çərşənbə axşamı, 23 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ"ın üç uğurlu seriyasından biri qırılıb

01.12.2016 12:06 Oxundu 1708

Ağdamın “Qarabağ” klubunun ev oyunlarındakı üç uğurlu seriyasından biri qırılıb. Topaz Premyer Liqasının XIII turunun “Qəbələ” ilə ev oyununda 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri ardıcıl 15-ci qələbəylə məğlubiyyətsiz matçlar seriyasını 20-yə çatdırıb. Lakin ağdamlılar 244 gündən sonra qapısında qol görüb. Əyalət təmsilçisi öz meydanında sonuncu dəfə ötən mövsümün “Rəvan”la matçında top buraxmışdı. Martın 30-da keçirilən görüşdə 5:1 hesabı ilə qalib gələn “Qarabağ” 68-ci dəqiqədə Yasin Həmidin qoluna üzülmüşdü. Bundan sonra 10 matç qonaqlara qol sevinci bəxş etməyən ağdamlıları bu dəfə 64-cü dəqiqədə Filip Ozobiç məyus edib. Evdə 986 dəqiqə qol buraxmayan Ağdam klubu öz meydanındakı quru oyunlar ardıcıllığında öz tarixinin rekordunu rəsmiləşdirib.

Bu, Azərbaycan çempionatları tarixində 3-cü nəticədir. “Qarabağ”ın 2 addımı çatmayan mütləq rekord 2003-05-ci illərdə ardıcıl 12 ev oyununda qol buraxmayan “Neftçi”yə məxsusdur. Digər paytaxt klubu “Xəzri” isə 11 ev oyununu quru keçirib.