cümə axşamı, 18 aprel 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

“Böyük oyunlar”ın balaca qurbanları

27.06.2016 15:49

10 ildir futbolumuza yeni məfhum gətirilib: “böyük oyun”. “Xəzər-Lənkəran”la “Neftçi” arasında keçirilən oyunlara, nədənsə, “böyük oyun” deyirlər. Uşaq yaşlarımdan futbol azarkeşi olsam da, hələ bizim komandalarımızın iştirakı ilə “böyük oyun” keçirilməsinin şahidi olmamışam. Bəlkə də 2005-ci ildə Gəncədə keçirilən “qızıl oyun”u “böyük oyun” adlandırmaq olardı. Çünki o zaman Azərbaycan çempionunu müəyyən edəcək həmin oyun ərəfəsində böyük ajiotaj var idi. Təkcə jurnalistlər deyil, çoxsaylı azarkeş kütləsi də həmin oyuna tamaşa etmək üçün Bakıdan Gəncəyə axın etmişdi. (Bu axını “Xəzər”in rəhbərliyi təşkil etmişdi).

Həmin oyundan sonra “Xəzər”lə “Neftçi” arasında böyük oyun keçirildiyini xatırlamıram. Bəlkə də “böyük oyunlar” olub, amma bu oyunlar meydançada futbolçular arasında keçirilməyib. Bu komandalar arasında keçirilən oyunlarda hər iki tərəf qələbələr qazanıb, heç-heçələr qeydə alınıb. Bu da futbol üçün adi haldır.

Bəs bu oyunlara niyə “böyük oyun” deyilir?

Əvvəllər, bir qayda olaraq, Lənkəranda keçirilən oyunlarda tribunalar dolu olurdu. Bəlkə “böyük oyun” məfhumu azarkeşlərin sayına görə meydana gəlib? Demək olar ki, hər dəfə “böyük oyun”da azarkeşlər arasında qalmaqallar yaşanır. Azarkeşlərin qalmaqallarının komandalar arasındakı oyuna nə dəxli var?

“Xəzər” – “Neftçi” oyunlarından sonra komandaların rəhbərləri nəticəyə görə həmişə hakimləri günahlandırıblar. Rəsmilər bununla azarkeşlər arasına nifaq toxumları səpiblər. Beləliklə, “Neftçi” və “Xəzər” azarkeşləri barışmaz rəqiblərə çevriliblər. Bunun da nəticəsində Peşəkar Futbol Liqası absurd bir qərar qəbul edib: Bakılı azarkeşlər Lənkərandakı, lənkəranlı azarkeşlər isə Bakıdakı oyunlarda stadionlara buraxılmırlar.

Azarkeşsiz “böyük oyun” təsvvür etmək mümkün deyil axı...

Mətbuatımız “böyük oyun” adını doğrultmaq üçün bu komandaları əzəli rəqiblər adlandırır. “Əzəli” sözünün mənası əvvəli olmayan deməkdir. “Neftçi”nin əvvəli 1937-ci il, “Xəzər”in əvvəli isə 2004-cü ildən başlayır. Bu komandaların rəqabətinin də əvvəli var. Deməli, bunlar da “böyük oyun” üçün uydurulmuş illuziyalardır.

İki komanda arasındakı oyunu o vaxt “böyük oyun” adlandırmaq olar ki, bu oyunlar futbolun inkişafına xidmət etsin. Komandalar arasında sağlam rəqabətə gətirməyən, atmacalarla, replikalarla başaldadıcı ajiotaj yaratmaqla “böyük oyun” olmur.

Əgər bu komandalar səviyyəli əcnəbilər transferində yarışsaydılar, daha çox yerli futbolçu yetəşdirmələri ilə öyünsəydilər, infrastrukturlarını inkişaf etdirmək üçün rəqabətə girsəydilər, onda onların yaşıl qazondakı mübarizəsi “böyük oyun” xarakteri alardı. İndi isə bu mübarizə azarkeşlərarası qalmaqallarla, hakimləri günahlandıraraq məsuliyyətdən qaçmaqla, səviyyəsiz legionerlərin transferlərinə böyük pullar dağıtmaqla müşaiət olunur.

Bu günlərdə "Baksel Arena"da daha bir “böyük oyun” oldu. Bu dəfə “balaca futbolçuların” iştirakı ilə. Yenə rəqib komandanın azarkeşləri stadiona buraxılmadı. Yenə azarkeşlər (“Xəzər”in azarkeşləri tribunalara “sıza” bilmişdilər) arasında qalmaqal yaşandı. Yenə hakim səhvləri oldu. Amma keyfiyyətli oyun olmadı. Doğrudur, hər iki komandanın gənc üzvləri mübarizə aparır, qabiliyyətlərini göstərməyə çalışırdılar. Hətta bəzən buna nail də olurdular. İllərlə səviyyəsiz legionerlərin kölgəsində qalan bu gənclərdən bundan artıq nəsə gözləmək olmaz. Bu gənclərin başı “böyük oyunlar” oynamağa qarışanların yadlarından çıxdığı indi bəlli olur.

Sözün bütün mənalarında “böyük oyunlar”ın qurbanı olan bu “balaca futbolçulara” sağlam rəqabət mühitində böyüyüb azarkeşlərə və “böyuk oyunlar”ın təşkilatçılarına əsl böyük oyunlar göstərməyi arzulayırıq.

Oxundu: 1365