cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Portuqaliya ilə matçda şansımız az deyil"

23.09.2016 09:15 Oxundu 1426

Dünya çempionatının 1/8 final mərhələsində Tailandla qarşılaşan futzal üzrə Azərbaycan millisi əlavə vaxtda qələbə qazanaraq (13:8) 1/4 finala yüksəlib. Oyundan sonra millimizin bu matçda ən çox qol vuran oyunçusu Fineo apasport.az saytına müsahibə verib.

- Görüşün bu qədər gərgin keçəcəyini gözləyirdinizmi?

- Çox çətin oyun alındı. Yaxşı başladıq və ardıcıl qollar vurduq. Vura bilmədiyimiz epizodlarımız da az olmadı. Amma rəqib oyundan qopmadı. Fasiləyə qədər hesabı bərabərləşdirdilər. Bilirdik ki, onlar sona qədər mübarizə aparacaqlar. Belə də oldu. Təxminən gözlədiyimiz ssenari alındı.

- 4:2 hesabı ilə öndə olan zaman nə baş verdi ki, rəqib hesabı 4:6-ya çatdırdı...

- Futzalın gözəlliyi də budu. Biz çox səhvlərə yol verdik, lazım olan məqamlarda “çərçivə”yə düşə bilmədik. “Vurmayana vurarlar” prinsipi işə düşdü. Sanki emosiyaların oyunu oldu.

- Növbəti rəqib Portuqaliyadı. Tanış rəqib haqda nə düşünürsünüz?

- Onları yaxşı tanıyırıq. Güclü komandadı. Rövşən, Vassoura və mən oynamayacam. Sarı vərəqələr daha çox hakimin səhvindən göstərildi. Fikir verdinizsə, ispan hakim əksər qərarları rəqibin xeyrinə qəbul edirdi. O, sarı vərəqələri göstərərkən ədalətli olmadı.

- Adlarını çəkdiyiniz oyunçuların yoxluğunda komandamız üçün çətin olmayacaq?

- Məşqçilər korpusu bunun yolunu tapacaq. Komandada Xətai, İsa, Ramiz, Emin kimi oyunçular var. Onlar bizim yoxluğumuzu hiss etdirməməyə çalışacaqlar. Belə vəziyyət yaranmamalı idi. Ancaq oyunun emosiyası bəzən insanı özündən çıxarır. Əsəblərinə hakim ola bilmirsən. Bir az da hakimlərin yanlış qərarları təsir göstərir.

- Beş qol vurdunuz. Xüsusi hədiyyə etmək istədiyiniz insan varmı?

- Bilirəm ki, gecənin bir aləmində yatmayıb, ekran qarşısında oyunu izləyirlər. Mən də qollarımı Azərbaycanda bizi izləyən, hər zaman komandamızın yanında olan və dəstək verən azarkeşlərimizə həsr edirəm. Onlar bizi heç vaxt yalnız qoymayıblar.

- Yarımfinala yüksəlmək şansımız varmı?

- Şans hər zaman var. Ondan düzgün istifadə etsən, səni uğura çatdıracaq. Yox, şansını boşa versən, təbii ki, məqsədinə çatmayacaqsan. Portuqaliya ilə matçda şansımız az deyil. Gərək səhvlərə yol verməyək.