cümə, 26 aprel 2024

VOLEYBOL

Voleybol üzrə Avropa çempionatının final mərhələsinin püşkü atıldı

24.11.2016 18:52 Oxundu 2579

Noyabrın 24-də Heydər Əliyev Mərkəzində 2017-ci ildə Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi qadınlar arasında voleybol üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb. Mərasimdə voleybol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi üzrə yaradılan Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov mərasimdə çıxış edərək ölkəmizin mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etməsindən, Azərbaycanda voleybolun inkişafından danışıb. Sonra Gürcüstanın idman və gənclərlə iş üzrə nazirinin birinci müavini Şalva Qoqoladze və Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç çıxış ediblər.Çıxışlardan sonra voleybol üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsində 16 komanda mübarizə aparacaq. Ev sahibləri Azərbaycan və Gürcüstan, “Avro-2015”in mükafatçıları Rusiya, Hollandiya, Serbiya, eləcə də ilk beşlikdə qərarlaşan Türkiyə və Almaniya mübarizəyə birbaşa final mərhələsindən başlayacaqlar. İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus çempionata ikinci seçmə mərhələdən, Çexiya, Ukrayna və Macarıstan isə pley-offdan qoşulacaqlar.

Millimiz qrup mərhələsində Almaniya, Polşa və Macarıstanla mübarizə aparacaq.

A qrupu

Azərbaycan

Almaniya

Polşa

Macarıstan

B qrupu

Gürcüstan

İtaliya

Xorvatiya

Belarus

C qrupu

Rusiya

Türkiyə

Bolqarıstan

Ukrayna

D qrupu

Serbiya

Hollandiya

Belçika

Çexiya

Əvvəldən də açıqlandığı kimi, Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Göygöldə, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.