dağıdıldı, Premyer Liqada saxlanılanlar saxlanıldı, buraxılmayanlar buraxılmadı, digərləri isə birbaşa nəzarətə alındı. Artıq bir gecəyə, bir saata prezidentlər dəyişdirilir, məşqçi, futbolçular isə xırda məsələlərdi...

Azərbaycan futbolunda baş verən "zəlzələ"nin mərkəzində Elxan Məmmədovun durması, olması təbiidir. Futbol təsərrüfatında bu qədər səlahiyyət sahibi olan şəxsin "vulkan" püsgürəndə qaçıb gizlənməsi də mümkün deyil. Və bu durumu kimlərsə yaratmayıb, "мяскoмбинат - я" prinsipi və müxtəlif üsullarla özləri, havadarları ediblər. Futbol naminə deyil, futbola daraşıb futboldan bixəbər ətrafı ilə dövlətin vəsaitini ata malı kimi xərcləmək üçün...

Ümumilikdə isə AFFA-nın bütün mərtəbələrində çalışan səlahiyyətli vəzifə sahiblərinin hər biri futbolun indiki bərbad durumuna görə cavabdehlik daşıyırlar və cavab verməlidirlər...

Millinin baş məşqçisi Qurban Qurbanovdur. "Sunami" yaxınlaşanda, qəza baş verəndə sinəsini önə verəcək ilk şəxs odur. "Zəlzələ"nin mərkəzində olanlarla adının çəkilməsi mütləqdir.

Yeni baş məşqçi niyə bu qədər tənqid atəşinə tutulur?! Millidə müstəsna səlahiyyətlərə sahibdir. Bundan yararlanaraq yaş qrupları üzrə yığmalara da inandığı məşqçiləri cəlb edib. Bundan o tərəfə keçmədi, keçə bilmədi və ya imkan verilmədi...

Futbolumuzun mövcud durumunu göz önünə gətirsək bir ilə yüksək, tarixi nəticələrin qazanılması asan deyil. Baxmayaraq ki, Millətlər Liqası gözəl şans idi. Bununla yanaşı bir il ərzində yeni tikiləcək müasir "novostroyka"nın bünövrəsi qazılmalı, möhkəm təməli qoyulmalı idi. İnkişaf modeli hazırlanmalı, təsdiq edilməli və infrastruktur, uşaq futbolu, təşkilatçılıqdan tutmuş ictimaiyyətlə əlaqələrə kimi məsələlər tənzimlənməli idi. 12 ay bunu etməyə kifayət idi...

Strateji olaraq səhvə yol verildi. İlk açıqlamalar ümid verirdi. Ölkə futbolundakı problemlər baş məşqçi və komandası tərəfindən qaldırılır, açıq şəkildə uşaq futbolunun, digər sahələrin bərbad durumda olduğu vurğulanırdı.

Tez bir zamanda bunlar "unuduldu", artıq baş katiblə birgə mətbuat konfranslarında yenidən milliləşdirilmiş futbolçuların vacibliyi, İslandiya kimi ölkələri yaddan çıxararaq Azərbaycanı Türkiyə, Rusiya kimi ölkələrlə, əhali sayıyla uğursuz müqayisələr edilirdi. Millətlər Liqasındakı zəif rəqiblər cəmiyyət arasında şişirdilir, yarışa strateji plan cızılmır, məqsədlər açıqlanmır, faktiki və psixoloji olaraq milli liqaya "boşalmış" vəziyyətdə yaxınlaşırdı. İlk oyunlardan sonra rəqiblərin "səviyyə"sini əyani görən azarkeşlər, ictimaiyyət tərəfindən haqlı iradlar, təzyiqlər başladı.

Azərbaycan futbolunda tarixən futbolçular, ümumilikdə futbol adamlarının əksəriyyəti yaşıl meydandan kənarda "axsayır"lar. Ona görə də karyeralarını bitirdikdən sonra özlərini tapa bilmirlər, keçmişlə yaşamağa davam edirlər.

Qurban Qurbanov məşqçilikdə adını Azərbaycan futbol tarixinə öz əməyi, bacarığı ilə yazdırmış şəxsdir. Heç kim bunu inkar edə, silə bilməz. Bu nəticələrin qarşılığında milliyə üst səviyyədə təsdiq edilib. Hər zaman da fikiri yaşıl meydanda olub, kənara çıxmayıb. Kabinet adamı deyil...

