cümə, 19 aprel 2024

BOKS

"Mən indi onu qladiator hesab etmirəm"

27.11.2016 12:56 Oxundu 5908

Dünya Boks Təşkilatının (WBO) versiyasına görə dünya çempionu olan ukraynalı Vasili Lomaçenko yamaykalı Nikolas Uolter üzərində vaxtından əvvəl qələbə qazanaraq ikinci yarımyüngül çəki dərəcəsində (58,967 kiloqramadək) çempion kəmərini qoruyub saxlamağa nail olub.

Noyabrın 27-nə keçən gecə ABŞ-ın Las-Veqas şəhərində baş tutan döyüş boyu üstünlük V.Lomaçenkoda olub. Nəticədə o, rəqibinə texniki nokautla qalib gəlib.

Yeddinci raunddan sonra yamaykalının komandası döyüşü dayandırmaq qərarına gəlib. Bu, N.Uolterin karyerasında ilk məğlubiyyətdir. İkiqat Olimpiya çempionu V.Lomaçenko isə peşəkar rinqdə keçirdiyi səkkiz döyüşün yeddisində (5-i vaxtından əvvəl) qalib gəlib.

"Qladiatorlar rinqdə məğlub olmurlar. Yamaykalı Nikolas Uolter bu döyüşdən əsil cəsur döyüşçü olduğunu dəfələrlə bəyan edib. Amma onun özünü qladiator adlandırmağa haqqı yoxdur. Çünki döyüşün 7 raundundan sonra təslim oldu". Bu sözləri Vasili Lomaçenko yamaykalı Nikolas Uolterlə döyüşündən sonra deyib. O daha sonra vurğulayıb: "Mən ilk 4 raundda ona vuruşmağa imkan yaratdım. Amma sonra isə...Hər şeyi planım üzrə həll etdim"

Jurnalistin: "7-cü raunddan sonra nə baş verdi ki, rəqib birdən-birə döyüşü davam etdirməkdən imtina etdi?" sualına isə qalib belə cavab verib: "Mən onun daxilində nələr baş verdiyini bilmirəm. Amma o qışqıraraq dedi ki, bəs mən qladiatoram, döyüşçüyəm. Bundan sonra mən onu qladiator hesab etmirəm".

Yamaykalı Nikolas Uolter isə məğlubiyyətindən söz açarkən belə deyib: "Bu gün o qalib gəldi. O, çox yaxşı döyüşçüdür. Mən ondan çox şey öyrəndim. O ki qaldı döyüşü dayandırmağıma... Yeddinci raundun sonunda Vasili Lomaçenkonun güclü zərbəsinə tuş gəldim, ondan birtəhər oldum. Odur ki, komandamın üzvləri döyüşü dayandırmağımı məsləhət gördülər. Çünki onlar gördülər ki, rəqib məndən çox güclüdür".