şənbə, 20 aprel 2024

MÜSAHİBƏ

Əliyar Ağayev: "Yaxşı qiymətlər alıb, 1-ci kateqoriyaya yüksəlmək istəyirik"

27.09.2016 12:56 Oxundu 5820

Nəhayət... Bir neçə həftədir ki, gözlədiyimiz xəbər gəldi. Əslində, uğurlu Avropa oyunlarından sonra Avropa Liqasının qrup oyununa təyinat gələcəyini gözləyirdik. Amma bu qədərini yox...
Bəli, azərbaycanlı FİFA referisi Əliyar Ağayev “Roma” (İtaliya) – “Astra” (Rumıniya) oyununu idarə edəcək. Etiraf edək ki, klub səviyyəli turnirdə “Roma” ilə müqayisə oluna biləcək rəqibləri ölkəmizə gətirsək də, bir azərbaycanlı olaraq bu tip komandanın oyununda söz sahibi olmamışıq. Bunu ilk olaraq Əliyar Ağayev və onun briqadası edəcək.
Azərbaycanın fəxri komandasına Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov, Orxan Məmmədov və Rəhim Həsənov daxildir. Sentyabrın 29-da keçiriləcək oyunda hər bir hakimimizə uğurlar arzu edirik...

Eyni zamanda, fəxri komandanın kapitanı ilə olan müsahibəni sizin ixtiyarınıza buraxırıq...


- Sentyabrın 29-da 70 min tamaşaçı tutumuna malik Roma Olimpiya stadionunda keçiriləcək “Roma” – “Astra” görüşündə son sözü siz deyəcəksiniz. Sadəcə, buna görə sizi təbrik etməyə dəyər...
- Təşəkkür edirəm, çox sağ olun...

- Cari futbol ilində neçənci təyinatınızı aldınız?
- Müxtəlif beynəlxalq yarışlarda 7 oyun idarə etmişəm. Avropa Liqasının seçmə mərhələsinin iki oyununda ədaləti qorumuşam. Eyni zamanda 21 yaşlıların 1 görüşündə eləcə də Rusiya və Qana komandalarının yoxlama görüşündə söz sahibi olmuşam. Bundan əlavə final görüşünə təyinat aldığım 19 yaşlı futbolçuların Avropa çempionatının 3 oyunu mənə tapşırılıb.

- Bu trayektoriyadan sonra sizə Avropa Liqasının qrup mərhələsinin oyununun veriləcəyini gözləyirdik. Amma böyük beşlikdən olan “Roma”nın iştirakı ilə keçiriləcək matça dəvət olunacağını düşünmürdük...
- Açığı, 2015-ci ildə Avropa Liqasının qrup mərhələsində “Rapid” – “Dinamo Minsk” oyunununda hakimlik etmişəm. Etiraf edim ki, qrupun sonuncu oyunu idi, həmin vaxt hər şey həll olunmuşdu, görüşün nəticə baxımından əhəmiyyəti yox idi. Əsas istəyim ondan ibarət idi ki, yenidən Avropa Liqasının qrup mərhələsinə təyinat alım. Bu dəfə 2-ci turun vacib görüşü bizi gözləyir. Hər bir oyuna maksimum motivasiya ilə çıxırıq ki, səhvlərə yol verməyək. Amma sizinlə razıyam ki, böyük beşlik ölkələrindən olan komandaların görüşünə təyinat almaq əlavə ağırlıqdır. Avropanın mərkəzində bu qədər azarkeş qarşısında son sözü demək çox böyük məsuliyyətdir. İndiyə qədər klub səviyyəsində böyük beşlikdən olan hər hansı bir komandanın oyununu idarə etməmişəm.

- Söhbətlərimiz zamanı dəfələrlə qeyd etmisiniz ki, tanınmış komandaların görüşünü idarə etmək daha asandır. Necə düşünürsünüz, bu tip oyunlarda əsasən nəyə diqqət eləmək lazımdır?
- Düşünürəm ki, bu tip görüşlərə fiziki cəhətdən tam hazır olmaq lazımdır. Əgər fiziki cəhətdən hazır olursansa, digər maneələri keçmək asan gəlir. Eyni zamanda, psixoloji cəhətdən tam rahat olmalısan. Bu və ya digər komandanın adının üzərində əlavə gərginlik yaratmamalı, oyuna adi qaydada yanaşmalısan.

- Səhər saatlarından bu yana nə kimi araşdırmalar aparmısınız?
- Bilirəm ki, “Roma” ilk oyunda Çexiya “Viktoriya”sı ilə heç-heçə edib, “Astra” isə “Austrya” (Vyana) klubuna uduzub. Hakimlər briqadasına kömək edən stadion nümayəndəsi ilə də danışmışam. Həmin şəxs mənə bildirdi ki, stadionun ot örtüyü yenidir. Komandaların heyətlərinə baxmışıq, turnir cədvəlindəki mövqeyi ilə tanışıq. Ümumi rəy formalaşıb, amma komanda şəkilində bir daha araşdırma aparacağıq.

- Qeyd etdiyiniz kimi, Avropanın mərkəzində oyun idarə edəcəksiniz. Uğurlu idarəçilik bizim üçün 1/8, 1/4 final mərhələsinin görüşləri üçün açar ola bilərmi?
- Vacib turnirlərin daha üst səviyyəli oyunlarını idarə etmək kateqoriyadan asılıdır. Məqsədimiz odur ki, briqada şəkilində veriləcək hər bir təyinatın öhdəsindən layiqincə gələk. Dekabr ayına qədər veriləcək oyunlardan üzüağ çıxmaq ən ali məqsədimizdir. Düşünürəm ki, səlahiyyət sahibi olan komitə tərəfindən “Roma” kimi komandanın oyununa xüsusi nəzarət olacaq. Dekabra qədər yaxşı qiymətlər alıb, 1-ci kateqoriyaya yüksəlmək istəyirik. Məhz bundan sonra yarışların söylədiyiniz mərhələsinə təyinat almaq real olacaq. Hazırkı vəziyyətdə real görünmür. İndiyə qədər belə bir hal olmayıb.

- Avropa Liqasının “Roma” – “Astra” görüşündən 3 gün sonra Azərbaycanın “Avropa derbisi” var. Avropa Liqasında çıxış edən “Qəbələ” - “Qarabağ” görüşündən öncə diqqətlər Əliyar Ağayevin üzərindədir. Təyinat alacağınız təqdirdə, ardıcıl iki "Avropa Liqası oyunu” sizin üçün çətin olmaz?
- Hər iki komandamıza Avropa Liqasının qrup mərhələsində uğurlar arzu edirəm. Təyinat məsələsinə gəldikdə, bu, sırf Hakimlər Komitəsinin səlahiyyətindədir. Romadan qayıtdıqdan sonra komitə sədri Xaqani Məmmədovla söhbətimiz olacaq. Oyun, ümumi atmosfer, fiziki durumum barədə müzakirələr aparacağıq. Bundan sonra “Qəbələ” – “Qarabağ” oyununu idarə etməyim məsləhət olarsa, işimi həyata keçirəcəyəm. Amma düzgün qeyd edirsiniz ki, təyinat alacağım təqdirdə, bir həftə ərzində iki Avroliqa görüşünü idarə etməli olacağam. (PFL)