cümə, 26 aprel 2024

BİZİM FUTBOL

“Qarabağ” rekordlara “doymur”, “Sumqayıt” 2 ildir Bakıda uduzmur

17.05.2016 13:03 Oxundu 1646

Azərbaycan Premyer Liqasında 2015-16 mövsümünün çempionu artıq məlumdur. 32-ci turda ən yaxın izləyicisi “Zirə” üzərində səfər qələbəsi qazanan “Qarabağ” ardıcıl 3-cü dəfə ölkə çempionu tituluna yiyələnib. Rəqibini artıq 15 xal qabaqlayan ağdamlılar sona 4 tur qalmış ikinci pillədəki “Zirə” üçün əlçatmaz olublar. “Qəbələ” və “İnter”in büdrəməsindən məharətlə yararlanan “Kəpəz” isə qələbə qazanaraq, turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. Hazırda gəncəlilərdən 12 xal geri qalan “Neftçi”nin bürünc medal şansının da üstündən böyük ölçüdə xətt çəkilib.

Biz isə ötən turda olduğu kimi, 32-ci turdan sonra da maraqlı statistik məqamlarla sizi tanış edirik.

AZAL – “Xəzər Lənkəran” 1:0

Bu mövsüm

– AZAL-ın iştirakı ilə keçiriln son 3 oyunun hamısında meydan sahibi olan tərəf 1:0 hesabına sevinib.

– Səfərdə heç də uğurlu çıxış edə bilməyən Tərlan Əhmədovun kollektivi əsl ev komandasıdır. “Təyyarəçilər” axırıncı 3 ev qarşılaşmasında qol buraxmadan qalib gəliblər.

– AZAL öz bazasındakı son 4 görüşün hamısında 3 xalı aktivinə yazdırıb. Axırıncı dəfə “Neftçi” 25-ci turda “AZAL Arena”dan xalla qayıda bilib.

– Son 14 ev matçının 12-də qələbə qazanan paytaxt təmsilçisi 2 dəfə də rəqiblərinə heç-heçə etmək imkanı verib. Maraqlıdır ki, bu 14 qarşılaşmanın yalnız 3-də qonaq komanda “AZAL Arena”da 1 qol vurmağa nail olub. AZAL-ın 12 ev qələbəsinin 7-də görüş 1:0 hesabı ilə nəticələnib.

– Halbuki Tərlan Əhmədovun komandası cari mövsümdə ilk 3 ev matçında 1 xal belə əldə edə bilməmişdi. “Təyyarəçilər” axırıncı dəfə doğma azarkeşləri önündə 5-ci turda “İnter”ə (0:1) boyun əyiblər. Həmin vaxtdan isə 7 aydan çox keçib.

– Biabırçı mövsüm keçirən “Xəzər Lənkəran” öz tarixinin antirekordunu yeniləməkdə davam edir. “Ağ-yaşıllar” artıq 21 turdur ki, qələbə üzünə həsrətdirlər. Komanda sonuncu qələsini 11-ci turda səfərdə “Rəvan” üzərində qazanıb ki, bunun üstündən artıq 6 ay vaxt keçib.

– Son 6 ayda 10 dəfə səfər matçına çıxan cənub təmsilçisi bunun yalnız 1-də qol vura bilib. Onda da komanda “Sumqayıt”a 1:2 hesabı ilə məğlub olub. Ümumiyyətlə, bu 10 görüşün cəmi 1-də qolsuz bərabərliyə sevinən “Xəzər Lənkəran” bunun 9-da meydançanı qol vurmadan tərk edib. 9 səfər məğlubiyyətindən 5-də 1:0 hesabı qeydə alınıb.

– 23-cü turdan bəri xal üzü görməyən cənublular ardıcıl 9-cu qarşılaşmadır ki, meydançanı başıaşağı tərk edirlər. Elbrus Məmmədovun yetirmələri axırıncı dəfə “Qəbələ” səfərindən 1 xalla dönməyə müvəffəq olublar.