Klubla milli fərqli, bir-birindən kəskin seçilən sahələrdi. Son bir ildə baş verən proseslər idarəçi təcrübəsinin olmaması, buna önəm verməməsi, qarşısındakılara hədsiz inanması idi. Ancaq meydandakı fəaliyyətlə yeni tarix yazmaq istədi, amma ümumi strateji uğursuzluq, daxili təzyiqlər, təcrübəsizliyi buna imkan vermədi. 30 ildir Azərbaycan futbolunda olan Qurban Qurbanovun diplomatik addımları yetərli olmadı. Yeri gəlmişkən millinin son oyununda meydanda 5 milliləşdirilmiş futbolçu çıxış edirdi.

Millətlər Liqasındakı fiasko son görüşdə baş vermədi. Əvvəl süni də olsa bir "komanda" kimi addımlar atılırdısa, qısa zamanda başlardan başlayan parçalanma baş qaldırdı. Bir baş ayıldıqca digər baş daha da açıq "oynayır"dı.

"İki baş bir qazanda qaynamaz". Daha doğrusu bir baş digər başı kiçildib sistem "qazan"ına yerləşdirə bilmədi...

Elxan Məmmədovla görüşlərimdə dəfələrlə bildirmişəm, idarəçilik qabiliyyəti var, futbola uyğun olmasa da özünə sərf edən sistem qurub, futbolun dərinliyini bilmir və ətrafına bacarıqsız, baş əyən insanları toplamağı xoşlayır. Bunlar futbol adına saf niyyətin olmaması və qorxaqlıq əlamətidir. "Oyun" oynamağı xoşlayan baş katib "tora" düşənlərdən, "baş üstə"lərdən həzz alır.

Son görüşlərimizin birində yaxın sırdaşına, dostuna dediyi kimi, "Tahir müəllimə deyirəm nə vəzifə istəyirsiz deyin, demir". "Təklif"in kəsərli cavabı 2-3 ay sonra 10-15 insanın iştirakı ilə federasiyada keçirilən AFFA rəsmiləri, hakimlərin toplantısında verildi. Baş katibin futbolu bilməməklə yanaşı ən zəif nöqtələrindən biri "qurma"larının baş tutmaması, beyin məğlubiyyətləridir. Belədə stresə düşür, özünə yer tapa bilmir, "gücü" daxili hiylələrə, kütləyə yönələn şəkil qalereyasına çatır...

Meydanda qollar buraxılsa da Qurban Qurbanovun idarəçi təcrübəsizliyindən, öz komandasının olmamasından istifadə edib məğlub durumda yola salmaq istəyi baş tutmadı. Məğlub olan yenə milli oldu, zərbə Azərbaycan futboluna, xalqa dəydi.

Qurban Qurbanovun heç idarəçi təcrübəsizliyi də qəbul edilməyə bilər. Çünki bu sahəyə heç vaxt marağı olmayıb, işi yalnız yaşıl meydana yönəlib. İndiki məqamda isə ümumi futbol adına qəti addımların atılması şərtdir. Əks halda növbəti məğlubiyyətlər qaçılmazdır. İnanmaq istərdim ki, baş məşqçi üçün keçən bir il ən böyük təcrübə, dərs olacaq....

10 ildən çoxdu dövlətin ayırdığı yüz milyonlarla vəsait havaya sovrulur. Elxan Məmmədov qarışıq federasiya rəsmiləri 100 minlər, milyonlar qazanıblar.

Azərbaycan futbolunda çox az sayda insan var ki, nəticələrlə yanaşı qazandığı vəsaitin qarşılığını ölkəyə milyonlarla valyutanın gətirilməsi ilə ödəyiblər. Onlardan biri və hazırda öndə gedəni də Qurban Qurbanovdur. Klub və millinin eyni anda çalışdırmaq məsuliyyətini isə tək baş məşqçi deyil, buna ilk olaraq razılıq verən AFFA başbilənləri daşıyırlar. Strateji əsas məsələ isə ümumi futbolun bəlalardan yaxa qurtarmasıdır...

Azərbaycan futbolunda "bir parça çörəy"ə görə çox başlar əyilib, ayaqlar altında qalıb. Qurban Qurbanov səhv etdi, amma baş əymədi.

Əksinə, Elxan Məmmədov şəkil çəkdirmək üçün ayağa gəldi...

