cümə, 29 mart 2024

BOKS

Azərbaycan boksunun 2016-cı ili

03.01.2017 11:15 Oxundu 5507

Geridə qoyduğumuz 2016-cı il Azərbaycan idmanı üçün uğurlarla zəngin oldu. Ölkəmizdə idmana dövlət başçısı, milli olimpiya komitəsinin prezidenti İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının nəticəsi kimi Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlardan, dünya və qitəmiqyaslı turnirlərdən uğurlu nəticələrlə qayıdaraq yenə vətənimizi dünyada idman ölkəsi kimi tanıtdırdılar. Azərbaycan boksu üçün də 2016-ci il unudulmaz və yaddaqalan oldu. Belə ki, məhz 2016-ci ildə Azərbaycan boksu tarixində ilk dəfə olimpiya oyunlarında yeni tarix yazıldı. Bu barədə bir qədər sonra.
Ötən ilin ilk hadisəsi kimi Azərbaycan çempionatını yada salmaq olar. Məhz yeni ilin ilk ayında ölkəmizin ən güclü əlcək ustaları çempion adı uğrunda mübarizə apardı. İdman Azərbaycan telekanalı vasitəsi ilə də canlı yayımlanan turnirdə bütün çəki dərələrində qalib və mükafatçılar müəyyənləşdi. Ölkə çempionatının nəticəsi kimi isə milli komandamızın heyətində qarşıdan gələn vacib yarışlar üçün heyət formalaşmağa başladı. Bu heyət isə yaxınlaşmaqda olan 2016-cı il Rio Olimpiya Oyunlarının lisenziya turnirlərə ciddi cəhdlə hazırlaşmaq üçün məşqlərə start verdi. Dördilliyin ən böyük yarışının Avropa zonası üçün ilk lisenziya yarışı Türkiyənin Samsun şəhərində keçirildi. Bu yarışda Cavid Çələbiyev, Lorenso Sotomayor, Abdulkadir Abdullayev və Məhəmmədrəsul Məcidov Rioya vəsiqə qazandılar. Braziliyadakı oyunlara ilk dəfə olaraq tam heyətlə qatılan komandamızın digər üzvləri paytaxtımızda keçirilən sonuncu lisenziya turnirində lazımi nəticələri qazandılar. Məsul yarış öncəsi hazırlıq prosesini üç mərhələyə bölən komandamızın kubalı çalışdırıcısı Pedro Roke həm paytaxtımızda, həm də Amerika Birləşmiş Ştatlarında təlim-məşq toplanışında oldu.
Rio Olimpiya Oyunlarında tam heyətlə çıxış edən Azərbaycan komandası dünyanın ən güclü kollektivlərindən biri kimi bu yarışda da yeni uğur qazanmaq niyyətində idi. Millimizin heyətində Elvin Məmişzadə və Albert Səlimovun öz çəkilərində dünya reytinqinin lideri olması, Lorenso Sotomayor və Kamran Şahsuvarlı kimi hazırlıqlı boksçuların yarışda uğur qazanmaq istəyi və Məhəmmədrəsul Məcidovun təcrübəsi bu yarışda da Azərbaycan boksçularının uğur qazanacağından xəbər verirdi. Davam edən olimpiya oyunlarında Lorenso Sotomayor və Kamran Şahsuvarlının inamla irəliləməsi Rioda Azərbaycan boksunda yeni tarixin yazılacağından xəbər verirdi. Etimadlar özünü doğrultdu və 64 kq çəki dərəcəsində çıxış edən Sotomayorun finala qədər irəliləməsi, 75 kq-da isə Kamran Şahsuvarlının adlı sanlı rəqiblərini keçərək yarımfinala yüksəlməsi ölkəmizdə boks idman növünün hər keçən il yüksək inkişaf mərhələsində olmasından xəbər verdi. Olimpiya oyunları Azərbaycan boks komandası üçün bir gümüş və bir bürünc medal ilə başa çatdı. Lorenso Sotomayorun qazandığı gümüş mükafat isə Azərbaycan boksunun olimpiya tarixində bir ilk, bir yeni səhifə oldu. Kamran Şahsuvarlının isə çıxış etdiyi ilk böyükmiqyaslı yarışda Olimpiya mükafatçısı olması ölkəmizdə boks üçün yaradılan münbit şərait və yüksək inkişaf tempindən xəbər verirdi.
2016-cı il qadın boksçularımız üçün də uğurla keçdi. Belə ki, Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən qadınlar arasında boks üzrə Avropa çempionatı Azərbaycan komandasının zəfəri ilə yadda qaldı. Yarışın yekunlarına əsasən Elbrus Rzayevin baş məşqçisi olduğu komanda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı. Bu uğur isə, qadın boksçularımızın yeni baş məşqçi ilə uğurlar qazanacağının xəbərçisi oldu.
2016-cı ilin son günləri isə paytaxtımızda daha bir ənənəvi yarış keçirildi. Söhbət boks üzrə gənclər arasında Abbas Ağalarovun xatirəsinə həsr olunan beynəlxalq turnirdən gedir. Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və İsrail idmançılarının yarışdığı birincilikdə Azərbaycan idmançıları yekunda komanda hesabında qızıl medalları qazandılar.
Artıq uğurlarla zəngin 2016-cı il arxada qaldı. Qarşıda isə daha ciddi hədəflərin olduğu 2017-ci il bizi gözləyir. İnanırıq ki, daim uğurları ilə Azərbaycan ictimaiyyətini sevindirən boksçularımız yenə bayrağımızı ən yüksəklərə qaldırıb, himnimizi dünyanın müxtəlif yerlərində şərəflə səsləndirəcəklər.