İki komandanın duelində…

– AZAL ardıcıl 3-cü dəfə “Xəzər Lənkəran”ı yeganə qolla məğlub edib.

– Tərəflər arasındakı son 4 matçın hamısında cənublular 1 dəfə mərkəzə dəvət ediliblər. “AZAL Arena”da baş tutan son 5 görüşün isə hər birində meydan sahibləri rəqib qapısına yol tapıblar.

– AZAL bu rəqibinə öz meydançasında axırıncı dəfə 2013-cü ilin sentyabr ayında uduzub.

– “Xəzər Lənkəran” artıq 6 aydan çoxdur ki, AZAL-a nə qol vura, nə də qalib gələ bilir.

“Kəpəz” – “Rəvan” 3:2

Bu mövsüm

– “Kəpəz” çempionatda ardıcıl 2-ci qələbəsini qazanıb. Maraqlıdır ki, hər iki qarşılaşmada gəncəlilər 3:2 hesabına seviniblər.

– “Kəpəz” evində keçirdiyi son 5 qarşılaşmanın 3-də qələbə qazanıb, 2-də heç-heçə edib. Şahin Diniyevin yetirmələri doğma arenada sonuncu dəfə 21-ci turda (14 fevral) “Qarabağ”a (1:2) boyun əyiblər.

– “Rəvan” ardıcıl 7-ci dəfə səfərdən əliboş dönüb. Bəhmən Həsənovun kollektivi sonuncu dəfə 20-ci turda “Neftçi” səfərində 1:1 hesabına görə sevinib.

– Ümumiyyətlə, “Rəvan” cari mövsümdə cəmi 1 dəfə səfər qalibiyyəti əldə edib ki, o da 12-ci tura təsadüf edib. Noyabrın 8-də baş tutan matçda “Rəvan” “Neftçi”ni “Bakcell Arena”da 3:2 hesablı məğlubiyyətə düçar edib.

İki komandanın duelində…

– 12-ci dəfə üz-üzə gələn komandaların duelində “Kəpəz” rəqibin qapısına vurduğu qol sayını 20-yə çatdırıb. “Rəvan”da isə bu say 16-dır.

– Tərəflər arasındakı qarşılaşmalarda 3 oyundan sonra qonaq komanda ilk dəfə meydançanı məğlub tərk edib. Buna qədər meydan sahibləri sonuncu dəfə 2013-cü ilin aprel ayında rəqibi əliboş yola salmışdılar.

– “Rəvan” gəncəlilər üzərində son qələbəsini də məhz həmin vaxt əldə edib.

– Son 5 çempionat qarşılaşmasının 4-də qalib gələn “Kəpəz” yalnız 1 dəfə bakılılara 1 xala sevinmək imkanı verib.

“İnter” – “Sumqayıt” 2:2

Bu mövsüm

– Ölkə kuboku da daxil olmaqla, “İnter”in qalibiyyətsiz oyunlar seriyası 4-ə çatıb. Son 4 matçın 2-də uduzan “bankirlər” 2 dəfə brabərliklə kifayətləniblər.

– “Sumqayıt” artıq 5 oyundur ki, qələbə nədir bilmir. 27-ci turda “Xəzər Lənkəran”a qalib gələn “kimyaçılar” ondan sonrakı qarşılaşmaların 2-də heç-heçə edib, 3-də meydançanı başıaşağı tərk ediblər.

İki komandanın duelində…

”İnter” son 3 ev oyununda qələbə üzü görməyib. İkinci dövrədə səfərdən qalibiyyətlə dönən “gənclik şəhəri” təmsilçisi axırıncı dəfə 2014-cü ilin avqust ayında Bakıdan yenilgi ilə ayrılıb.

