cümə, 29 mart 2024

FOTO XƏBƏR

Avro-2016-da iştirak edəcək komandalar Polşa Avro-2016-ya ümidlə yollanır

17.05.2016 12:46 Oxundu 508

Polşa yığma komandası 1919-cu ildə Rusiyanın müstəmləkəçiliyindən xilas olaraq suverenliyini əldə etdikdən sonra təşkil edilib. 2016-cı il aprel ayının 7-nə olan FİFA reytinqinə görə Polşa yığması 27-ci, 2015-ci il noyabr ayının 13-nə olan UEFA reytinqinə görə isə 17-ci yerdə qərarlaşıb. Polşa yığması Olimpiya oyunlarında 1924-cü ildən iştirak etməyə başlayıb. Ancaq qrup mərhələsində mübarizəni dayandırıb. 1928-ci ildə də Polşa Olimpiya oyunlarının qrup mərhələsində mübarizəni dayandırmalı oldu. 1936-cı ildə isə Polşa yığması Olimpiya oyunlarında 4-cü yeri tutdu. 1972-ci ilə kimi Polşa yığması Olimpiya oyunlarında uğur əldə edə bilmədi. Lakin 1972-ci ildə Polşa yığması Olimpiya çempionu titulunu qazandı. 1976 və 1992-ci ilərdə isə Polşa yığması Olimpiya oyunlarında 2-ci yeri tutub. 1996-2016-cı illərdə Polşa yığması Olimpiya oyunlarının qrup mərhələsində mübarizəni dayandırmalı olub. Polşa yığması dünya çempionatlarının ilkin mərhələsində çıxış etməyib. 1954-cü ildə Polşa dünya çempionatında iştirak etməkdən imtina edib. 1958-1970-ci illərdə isə qrup mərhələsi yarışlarında mübarizəni dayandırmalı olub. 1974 və 1982-ci illərdə polyaklar öz futbol tarixlərində iki dəfə 3-cü yeri tutublar. Sonrakı illərdə Polşa yığması dünya çempionatlarında yaxşı oyun nümayiş etdirə bilməyib. Komanda Avropa çempionatlarında da zəif çıxışı ilə yadda qalıb.

Avropa çempionatlarında da zəif oyun nümayiş etdirib

2012-ci ildə keçirilən futbol üzrə Avropa çempionatında ev sahibi qismində çıxış edən Polşa Rusiya, Çexiya və Yunanıstanla bir qrupa düşdü və növbəti mərhələyə adlaya bilmədi. 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının qrup mərhələsi yarışlarında Polşa D qrupunda Almaniya, İrlandiya, Şotlandiya, Gürcüstan və Hibraltarla növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparmalı oldu. Bu qrupda növbəti mərhələyə çıxmaq imkanı verəcək iki vəsiqədən birinin Almaniyaya qismət olacağı öncədən aydın idi. İkinci vəsiqə uğrunda mübarizənin isə Polşa, İrlandiya və Şotlandiya arasında gedəcəyi gözlənilirdi. Elə də oldu. Polşa yığması ilk oyunda rəqib meydanında Hibraltar üzərində 7:0 hesabı ilə qələbə çaldı. İkinci oyunda şisə polyaklar çoxlarını heyrətləndirən bir qələbəyə imza atdılar. Belə ki, Polşa yığması öz meydanında güclü Almaniyaya 2:0 hesabı ilə qalib gəldi. Lakin Şotlandiya ilə oyunda Polşa daha zəif çıxış edərək öz meydanında adı çəkilən komanda ilə 2:2 oynadı. 4-cü turda isə Şotlandiya ilə oyunda buraxdığı səhvlərdən nəticə çıxaran polyaklar rəqib meydanında Gürcüstan yığması üzərində 4:0 hesabı ilə qələbə çaldı. İrlandiya ilə oyunda Polşa yığması rəqib meydanında 1:1 oynadı. Qrup oyunlarının ikinci mərhələsində yüksək səviyyədə keçirən Navalkanın komandası ikinci dövrənin ilk oyununda Gürcüstan üzərində yenidən 4:0 hesabı ilə qələbə çaldı. Lakin ikinci oyunda səfərdə Almaniya-Polşa arasında gərgin mübarizə getdi. Almaniya yığması Polşaya birinci dövrədə məğlub olmanın əvəzini çıxmaq istəyirdi və sonda buna da nail oldu. Almaniya yığması gərgin mübarizədə Polşa yığmasına 3:1 hesabı ilə qalib gəldi. Bu məğlubiyyətdən sonra Polşa yığması yenidən özünü toplayaraq sonrakı oyunları yüksək səviyyədə keçirdi. Nəticədə Polşa yığması Hibraltar üzərində 8:1 hesabı ilə qələbə çaldı. Şotlandiya ilə prinsipial oyunda isə xalları yarı bölən polyaklar bu oyunda 2:2 hesabı ilə kifayətlənməli oldular. Sonuncu oyunda isə Polşa yığması İrlandiya ilə oyunda 2:1 hesabı ilə çətin qələbə çaldı. Qeyd edək ki, bu oyunda İrlandiyaya da xal lazım idi. İrlandiya da qalib gələcəyi təqdirdə öz qrupunda ikinci yeri tutaraq növbəti mərhələyə birbaşa pley-off matçlarına qatılmadan vəsiqə qazanacaqdı. Lakin Polşa çətin rəqibini məğlub etməyi bacardı. Beləliklə, Polşa yığması Avropa çempionatının final mərhələsində oynamaq hüququ verən iki vəsiqə uğrunda qrup mərhələsi çərçivəsində keçirdiyi 10 oyundan 6-da qələbə çaldı, 3-də heç-heçə oynadı, yalnız birində məğlub olaraq 21 xalla öz qrupunda ikinci yeri tutdu.

