cümə, 19 aprel 2024

MÜSAHİBƏ

"Baş vermiş həmin faciədən sonra təyyarədən istifadə etməmişəm"

20.12.2016 01:02 Oxundu 5485

Yəqin ki, siz heç vaxt Klaudio Vink barədə eşitməmisiniz. Braziliya yığmasının 22 yaşlı oyunçusu "İnternasional" komandasına mənsubdur. Bu klub Vinki əvvəlcə "Verona"ya sonra isə "Şapekoense"yə icarə əsasında çalışmağa göndərib.

Göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun üzvləri olan təyyarə noyabrın 29-da Kolumbiyanın Antiokiya əyalətində La Union bölgəsində qəzaya uğradı. Futbol klubunun üzvləri Cənubi Amerika Kubokunun ilk final matçında iştirak etmək üçün Kolumbiyanın Medelyin şəhərinə istiqamətlənmişdilər.

Ümumilikdə təyyarənin göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvü olub. Sərnişinlərdən 20-si "Şapekoense"nin heyətinin üzvləri olub. Qəza zamanı üç futbolçu - Alan Ruşel, Cekson Folman və Xelio Samper Neto sağ qalıb. Xəsarət almış Markos Danilo isə sonradan xəstəxanada dünyasını dəyişib.

Həmin gün Vink həmin təyyarədə olmayıb. Faciə baş verən gün o səhər tezdən oyanıb.

- Mən öz otağımda yatırdım, - deyir Vink. - Saat 5:00-da zəng eşidildi. Bu mənim dostum idi. O, mənə hadisə barədə danışdı.

- Siz necə reaksiya verdiniz?

- Valideynlərimə dərhal zəng etdim. Onları oyatdım, bildirdim ki, mənlə hər şey qaydasındadır. Sonra stadiona doğru getdim. Orada futbolçuların çoxlu qohumları, dostları, tanışları toplaşmışdı. Şəhərin hər yerindən gəlmiş insanlar paltardəyişmə otağının önünə gül dəstələri qoyurdular.

- Həmin gün telefonunuza zənglər tez-tez gəlirdi?

- Bəli. Mənə dostlarım, həmçinin jurnalistlər zəng edirdilər. Özü də bu zənglər ölkənin müxtəlif şəhərlərindən olunurdu. Bir çoxları mənim də həmin təyyarədə olduğumu güman edirdilər.

- Niyə komanda ilə birlikdə deyildiniz?

- Heyətimizdə üç sağ müdafiəçi vardı. Onlardan biri - mənəm. Baş məşqçi digər iki oyunçunu götürdü, məni yox. Bu,

məşqçinin seçimi idi, halbuki mən əsas heyətdə mütəmadi çıxış edirdim.

- Bu dəhşətli qəzadan sonra təyyarəyə minməkdən qorxursunuz?

- Yox. Bizim ölkə böyükdür. Təyyarədən istifadə etmədən keçinmək mümkün deyil. Bir də mən uçuşlardan imtina etsəm, gərək karyeramı başa vurum. Nə vaxt lazım olsa, təyyarə ilə başqa yerə getməliyəm. Düzdür, mən həmin faciədən sonra təyyarədən istifadə etməmişəm. Hələ ki avtomobildən istifadə edirəm. Şapekodan Portu-Aleqriyə qədər 5 saatlıq yoldur. Hansı ki orada bizim "İnternasional"ın bazası yerləşir. "Şapekoense" də isə icarə əsasında çıxış edirəm.

- Qəzadan sonra həyatınızda nələr dəyişib?

- Mən indiyə qədər hələ də özümə gələ bilməmişəm. İndi matçlarımız da yoxdur, çünki çempionat başa çatıb. Faciədən sonrakı ilk iki həftə dəli kimi olmuşdum. İndi-indi yavaş-yavaş özümə gəlirəm.

- Həmin faciə baş verən gün braziliyalılar borulardan yaşıl tüstü buraxırdılar. Şəhərdə başqa nə baş vermişdi ki?

- Şəhər ayağa qalxmışdı. Xüsusilə ilk günlərdə.

- Mağazalar, restoranlar... hər yer bağlanmışdı?

- Bəli, yadımdadır. Heç yer işləmirdi. Hamı baş vermiş hadisənin acılarını çəkirdi. Axı bizim şəhər o qədər də böyük deyil - 200 min nəfər əhalisi var. Bu şəhərdə, demək olar ki, hamı bir-birini tanıyır. Faciədən sonra adamlar bir-birinə daha çox mehribanlaşdılar.

- Camaat hamı stadionunun önündə toplaşmışdı?

- Bütün gün boyu ora adamlar gəlirdi. Mən də orada idim. Çərşənbə günü axşam, daha doğrusu, gözlənilən məlum matçın başlanma vaxtı biz bütün gecəni komandaya dualar etdik. Mən həmin gün o təyyarə ilə səfərə çıxmamış digər oyunçularla bigə meydanda idim. Onların emosiyalarını təsvir etmək çox çətindir.

- O anlarda nələr düşünürdünüz?

- Bir daha görə bilməyəcəyim həmkarlarımı. Mənə elə gəlir ki, onlar karyerasını davam etdirməyimi istəyirlər. Və mən onların ruhlarını şad etmək üçün oynayacağam.

- "Şapokeonse" öz mövcudluğunu davam etdirəcək?

- Bəli, amma mənsiz. Mən "İnternasional"a qayıdıram. Gələn ilin yanvarında yeni mövsüm başlayır. Braziliya çempionatında "Şapokeonse" üçün xüsusi şərait yaradılması planlaşdırılır. Belə ki qərara alınıb ki, komanda üç il ərzində hansı yeri tutmasından asılı olmayaraq ölkə çempionatında çıxış etsin.

- Argentina klubları "Şapokeonse"yə futbolçu verməyə hazır olduqlarını bildiriblər.

- Hələlik kluba onlardan heç kim qoşulmayıb. Eşitmişəm ki, bəzi oyunçuları icarə əsasında komandaya cəlb etmək istəyirlər. Amma bu artıq gələn il olacaq. Komanda yanvarın 11-də Şapekonun bazasına toplaşacaq.

- Yəqin bilirsiniz ki, baş vermiş faciədən sonra dünyanın müxtəlif ölkələrində keçirilmiş matçlar bir dəqiqəlik sükutla başlayıb?

- Bəli, internetdə gördüm. Futbol bütün dünyada insanları birləşdirir. Bu ağır məqamda belə mənzərələrin olması təqdirəlayiqdir. Məni ən çox təsirləndirən isə müxtəlif qitələrin insanlarının belə faciəyə laqeyd qalmamaları oldu.