– Ümumiyyətlə, “İnter” son 7 qarşılaşmanın yalnız 1-də “Sumqayıt”a qalib gələ bilib. Bu da ötən ay Sumqayıtda olub. Digər 6 matçın 4-də isə bərabərlik qeydə alınıb.

– Son 4 görüşün hamısında qapısında top görən “Sumqayıt” tarixi ərzində “İnter”ə qarşı keçirdiyi 16-cı oyunda qollarının sayını 10-a çatdırıb.

“Qəbələ” – “Neftçi” 2:2

Bu mövsüm

– “Qəbələ”nin çempionatda məğlubiyyətsiz oyunlar seriyası 5-ə yüksəlib. Roman Qriqorçukun komandası son 5 görüşün 2-də qələbə qazanıbsa, 3 dəfə də rəqibləri ilə “sülh” bağlayıb.

– “Neftçi” kubok matçı ilə birlikdə son 3 oyunun hamısında heç-heçə edib.

İki komandanın duelində…

– Ardıcıl 5 oyundan sonra ilk dəfə meydan sahibi olan komanda xal qazana bilib. Maraqlıdır ki, buna qədər son 5 görüşün hamısında qonaqlar qələbə qazanmışdılar.

– Komandaların son 10 görüşündə isə qonaqlar məğlub olmayıblar.

– “Qəbələ” artıq 7 oyundur ki, doğma azarkeşləri önündə “Neftçi”yə qalib gələ bilmir. Son 7 matçın 4-də “flaqman” səfər qalibiyyətinə sevinibsə, digər 3 qarşılaşmada heç-heçə qeydə alınıb. Bir sözlə, “Qəbələ” artıq 3 il yarımdır ki, “Neftçi”ni əliboş yola salmaqda acizdir.

“Zirə” – “Qarabağ” 0:2

Bu mövsüm

– “Qarabağ” artıq 13 oyundur ki, məğlub olmur. Komanda son 13 görüşdə meydançanı nə qolsuz, nə də xalsız tərk edib. Axırıncı dəfə 19-cu turda, yəni yanvarın 31-də AZAL ağdamlılar üzərində qələbə qazanıb.

– “Qarabağ” həm də cari mövsümdəki rekordunu yeniləyib. Komanda son 9 matçın hamısından qalib ayrılıb. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 23-cü turda “İnter”lə qarşılaşmada (1:1) büdrəmişdilər.

– “Zirə”nin 4 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub. Komanda bundan öncəki 4 matçın 3-də qələbə qazanmışdı.

– Debütant cari mövsümdə ilk dəfə öz meydançasında məğlub olub. Komanda buna qədər evdəki 15 matçın 12-də qələbə qazanmış, 3-də rəqiblərinə 1 xal “qoparmaq” imkanı vermişdi.

– Adil Şükürovun yetirmələri ardıcıl 7 ev oyunundan sonra ilk dəfə rəqib qapısına yol tapa bilməyiblər. Komanda sonuncu dəfə 16-cı turda “Qəbələ” ilə ev qarşılaşmasında qolsuz bərabərə qalmışdı. “Qarabağ” isə rəqibinin 4 aylıq uğurlu seriyasına son qoyub.

– Ümumiyyətlə, debütant bu mövsüm cəmi 3 ev oyununda qol vura bilməyib. Birinci dəfə belə hal 3-cü turda “İnter”lə görüşdə yaşanmışdı.

İki komandanın duelində…

– Bu mövsümdən üz-üzə gələn komandaların 4-cü oyununda da “Zirə” qələbə qazana bilməyib. Debütant hələlik yalnız 1 heç-heçə ilə öyünə bilər.

– Mövsümün ilk dövrəsində rəqibin qapısından 1 top keçirən “Zirə” son 3 oyunun heç birində qol sevinci yaşamayıb.

– “Qarabağ” ardıcıl 2-ci dəfə rəqibini 2:0 hesabı ilə məğlub edib.

Ömər Məmmədov