cümə, 29 mart 2024

BİZİM FUTBOL

Komandamız dünya çempionatına yollanıb

26.10.2016 16:20 Oxundu 1741

Azərbaycan milli komandası karate üzrə 24-cü dünya çempionatına yollanıb.

Azərbaycan Milli Karate Federasiyasından (AMKF) bildiriblər ki, Avstriyanın Linz şəhərinin ev sahibliyi etdiyi dünya çempionatında 16 karateçimiz təmsil olunur. İki ildən bir keçirilən nəhəng yarış oktyabrın 30-dək davam edəcək.

AMKF-nin prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə çempionata yollanan karateçilərimiz həm fərdi, həm də komanda yarışlarında mübarizə aparacaqlar.

Fərdi kumite yarışlarında ölkəmizi Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı), qadınlar arasında isə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) təmsil edəcəklər.

Kişilərin komanda kumite yarışlarında Niyazi Əliyev, Rafiz Həsənov, Rafael Ağayev, Ayxan Mamayev, Şahin Atamov, Asiman Qurbanlı və Orxan Heydərli mübarizə aparacaq. Qadınların komanda yarışlarında isə Nuranə Əliyeva, İlahə Qasımova, İrina Zaretska və Fəridə Əliyevadan ibarət heyət çıxış edəcək.

Fərdi kata yarışlarında Roman Heydərov və Neda Rezai öz texnikalarını nümayiş etdirəcəklər. Kataçılar komanda yarışlarına qatılmayacaqlar. Milli komandamız para-karate üzrə dünya çempionatında da ilk dəfə təmsil olunacaq. İyirmi altı ölkədən 72 idmançının qatılacağı fiziki qüsurlu karateçilərin kata çıxışlarında Sahib Əhədov medallar uğrunda yarışacaq.

İdmançılarımızla yanaşı, beynəlxalq hakimlərimiz - Cahangir Babayev, Yusif Məmmədov, Vüqar Kərimov, Anar Allahverdiyev və Nərgiz Mehdiyeva dünya çempionatının referiləri arasında olacaqlar. Onlar, həmçinin dərəcələrini yüksəltmək üçün yarışdan əvvəl WKF Hakimlər Komitəsinin kurslarında iştirak edərək imtahan verəcəklər.

Dünya çempionatında 118 ölkədən 1024 karateçi tatami üzərinə çıxacaq. Karate Olimpiya Oyunlarına daxil edildikdən sonra ilk dünya miqyaslı bu yarış tam fərqli formatda keçiriləcək. Karateçilərimiz noyabrın 1-də vətənə qayıdacaqlar.