bazar, 24 sentyabr 2017

Menu

bazar, 24 sentyabr 2017

MÜSAHIBƏ

"Hamısını apar tulla"

03.11.2016 14:13

Tanınmış müğənni Əli Mirəliyevin apasport.az saytına müsahibəsi

- “Qarabağ” və “Qəbələ” bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunlarını keçirəcəklər. Komandalarımızdan nə gözləyirsiniz?

- Heç nə. Bizdə hələ futbol yoxdu. Biz bu idman növünü oynamağa hazır deyilik. Vaxt gələcək Qarabağı alacağıq, amma futbol oynaya bilməyəcəyik. Futbol elə-belə oyun deyil, qeyrətdi. Futbolda irəli getmək istəyirsənsə, uşaq futbolun güclü olmalıdı. 30 uşaqdan 1 nəfər futbolçu ola, ya olmaya. Dünya futbolu göz önündədi. Ulduz futbolçular, böyük klublar necə oynayırlar? Biz onların elədiklərini təkrarlaya bilərikmi? Əlbəttə ki, xeyr. Bizim uşaqlar meydanda 20 dəqiqədən çox qaça bilmirlər, yorulurlar. Çünki fiziki gücləri, 90 dəqiqəlik dözümləri yoxdu. Bunları uşaqlıqdan öyrətmək lazımdı. Futbolçu başdan sona qədər işləməli, ağılla oynamalı, kimə ötürmə vermək lazım olduğunu bilməlidi. Bizimkilər topu hara gəldi vururlar. Belə futbol olmur. Yaxın 10-15 ildə bizdə futbolun olacağına ağlım kəsmir.

- Ancaq nəzərə alın ki, “Qarabağ” qrupda 4 xal toplayıb və növbəti mərhələyə vəsiqə qazana bilər...

- Mənim millətimin komandasıdı, təki mərhələ keçsin. Amma tutaq ki, birtəhər qrupdan çıxdı. Futboldu da, rəqib vura bilmədi, bunlar vurub, qələbə qazandılar. Bəs növbəti mərhələdə nə edə biləcək? Ordakı komandalarla ayaqlaşa bilməyəcək axı. Futbolumuzda perspektiv, baza yoxdu. Gedib ordan-burdan “otxod” futbolçular gətiriblər. Hamısını apar tulla. Yaxşı futbolçu olsaydılar xaricdə oynayardılar da, bura niyə gəlirdilər?

- Ancaq ictimaiyyət Azərbaycan futbolunun son illər inkişafda olduğu qənaətindədi. Çünki klublarımız Avrokubokda qrupa düşürlər, millimiz uğurlu çıxış etməyə başlayıb. Sizi pessimist olmağa nə vadar edir?

- Yalandan milləti aldadırlar. Nəsə deməlidilər də. Verilişlərə baxıram, hakimlərin səhvləri müzakirə olunur. Ay kişi, gedin, 11 uşaq tapın oynatmağa. Hakimləri ortaya atmayın, özünüzdən danışın. Mən uşaqlıqdan futbolla yaşamışam, bu idman növünü sevirəm. Amma Azərbaycan futbolunda inkişaf görmürəm. Olmayan şey haqda necə yalandan danışım? İnanın, hərdən Avropada komandalarımızın qapısına qol vurulanda ağlayıram. Bunu heç yerdə demirəm. Axı azərbaycanlıyam, millətimin komandası oynayır. Amma bu sahədə bir irəliləyiş görmürəm. 1-2 oyunda qələbə qazanmaqla inkişaf olmur. Adicə Arda Turan səviyyəsində oyunçumuz yoxdu. Almaniyadan, Fransadan gələnləri demirəm, azərbaycanlı olsun. Qaradərili futbolçuları yığıb gətirirlər. Kimə lazımdı onlar? İspanlarda, italyanlarda qəşəng oğlanlar var, gedib ordan gətirsinlər də. Qaradərililər fiziki cəhətdən güclü olurlar axı. Amma təkcə bununla futbolçu olmur.

- Milli komandamız dünya çempionatının seçmə mərhələsinə yaxşı start götürüb və 3 oyunda 7 xal toplayıb. Bunu da uğur saymırsınız?

- Nə olsun. Yığmada o qədər milliləşən var ki. Bu, uğurdan yox, Azərbaycanda futbolun olmamağından xəbər verir. İnkişaf o zaman olar ki, hamısı mənim millətimin balası olar. Ordan-burdan tapıb gətirdikləri mənim millətimin nümayəndəsi deyil. Bayaq da dediyim kimi, problemin kökü uşaq futbolundadı. Uşaqları xaricə yollamaq lazımdı. Onlar gedib ordakı futbol ab-havasında böyüməlidilər. İnanın ki, yeniyetmələrimiz xaricə getsələr, böyüyəndə bizim millini seçməyəcəklər. Buna görə də göndərmirlər. Keçmişdə bizim uşaqların çoxu Rusiya futbol məktəbində öyrənirdilər. Buna görə də, Səməd Qurbanov, Maşallah Əhmədov, Anatoli Banişevski, Kazbek Tuayev, Vladimir Bruxti, Tofiq Axundov kimi böyük futbolçular üzə çıxmışdı. Həmin vaxt rəqabət var idi. İndi “Qarabağ”da 5-6 yerli oyunçu var. Amma baxırsan, “Neftçi”də və digərlərində ordan-burdan gələnlərdi. Sənin azərbaycanlı futbolçun yoxdu bəyəm? Var, sadəcə, yetişdirmək lazımdı. Muğam müsabiqəsi uzun illər bütün rayonları əhatə etdi. Gözəl səsi olan uşaqlar üzə çıxdı. Futbol da eyni ilə belədi. Hər rayondan, regiondan seçmək, onlara yaxşı təlim keçmək lazımdı.

- Hansısa komandamızın oyununa baxmağa getmisiniz?

- Oyunlara getmirəm. Bu futbolçular hazır deyillərsə, oynaya bilmirlərsə, gedib əsəbləşim? Mənim bildiyim, istədiyim futbolu göstərə bilmirlər. Yalandan çıxıb televiziyada camaatı aldatmaq lazım deyil. Futbol Azərbaycanda yoxdu, vəssalam.

Oxundu: 822

© 2017 - NSPSOLUTIONS