cümə, 26 aprel 2024

ÇEMPİON TV

AFFA məşqçini futboldan uzaqlaşdırdı

17.05.2016 12:44 Oxundu 64

Yığıncaqda Azərbaycan kubokunun 1/2 mərhələsinin cavab oyunları və Topaz Premyer Liqasının XXXIII turunda yaşananlar müzakirə olunub. Nəticədə komitə yalnız iki komandanı cəzalandırıb. “Qəbələ” və “Neftçi”nin kubok matçından sonra hər iki klubun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə komandalar 1000 manat cərimə olunub. Əyalət klubunun azarkeşləri tərəfindən 13-cü dəqiqədə meydançaya kənar əşyalar atıldığı üçün klub daha 2000 manat ödəyəcək. Çempionatın “Zirə” – “Qəbələ” matçında qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün əyalət təmsilçisi 1000 manat ziyana düşüb.

İntizam Komitəsinin iclasında I divizionun XXV turunda da baş verən neqativ hallara görə tətbiq olunan cəzalar da açıqlanıb: “Şahdağ” və “Şəmkir” klubları sərt cəzalara məruz qalıblar.

“Şahdağ” – “Şərurspor” matçında ev sahiblərinin iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib, bundan əlavə “Şahdağ” 500 manat cərimələnib.

Turun digər oyunu – “Şəmkir” – MOİK matçının 18-ci dəqiqəsində “Şəmkir”in cəzalı olan baş məşqçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq komandasının oyunu davam etdirməməyini tələb edib və oyunda 10 dəqiqə məcburi fasilə yaranmasına səbəb olub. Habelə hakimlər briqadasını təhqir edərək onlara hədə-qorxu gəlib. İntizam Komitəsi bütün baş verənləri nəzərə alıb, Kamran Əlibabayevin 12 ay futbol fəaliyyətinə qadağa qoyub, klubu isə 1500 manat cərimələyib. “Şəmkir” meydançanı özbaşına tərk etdiyi üçün, sonradan meydançaya qayıtmasına və oyuna davam etməsinə baxmayaraq daha 1000 manat cəriməyə məruz qalıb.