cümə, 26 aprel 2024

DİGƏR NÖVLƏR

23-cü Bakı çempionatı və birinciliyi start götürüb

01.12.2016 11:53 Oxundu 1689

Dekabrın 1-də bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə isə 2-ci Azərbaycan çempionatı və Bakı birinciliyi start götürüb. Milli Gimnastika Arenasında təşkil edilən yarışların ilk günündə bədii gimnastika üzrə balacalar (2006-2008, alətsiz, halqa, top), yeniyetmələr (2004-2005, alətsiz, ip, top, gürzlər) və gənclər (2001-2003, ip, halqa, top, gürzlər) yaş kateqoriyasında yer almış idmançılar öz çıxışlarını nümayiş etdirirlər.

Daha sonra balacalar yaş kateqoriyasında (2006-2008) 8 qrup hərəkəti komandası alətsiz və topla çıxış edəcək.

Yarışın ikinci günündə bədii gimnastlarla yanaşı, aerobika gimnastikasının nümayəndələri də öz qüvvələrini sınayacaqlar. Fərdi və üçlük proqramı üzrə uşaqlar (7-8 yaş), balacalar (9-11 yaş), yeniyetmələr (12-14 yaş), gənclər (15-17 yaş), böyüklər (18 yaş və daha böyük) kateqoriyasında yer almış gimnastlar çıxış edəcəklər.

Ümumilikdə 141 gimnast Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Gömrükçü”, “Sərhədçi”, “Spartak” klubları, DİN-in İdman Cəmiyyəti, Respublika Kompleks İdman Məktəbi və Şağan Olimpiya İdman Kompleksini təmsil edirlər.

Turnir boyunca təqdim olunacaq fləşmoblar, müsabiqələr tamaşaçılara yüksək əhval-ruhiyyə bəxş edəcək. Həmçinin, yarışın facebook səhifəsində fəal istifadəçilər tərəfindən paylaşılan şəkillər yarış zalında quraşdırılmış böyük monitorda görüntülənəcək. Təbii ki, bu da öz növbəsində həm tamaşaçılara, həm yarış iştirakçılarına maraqlı anlar yaşadacaq.

Bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə isə 2-ci Azərbaycan çempionatı və Bakı birinciliyi dekabrın 2-dək davam edəcək.