cümə, 19 aprel 2024

Yazarlar

QVAMİ MƏHƏBBƏTOĞLU

Prosineçki “qiyam”ı

15.06.2016 14:28

Onlar, demək olar ki, hər bir oyunu maraqla izləyirlər. Və onların hər biri: “Kaş bizim milli də bu kimi çempionatların iştirakçısı olaydı” sözlərini söyləyirlər. Kim bilir, bəlkə elə neçə illər də belə deyəcəklər.

Maraqlıdır, bəs bizim milli niyə bu mərhələyə çıxa bilmir? Olmaya biz bu sahəyə diqqət vermirik? Amma yox, biz futbolumuzun inkişafına vəsait əsirgəmirik. Adi bir misal. Hazırda Avropa çempionatında 24 komanda iştirak edir. Bu komandaların baş məşqçilərinin illik məvaciblərinə fikir versək görərik ki, onlardan yalnız altısının aldığı vəsait bizim milli komandamızın baş məşqçisi Robert Prosineçkinin illik məvacibindən (Onun illik məvacibi 1,2 milyon avrodur) çoxdur. Bu isə o deməkdir ki, cənab Robert öz məvacibinə görə 18 məşqçini necə lazımdır qabaqlayır. Lakin meydandakı göstəricilərinə gəldikdə onlardan çox geri qalır. Üstəlik, Andorranı uda bilmir, xokkey ölkəsi Kanada ilə heç-heçəyə razılaşır, Makedoniyaya uduzur. Özü də hər dəfə müxtəlif bəhanələrlə aldığı məvacibin ona halal olduğunu sübut etməyə çalışır. Halbuki heç o qədər pul xərcləmədən bizim öz yerli məşqçilərimizlə belə “uğurlara” imza ata bilərik. Amma biz hələ də ümid edirik ki... Bilirsinizmi nəyə? Bu sualı verəndə”Nəsimi” filmindən bir epizod yadıma düşdü. Həmin epizodda Qara əmi taxta qılıncla silahlanmış Nəsiminin tərəfdarlarına deyir:

- Ümidimi Fəzl qiyamına bağlamışdım. Budurmu Fəzl qiyamı?

Nəsimi də ərz edir ki, bəs Fəzl qiyamı beyində olmalıdır, Qara əmi, ürəkdə, ruhda olmalıdır.

Daha sonra isə o, uşaqları göstərərək deyir:

- Bunlar obalara, uluslara gedəcəklər, məclislər keçirəcəklər. Özləri kimi yüksək ruhlu elmli insanlar yetirəcəklər. Bu gün üçün yox, onlar sənin nəvə-nəticələrin üçün döyüşməlidirlər, əbədiyyət üçün.

Bu zaman Qara əmi dözməyib deyir:

- Əbədiyyətlə-zadla işim yoxdur mənim. 7 ildir didərgin düşmüşəm yuvamdan. 7 ildir Əlincə qalasında kömək gözləyirlər bizdən. Gəlin uşaqlar polad qılıncı verəcəyəm mən sizə, taxtadan yox. Getdik.

Hə, indi Qara əminin sözü olmasın, bizim futbolun başbilənləri də ümidlərini Prosineçki qiyamına dikiblər. Amma bir həqiqəti başa düşmək istəmirlər ki, əldə material olmadıqca baş məşqçi postunda kimin dayanmasının heç bir əhəmiyyəti yoxdur. Elə bu səbəbdən biz millimizin iştirak etmədiyi hələ çox çempionatların şahidi olacağıq.

Mənə belə gəlir ki, bu qiyamı əvvəlcə daxili çempionatdan gözləmək lazımdır. Çempionatımız isə elə gündədir ki... Hətta bəzi komandalarımız bu gün maliyyə imkansızlığı ucbatından premyer liqa oyunlarından imtina edirlər. Məni isə bu yerdə belə bir sual düşündürür: görəsən, Prosineçkiyə verilən məvaciblə neçə komanda saxlamaq olar? Məncə, bu suala doğru, dürüst cavab verilsə, hər kəs Prosineçki qiyamının boş bir şey olduğunun fərqinə vara bilməkdə çətinlik çəkməyəcək.

Oxundu: 1441