cümə axşamı, 28 mart 2024

DİGƏR NÖVLƏR

Avropa çempionatına hazırlaşırlar

24.10.2016 12:45 Oxundu 1692

Azərbaycanın çoxmübarizəli idman döyüş növləri üzrə milli yığma komandası oktyabrın 27-30-da Polşanın Mikolov şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşır. İdmançılar Göyçayda fəaliyyət göstərən “AzNar” QSC-nin idman klubunda təlim-məşq keçirlər.Göyçay Gənclər Mərkəzində ölkəmizi Avropa çempionatında təmsil edəcək idmançıların təqdimatı və mətbuat konfransı olub.

Tədbirdə Azərbaycan Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının prezidenti, əməkdar məşqçi Vüqar Muradov, “AzNar” QSC-nin baş direktoru Teymur Əhmədov, Göyçay rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov çıxış edərək, ölkəmizdə idmana göstərilən dövlət qayğısından, qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən danışıblar. Qeyd olunub ki, Azərbaycan idmançıları hər il çoxmübarizəli idman döyüş növləri üzrə Avropa və dünya çempionatlarından Vətənə medallarla qayıdırlar.

Federasiya rəhbəri Vüqar Muradov bildirib ki, son altı ildə çoxmübarizəli idman döyüş növləri üzrə dünya və Avropa çempionu titulunu qazanan 6 idmançı imtahan vermədən birbaşa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Hazırda ölkəmizin 35 şəhər və rayonunda çoxmübarizəli döyüş idman növləri üzrə klublar fəaliyyət göstərir. Azərbaycanda, ümumilikdə, 5 mindən çox yeniyetmə və gənc bu idman növü ilə müntəzəm məşğul olur. Rusiyada yaşayan azərbaycanlı iş adamı, “AzNar” QSC-nin sahibi Fərhad Əhmədov bu idman növünün ölkəmizdə daha da inkişafına öz dəstəyini verir. Bir neçə ildir ki, “AzNar” QSC-nin Göyçayda idman klubunun fəaliyyət göstərməsi bölgədə yeniyetmə və gənclərin çoxmübarizəli idman döyüş növlərinə marağını daha da artırıb.

Hərbi idman növü hesab olunan çoxmübarizəli döyüşə sürətli qaçış, silahlı idmançı ilə mübarizə, odlu silahla hədəfə atəş açma, eləcə də əlbəyaxa döyüş, kikboksinq, sambo və cüdonun bəzi fəndləri daxildir. Bu qarışıq idman növü yeniyetmə və gənclərin hərbi xidmətə hazırlığında mühüm rol oynayır.

Mətbuat konfransında Vüqar Muradov bildirib ki, “AzNar” QSC-nin dəstəyi ilə oktyabrın 26-da Polşaya 5 idmançı - Avropa və dünya çempionları Fətəli Məmmədli, Məhəmməd Məmmədli, dünya çempionatının mükafatçıları Zaur Abdulqədirov, Telman Maqsudov və Nicat Zeynalov yola salınacaq. Ümumilikdə, 30 ölkədən 200-dən çox idmançının iştirak edəcəyi yarışda idmançılarımızın Vətənə medalla qayıdacağına əminlik ifadə olunub. Məlumat verilib ki, Azərbaycanın bu idmançıları noyabrın 10-15-də Türkiyənin Antalya şəhərində keçiriləcək dünya çempionatında da iştirak edəcəklər.

Jurnalistlərin suallarını cavablandıran idmançılar Polşada keçiriləcək Avropa çempionatına ciddi hazırlaşdıqlarını və yarışda uğurla iştirak edərək qələbə qazanacaqlarına inandıqlarını, ölkəmizin üçrəngli bayrağını dalğalandıracaqlarını bildiriblər. İdmançılar bu mötəbər yarışda görüşəcəkləri rəqiblərin güclü və təcrübəli döyüşçü olduqlarını, amma buna baxmayaraq, Polşaya yalnız qələbə üçün yola düşəcəklərini deyiblər.

Qeyd edək ki, iki gündən sonra idmançılar məşqlərini yekunlaşdırıb, Polşaya yollanacaqlar.