cümə axşamı, 25 aprel 2024

VOLEYBOL

“Əczaçıbaşı” “Vakıfbank”ı, “Volero” “Kasalmaqqiore”ni sınağa çəkəcək

22.10.2016 10:40 Oxundu 3136

Qadın voleybolçular arasında klublararası dünya çempionatında qrup mərhələsi başa çatıb. Manilada keçirilən yarışda yarımfinala yüksələn komandaların adına aydınlıq gəlib. Belə ki, A qrupunda yer alan “Əczaçıbaşı” (Türkiyə) hər 3 oyununu 3 xalla başa vuraraq, lider kimi mərhələ adlayıb. Yalnız İstanbul təmsilçisinə uduzan “Kasalmaqqiore” (İtaliya) ikinci olub. Qrupda növbəti pillələrdə müvafiq olaraq, “Rexona” (Braziliya) və “PSL – F2 Loqistiks” (Filippin) klubları qərarlaşıblar.

B qrupunun qalibi “Volero”da (İsveçrə) ilk 3 qarşılaşmasını məğlubiyyətsiz başa vurub. Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Sürix təmsilçisi “Əczaçıbaşı”ndan fərqli, bir matçı 2 xalla bitirib – 8 xal. Onlardan 1 xal geri qalan Türkiyə “Vakıfbank”ı qrup ikincisi olub. Son 2 yeri müvafiq olaraq, “Hisamitsu” (Yaponiya) və “Banqkok Qlass” tutub.

Beləliklə, yarımfinalda “Əczaçıbaşı” “Vakıfbank”ı, “Volero” “Kasalmaqqiore”ni sınağa çəkəcək. Qrupda son 2 pillənin sahibləri isə 5-8-ci yerlə uğrunda oynayacaqlar.