Uğurları davam etdirməyə cəhd edəcək

Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində Polşa uğurlarını davam etdirməyə çalışacaq. Polşa yığması növbəti mərhələyə vəsiqə uğrunda C qrupunda Almaniya, Ukrayna və Şimali İrlandiya ilə oynamalı olacaq. Bu mərhələ komandalarından olan Almaniya yığması artıq Polşaya tanışdır. Polşa yığması Avropa çempionatının qrup mərhələsi çərçivəsində Almaniya ilə görüşmüş və yeganə məğlubiyyətini də məhz ondan almışdı. Təbii ki, bu qrupda növbəti mərhələdə oynamaq hüququ verən iki vəsiqədən birini Almaniyanın qazanacağı şübhə doğurmur. İkinci vəsiqə uğrunda mübarizənin isə Ukrayna, Şimali İrlandiya və Polşa arasında gedəcəyi şübhə doğurmur. Onu da deyək ki, adı çəkilən hər 3 komandanın növbəti mərhələyə çıxma imkanları bərabər hesab edilir. Həm Şimali İrlandiya, həm də Ukrayna Polşa üçün ciddi rəqib hesab edilir.

Polşa yığması Fransada ilk oyununu iyunun 12-də Nitsada Şimali İrlandiyaya qarşı keçirəcək. İyunun 16-da isə Polşa yığması Parisdə Almaniya ilə görüşəcək. İyunun 21-də son oyunda isə Polşanın rəqibi Ukrayna yığması olacaq. Onu da deyək ki, Polşa yığmasının Fransada əsas üstünlüyü azarkeşlər tərəfindən ən yüksək səviyyədə dəstəklənməsi olacaq. Polşalı azarkeşlər olduqca çılğındırlar və komandalarını ən çətin vəziyyətlərdə belə qələbələrə ruhlandırmağı bacarırlar. Polşa yığmasının heyətində Avropanın və dünyanın tanınmış futbol ulduzları çıxış edirlər. Komandanın əsas gücü, şübhəsiz ki, hücumçu Robert Levandovskidir. Münhenin “Bavariya” komandasında çıxış edən Levandovski qol krallarından biri hesab edilir. Polşa yığmasının yarımmüdafiə xəttində Dortmundun “Borussiya” komandasında çıxış edən tatar əsilli Yakub Blaşikovski çıxş edəcək. Blaşikovski olduqca güclü yarımmüdafiəçilərdən biri kimi tanınır. Onun oyunu dünyanın tanınmış futbol mütəxəssisləri tərəfindən də yüksək qiymətləndirilir. Polşa yığmasının yarımmüdafiə xəttində “Bordo”da oynayan Lüdviq Obranyak da çıxış edəcək. Obranyak da etibarlı yarımmüdafiəçiərdən hesab edilir. Komandanın qapısını isə hazırda Londonun “Arsenal” klubunun əsas heyətində oynayan qapıçı Voytsex Şesnı qoruyacaq. Təbii ki, Polşa yığmasının zəif cəhətləri də az deyil. Belə ki, adları çəkilən oyunçular istisna olmaqla polyakların müdafiə, yarımmüdafiə və hücum xəttində komandaya uğur qazandıra biləcək futbolçular azdır. Avropa çempionatına hazırlıq mərhələsi çərçivəsində Polşa yığması Serbiya ilə keçirilən oyunda 1:0 hesabı ilə qalib gəlib. Polşa yığmasından yeganə qolu Blaşikovski vurub. Finlandiya ilə keçirilən yoldaşlıq oyununda isə polyaklar rəqib qapısından 5 cavabsız top keçiriblər. Finlandiya ilə oyunda Polşa yığması bu heyətlə meydana çıxıb:

Polşa: Boruts (Tıton, 52), Jedreyçik, Vavrinyak, Pazdan, Qlik, Krıxovyak, Vjolek, Starjinski, Kapustka (Salomon, 79), Qrositski, Milik (Levandovski, 63)+

Qeyd edək ki, Polşa yığmasını Avropa çempionatına baş məşqçi Adam Navalka hazırlaşdırır. Navalka mətbuata verdiyi son açıqlamasında qarşılarında duran əsas vəzifələrdən birinin qrup mərhələsində uğurla çıxış edərək növbəti mərhələyə vəsiqə qazanmaq olduğunu söyləyib.

Əziz Mustafa