cümə, 26 aprel 2024

DİGƏR NÖVLƏR

Anna Bessonova: "Azərbaycan Gimnastika Federasiyası bu cür tədbirləri yüksək səviyyədə təşkil edə bilir"

23.01.2017 11:04 Oxundu 2072

Azərbaycan həmişəki kimi növbəti idman tədbirini yüksək səviyyədə təşkil etdi. "cempion.az" "Trend"ə istinadən bildirir ki, bunu Bakıda keçirilmiş FIG Qitələrarası hakimlik kurslarında iştirak etmiş bədii gimnastika üzrə mütləq dünya çempionu Anna Bessonova deyib.

O deyib: "Kursların təşkili çox yaxşıdır və həmişəki kimi heyran edir. Azərbaycan Gimnastika Federasiyası bu cür tədbirləri yüksək səviyyədə təşkil edə bilir. Mən qonaqpərvərliyə görə, onlara təşəkkür edirəm. Tədbir elə təşkil olunmuşdu ki, bizim diqqətimiz başqa heç nəyə cəlb olunmurdu və özümüzü tamamilə gimnastikaya və yeni qaydalara həsr etdik".

A.Bessonovanın sözlərinə görə o, axırıncı dəfə Bakıda gimnast qismində olmuşdu, bu dəfə isə hakim qismində qayıdıb:

"Bu, çox qəribə hisslərdir. Mən sonuncu dəfə Bakıda gimnast qismində olmuşdum, artıq çox vaxt keçib və mən hakim kimi gəlmişəm. Keyfiyyətinə görə hisslər çox fərqlidir. Görək hakim kimi mən özümü necə doğruldacağam".

A.Bessonova qeyd edib ki, onun fikrincə, indiki gimnastların yeni qaydalara görə bəxti daha çox gətirib. