şənbə, 27 aprel 2024

GÜLƏŞ

Ağahüseyn Mustafayev dünya çempionu oldu

22.09.2016 00:04 Oxundu 5000

Sentyabrın 21-də Makedoniyanın paytaxtı Skopye şəhərinin ən böyük idman arenalarından olan Boris Traykovski adına İdman Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının birinci günü başa çatıb.İlk olaraq Azərbaycanın 4 sərbəst güləşçisi yarışlara qatılıb. Onlardan Ağahüseyin Mustafayev 65 kiloqram, Coşqun Əzimov 70 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar. Final görüşündə Ağahüseyn Mustafayev Şimali Koreya idmançısı Gvanq Kinə 8:5 hesabı ilə qalib gələrək 65 kiloqramda dünya çempionu olub.

Coşqun Əzimov isə final görüşündə Rusiya idmançısı Maqamed Qurbanəliyevə uduzaraq ikinci yerə çıxıb.

Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının da qatıldığı hərbçilərin güləş üzrə 31-ci dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edir. Yarış iştirakçılarının yarıdan çoxu Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçılarıdırlar. Dünya çempionatında sərbəst güləş yarışlarında ilk dəfə qadın hərbçi idmançılar da 8 çəki dərəcəsi üzrə iştirak edirlər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan–Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Həmçinin dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibinə beynəlxalq dərəcəli hakim Elman İsmayılov da daxildir.