çərşənbə axşamı, 16 aprel 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

Müşahidə Şurası

27.06.2016 16:06

AFFA 2015-ci ildə futbolumuzda yenilik tətbiq etdi. Adını da Müşahidə Şurası qoydu. Premyer Liqa klublarının bir neçəsi dərhal bu yeniliyi qəbul etdi. Amma qəbul etməyənlər də oldu. Bəs bu Müşahidə Şurası nədir? Niyə bu təklif birmənalı qarşılanmır?

Məlumdur ki, indiyə qədər Premyer Liqa komadları kağız üzərində olsa da müstəqil kimi görünürdü. Əslində isə Azərbaycanda, demək olar ki, müstəqil futbol komandası olmayıb və indi də yoxdur. Bütün komandalar sponsorların diktəsi altında fəaliyyət göstərir. Doğrudur, bəzi komandalara özəl şirkətlər sponsorluq edir. Bu sırada “Xəzər-Lənkəran”, “Qarabağ”, “Qəbələ”, “Zirə” və “Rəvan” dayanır. Bu komandaları bəlkə də müstəqil saymaq olar. Amma...

Kluarlarda sponsorların bəzilərinin bu işə könüllü qoşulmadıqları barədə söhbətlər gedir. Bu barədə əlimizdə tutarlı dəlil olmadığından kluar söhbətlərini təsdiqləyə bilmirik. Amma bir həqiqət var ki, Azərbaycanda futbol gəlir gətirən sahə deyil. Belə olan halda ortaya sual çıxır: Əgər futbol gəlir gətirmirsə, sponsorun komandanı himayəyə götürməkdə hansı marağı var? Yəni sponsor pullarını niyə havaya sovurur?

Bəlkə də bunu sponsorların vətənpərvərliyi ilə əlaqələndirmək olar. Bu suala bundan müsbət cavab tapa bilmədiyimizə görə, kluar söhbətlərinə haqq vermək məcburiyyətində qalırıq.

Bəs bunun Müşahidə Şurası ilə nə əlaqəsi var? Məsələ burasındadır ki, dövlət futbolun inkişafında maraqlıdır. Buna görə də bir neçə komandaya dövlət müəssisələri sponsorluq edir.

Azərbaycan futbolunda komandaların maliyyələşdirilməsində şəffaflığın olmaması heç kimə sirr deyil. Hansı komandanın büdcəsinin nə qədər olduğu bəlli deyil. Bu qeyri-şəffaflıq şəraitində komandalar arasında qeyri-sağlam rəqabət mühiti yaranıb. Bu mühit himayəsinə futbol komandası götürən dövlət müəssəsələrinin büdcəsinə son vaxtlar ciddi təsir göstərməyə başlayıb. Bu da dolayısı ilə dövlətin büdcəsində özünü biruzə verir.

İndi bizdə illik maaşı 600-700 min manat olan futbolçular var. Yerli futbolçu bu qədər qazanırsa, məntiqlə legioner daha çox qazanmalıdır. Futbola bu qədər pul xərcləyən ölkənin komandası ən azı Avropa və Dünya çempionatlarnın final mərhələsində oynamalıdır. Amma biz komandalarımızın Avropa miqyaslı yarışların qrup mərhələsinə vəsiqə qazanmasını uğur sayırıq. Doğrudur, müstəqilliyini yeni qazanan ölkənin komandaları üçün bunu uğur saymaq olar. Amma futbola xərclənən pulların müqabilində qrup mərhələsi uğur sayılmamalıdır.

Bəs nə etməli? Dövlət futbola qayğısını dayandırsınmı?

Bu işi AFFA tənzimləməlidir. Ona görə də AFFA Müşahidə Şurası layihəsini işə salmağa məcbur oldu.

Əslində futbolunu inkişaf etdirmək istəyən ölkədə belə bir addımı atılması müsbət haldır. Bu layihə ilə AFFA klubların maliyyə hesablarına həzarət etmək imkanı əldə edir. Amma təkcə maliyyə hesablarına nəzarət etməklə futbolun inkişafına nail olmaq mümkün deyil. Futbolun inkişafını yalnız futbol peşəkarları həyata keçirə bilər. Müşahidə Şurası yaradılması mexanizmində isə bu cəhət unudulub. Elə təsəvvür yaranır ki, AFFA Müşahidə Şurasının vasitəsi ilə komandaları öz əlinə keçirməyə çalışır. Əslində isə məqsəd futbolun inkişafı etdirmək olmalıdır. Futbolu inkişaı etdirmək üçün komandaları ələ keçirmək vacib deyil. Vacib olan maliyyə hesablarını şəffaflaşdırmaqla klubları peşəkarların ixtiyarına buraxmaqdır.

Bunun üçün ən yaxşı yol AFFA-nın dövlətlə və ya klublara sponsorluq edən dövlət müəssisələri ilə anlaşma imzalaması, ayrılan maliyyənin AFFA-nın vasitəsi ilə klublara verilməsinə nail olmasıdır. Bu razılaşma əldə olunarsa, AFFA dövlətin futbola ayırdığı vəsaitin miqdarını ictimaiyyətə açıqlayar və onu komandalar arasında fərq qoymadan bərabər bölüşdürər. Beləliklə də komandaların maliyyə hesablarına kənardan nəzarət etmək imkanı qazanar.

Müşahidə Şuraları yalnız məhdud sayda klublara tətbiq olunmalıdır. Bütün klubları buna məcbur etmək doğru deyil. Daha doğrusu, müstəqil klubların olmasında AFFA maraqlı olmalıdır ki, futbolda sağlam rəqabət mühiti formalaşsın.

Oxundu: 2102