cümə, 19 aprel 2024

DİGƏR NÖVLƏR

Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib

01.12.2016 20:49 Oxundu 1754

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib. Baş məclisdə komitənin vitse-prezidenti Çingiz Hüseynzadə “Milli Olimpiya Komitəsinin 2013-2016-cı illərdəki fəaliyyəti” haqqında məruzə ilə çıxış edib. Bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin göstəriş və tövsiyələrini rəhbər tutan MOK işini Olimpiya Xartiyası və nizamnaməsinin tələbləri əsasında qurub, fəaliyyətini ölkəmizdə Olimpiya hərəkatının və idmanın inkişafına xidmət edən məqsədləri həyata keçirməyə yönəldib. Bu gün Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən biri kimi tanınmasında MOK-un məqsədyönlü fəaliyyətinin özünəməxsus yeri var.

Çingiz Hüseynzadə deyib: “Hesabat dövründə ölkəmizin Olimpiya və idman həyatında son dərəcə önəmli hadisələr baş verib. Bu hadisələrin miqyası Azərbaycan hüdudlarını da aşaraq, dünyada və Avropada Olimpiya hərəkatının inkişafına mühüm töhfə verməsi ilə yadda qalıb. Birinci Avropa Oyunlarına hazırlaşmaq üçün cəmi iki il yarım qalmasına baxmayaraq, Azərbaycan bu Oyunları ən yüksək səviyyədə təşkil etdi. Avropa Oyunlarının formatı və standartları Azərbaycanda müəyyənləşib. İlk Avropa Oyunlarının belə yüksək səviyyədə keçirilməsində bir tərəfdən, dövlətimizin başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı, şəxsi nəzarəti, digər tərəfdən isə UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın əzmkar və yorulmaz fəaliyyəti həlledici və aparıcı rol oynayıb.

Bildirilib ki, Avropa Oyunları ölkəmizin mötəbər tədbirləri təşkil etmək imkanlarını ortaya qoymaqla yanaşı, Azərbaycanın idman potensialının nümayişi üçün də geniş meydan açıb. Birinci Avropa Oyunları Azərbaycan idmanının tarixində yeni şanlı səhifə kimi həkk oldu. Belə ki, Azərbaycan idmançıları uğurla çıxış edərək 56 medal, o cümlədən 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanaraq, komanda hesabında Rusiyadan sonra ikinci yeri tutdu. Fəxrlə deyə bilərik ki, bu nəticə idmanımızın ən böyük uğuru, idman potensialımızın möhtəşəm nümayişi oldu.

“Hesabat dövründə Azərbaycan idmançıları üç Olimpiya Oyunlarına qatılıblar. Atletlərimiz Soçi Qış, Rio-de-Janeyro Yay Olimpiya Oyunları ilə yanaşı, ölkəmiz yeniyetmələrin Nankində keçirilmiş II Yay Oyunlarında da uğurla çıxış ediblər. Nankində Azərbaycan 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında 10-cu yeri, qazanılmış medalların sayına görə isə 14-cü yeri tutub. Hesabat dövrünün daha bir mötəbər idman tədbiri III İslam Həmrəyliyi Oyunlarıdır. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembanq şəhərində keçirilən Oyunlarda idmançılarımız 6 qızıl, 9 gümüş və 9 bürünc medal qazanıblar. Azərbaycan medal qazanan 26 ölkə arasında 8-ci yeri tutub”, - deyə Çingiz Hüseynzadə əlavə edib.

Vitse-prezident deyib: “İslam Həmrəyliyi İdman Federasiyasının 2015-ci il noyabrın 4-də Bakıda təşkil olunan Baş Assambleyasında 40-dan çox ölkədən 90-dək nümayəndə iştirak edib. Baş Assambleya IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci il mayın 12-22-də Bakının 14 idman qurğusunda keçirilməsi haqqında təklif bəyənib. Əsas şüarı “Gücümüz həmrəylikdədir” olan Oyunlar zamanı idmanın 20 növü üzrə yarışlar keçiriləcək. Formula-1 yarışlarının Avropa qran-pri mərhələsi Bakıda təşkil olunmuş ən mötəbər yarışlardan biri oldu. Bu yarış yüksək beynəlxalq reytinqə və böyük tamaşaçı auditoriyasına malikdir. Hesabat dövründə Bakıda təşkil edilmiş mühüm beynəlxalq yarışlardan biri də 42-ci Ümumdünya Şahmat Olimpiadası olub. Şahmat Olimpiadası 170-dən çox ölkədən 3 minədək nümayəndəni əhatə edən əsas idman yarışlarından biridir. Bakının ev sahibliyi etdiyi 42-ci Olimpiada indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarışlardan biri kimi tarixə düşüb. Bundan başqa, bu ilin mayında 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi Bakıda keçirildi. Bu mötəbər yarışda qitənin 16 ölkəsini təmsil edən komandalar qələbə uğrunda 17 gün ərzində gərgin mübarizə aparıblar. Ekspertlərin yekdil rəyinə görə, Azərbaycan bu mötəbər yarışı da yüksək səviyyədə təşkil edib”.

Sonra Təftiş Komissiyasının sədri Hicran Şərifov hesabat məruzəsi ilə çıxış edib.

Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək Azərbaycanda idmanın inkişafının getdikcə geniş vüsət aldığını, yeni-yeni uğurların əldə olunduğunu bildirib. Nazir deyib ki, müstəqilliyin bərpasından sonra Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal qazanıblar. Son illər Azərbaycan mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edir. Bu, Azərbaycanda uğurla reallaşdırılan dövlət idman siyasətinin sayəsində mümkün olub. Beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait var. Bütün bu uğurlar və Azərbaycanda keçirilən tədbirlər ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam ruhda yetişməsinə kömək edir.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb, MOK-un prezidenti və digər vəzifələrə seçkilər keçirilib.

MOK-un prezidenti vəzifəsinə yeganə namizəd olan dövlətimizin başçısı İlham Əliyev yekdilliklə yenidən Milli Olimpiya Komitəsinin rəhbəri seçilib.

Sonra İcraiyyə Komitəsinin 17 və Təftiş Komissiyasının 5 nəfərdən ibarət tərkibi seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Daha sonra MOK-un yeni seçilmiş İcraiyyə Komitəsinin ilk iclası keçirilib.

İclasda Azad Rəhimov, Çingiz Hüseynzadə və Xəzər İsayev yenidən MOK-un vitse-prezidenti seçiliblər. Ağacan Abıyev isə yenidən baş katib vəzifəsini icra edəcək.

İcraiyyə Komitəsinin ilk iclasında qarşıda duran yeni vəzifələr, idmançılarımızın “Tokio-2020” Yay Olimpiya Oyunlarına hazırlıq planı və ölkəmizdə idman infrastrukturunun təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.