Şəkil, "şelfi" çəkdirməyi çox xoşlayırlar. Elxan Məmmədov foto-fakt üçün Qurban Qurbanovun yanına yox, AFFA-nın birinci mərtəbəsindən tutmuş beşinci mərtəbəsinə kimi hamını yığıb Lənkəranın "Fırtınalar meydanı"nda şəkillər çəkdirməlidir. Bu gün federasiyadakı kabinetlərdə oturanların sayı 8 komandalı açıq "Bakı birinciliyi"ndə çıxış edən yerli futbçulardan daha çoxdur. Geri dönəndə "yetişdirilən" 140 min futbolçunun bir hissəsini görmək üçün dahi Banişevskinin adını daşıyan stadiona baş çəkməlidirlər. Yollarını İmişlidən salıb Heydər Əliyev adına müasir stadionun saralmış meydançasında "şelfi"lər də yerinə düşər. Təzə salınmış yollarımızla Yevlaxın stadion-bazasına dəyib Qazaxa kimi səfər etsinlər. Şimala yolları Sumqayıta kimi uzanmasın, Quba, Qusar stadionlarının durumunu görsünlər. Sizin əlinizdən Babadağ illərdi qonşusu "Şahdağ"ı futbolun bataqlığından qarlı zirvələrə səsləyir. Möhtəşəm "şelfil"ər üçün Zaqatalanın gözəl təbiəti əvəzolunmazdır. Qurban Qurbanovu da özünüzlə aparın, doğma torpağı qarış-qarış tanıyır, yaxşı şəkillər alına bilər. Geri qayıdanda tək bölgə klubu olan Qəbələ futbolunun məhv edilməsi planlarını da qurmayın. Təyyarəyə minməyi çox xoşlayırsız, arada yolunuzu blokada şəraitində olan Naxçıvandan da salın...

Dövlətin, xalqın pulları xərclənir. Bu günlərdə ölkə prezidenti Quzanlıya səfər etmişdi. Utandıqlarından boş, baxımsız qalmış stadionu göstərə bilmədilər. Vaxtilə sevə-sevə Quzanlıya getdiyimiz "Neftçi"ni də, "Qarabağ"ı da, bütün Bakı klublarını da götürün Quzanlı stadionunda möhtəşəm fotolar çəkdirin. Hünəriniz çatsa düşmənlərlə qarşı-qarşıda olan səngərlərə də baş çəkin...Avropa yolları çox yorub sizi. Bir az adrenalin, böyük futbol olmasa da real həyatı görməyiniz yerinə düşər...

"Uşaq futboluna cavabdeh klublardır". Hansı klublar, Bakıda yerləşdirilən süni klublar?! Qəbələ Akademiyasının türk mütəxəssisinin, "Zirə"nin baş məşqçisinin uşaq futbolu ilə bağlı fikirlərinə bir daha nəzər yetirin. Görəsən AFFA uşaq futboluna hər il milyonları niyə xərcləyir?!

Tək klublar cavabdehdisə (onların da əksəriyyəti öz əllərindədir) Bərdəni, Biləsuvarı, Beyləqanı, Balakəni qoyub Berlin "layihə"sinə niyə milyonlar xərclənilirdi?!

UEFA bütün klublarımıza əsasən də uşaq futbolunun inkişafı üçün milyonlarla vəsait göndərib. Kimlərə, hansı nəticələrə görə göndərildiyi də bəllidir. İsveçrədə oturanlar futbolumuzu düşünür, Nobeldəkilər də Bakı neftinin pullarını aparan Nobel mükafatını...

"Bir parça çörək" dərdi ağır məsələ olub. Yaradanın verdiyi çörəyin ünvanı da səhv salınıb. O qədər səhv salınıb ki, Qurban Qurbanovla tonlarla çörək kəsmiş və onun məşqçi uğurlarının bir faizini belə qazana bilməyənlər "topxana"dan olmayan top-tüfənglərini atırlar. Futbol tərəzisinə qoyula bilməyəcək dərəcədə olanlar üçün... Düşündürücü məqamdır.

Azarkeşlər isə hər zaman haqlıdır. Onları nəticələr maraqlandırır, fərdlər yox...Azərbaycan xalqının sevinmək haqqı var!

Topunuzu çiləyin. Top sizdə olmasa da, topla sizi çiləsələr də, hələ ki "topxana"(lar) əlinizdədir.

Kökü möhkəm olan ağaclar bar verər. Tökülən payız yarpaqlarını müzakirə etməklə, məqsədli, məqsədsiz yayınmalarla futbol düzəlməz.

Səhvsiz insan yoxdur və heç kim dünyanı tutub qalmayacaq. Səhvlərdən nəticə(lər) çıxarıb böyük, əsl futbolun sabahını düşünmək lazımdır. Dünyada qalan düz əməllər, atılan addımlardı...

Qurban Qurbanov Kosova(o) faciəsindən sonra dözdü, istefa vermədi.

Qarşıda 3-5 illik zaman var... Eyni zamanda da vaxt da gözləmir...

Qaliblər meydanı qalib kimi tərk edər!

Oxundu: 216

  • "Şəffaf" futbolun zəlzələsi

    30.11.2018 16:49
    Yaşıl meydanda müdafiəni möhkəm saxlaya bilməyənlər üçün tərəfdarları "qala" müdafiəsi qururlar.

© 2018 - NSPSOLUTIONS