şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

VI turun bayatıları

25.09.2016 20:38 Oxundu 1969

Topaz Premyer Liqasında VI turundan: “Kəpəz” – “Qarabağ” - 1:1, “Zirə” – “Qəbələ” - 0:2, AZAL - İnter 1:3

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov:

Mənə xoşdur bax bu hal,

Bax bu gedi, bu minval

Çox şükür ki, "Kəpəz"dən

Ala bildik bircə xal.

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev:

Qaçıb işrət dalınca,

Baş qoymadım balınca,

Yüz yol ölüb, dirildim

Mən bir xalı alınca.

“Kəpəz”in qapıçısı Tadas Simaitis:

Gətir bura kitabı,

Yazım bu xoş kəlamı:

Oyuna görə oldu

Bu yarışın hesabı.

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk:

Baş qoşmayıb söhbətə

Dayanmışdıq növbədə

"Zirə"ni məğlub edib

Qərarlaşdıq zirvədə.

"Zirə"nin baş məşqçisi Adil Şükürov:

Əzizim, toy axşamı,

Durun yandırın şamı.

Bu oyunda tanıya

Bilmədim komandamı.

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov :

Əzizim, oyum-oyum,

De, ondan necə doyum?

Allah, özün kömək ol

Bu enişə son qoyum.

"İnter"in baş məşqçisi Zaur Svanadze:

Söz deyim neçə tonluq,

Olsun maraqlı sonluq:

Könlümə düşüb yaman

Bu mövsüm çempionluq.