şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

"Dünya çempionatında irəliyə doğru daha bir addım ata bildik" - Futzal millimiz 1/4 finalda

23.09.2016 07:54 Oxundu 1548

Azərbaycan milli komandası Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 1/4 final mərhələsinə yüksəlib.

Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində Tayland yığması ilə qarşılaşan millimiz 13:8 hesabı ilə qələbə qazanıb. Oyunun əsas vaxtı 7:7 hesabı ilə yekunlaşdığı üçün qalib əlavə vaxtda müəyyənləşib.

Millimiz 1/4 final mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq. Qarşılaşma sentyabrın 25-də, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 26 sentyabr, saat 03:00) Cali şəhərindəki Coliseo El Pueblo İdman Kompleksində keçiriləcək.

Futzal üzrə dünya çempionatının 1/8 final mərhələsində keçirilmiş Tayland – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Milton Luis Ziller Juniorun səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

“İrəliyə doğru daha bir addım ata bildik”

“Çox maraqlı, bir qədər də, belə demək mümkünsə, qeyri-adi hesabla yekunlaşan oyun oldu. Qarşılaşmanın gedişi bir neçə dəfə dəyişdi. Həm hesab, həm də oyunun xarakteri baxımından. Bizim də, rəqibimizin də üstün olduğu məqamlar vardı. Lakin ən vacibi budur ki, qələbə qazandıq və dünya çempionatında irəliyə doğru daha bir addım ata bildik. Artıq bütün fikrimizi növbəti oyuna hazırlaşmağa yönəldəcəyik”.

1/4 final

24 sentyabr

00:30. Paraqvay - İran

03:00. Rusiya - İspaniya

25 sentyabr

00:30. Argentina - Misir

03:00. Azərbaycan - Portuqaliya