şənbə, 27 aprel 2024

DİGƏR NÖVLƏR

"Hazırlıq elə səviyyədə olmalıdır ki..."

01.12.2016 21:40 Oxundu 1475

Milli Olimpiya Komitəsinin (MOK) VII hesabat-seçki baş məclisində İcraiyyə Komitəsinin 17 nəfərlik üzvü seçildi. Sonra İcraiyyə Komitəsinin ilk iclası oldu. Olimpiya mükafatçısı Nazim Hüseynov və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev İcraiyyə Komitəsinə yeni üzv seçiliblər. Bu sözləri dekabrın 1-də Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə MOK-un VII hesabat-seçki baş məclisindən sonra keçirdiyi mətbuat konfransında deyib.

Vitse-prezident bildirib ki, bu gündən “Tokio-2020” Yay Olimpiya Oyunları ilə bağlı hazırlıqlara başlayırıq. Hazırlıq elə səviyyədə olmalıdır ki, Tokioda nəticələr Rio-de-Janeyrodakı uğurlarımızdan zəif olmasın. Üzgüçülük və atletika növlərində Olimpiya Oyunlarında iştirak etsək də, medal qazana bilməmişik. Bunun da obyektiv səbəbləri var. Birincisi, Avropa Oyunlarına qədər ölkəmizdə Olimpiya standartlarına uyğun 50 metrlik hovuz yox idi. Belə olan halda idmançı hazırlamaq çətin olur. Hazırda isə Azərbaycanda Olimpiya standartlarına cavab verən Su İdmanı Sarayı fəaliyyət göstərir. Atletika üçün də dünya standartlarına cavab verən iki qaçış zolağı var. Onlardan biri Bakı Olimpiya, biri də Tofiq Bəhramov adına Respublika stadionundadır. İndi inkişaf üçün şəraitimiz var”.

Dopinqdən istifadəyə qarşı mübarizə haqqında danışan Ç.Hüseynzadə deyib: “Azərbaycanda dopinqlə bağlı qanun qəbul olundu. Bu qanuna görə ölkəmizdə Antidopinq Agentliyi yaradılmalıdır. Beynəlxalq Antidopinq Agentliyinin (WADA) son sənədində Azərbaycan da dopinqlə bağlı qanunu olmayan ölkələr siyahısına daxil edilib. İlin sonuna qədər Antidopinq Agentliyi yaradılmalı və Azərbaycanın adı WADA-nın bu siyahısından çıxarılmalıdır. İnanmıram ki, “Rio-2016”da iştirak edən hansısa idmançıda dopinq tapılsın. Çünki bütün beynəlxalq komitələr Rio Olimpiadasında yarışların təmiz olduğunu bildirirlər”.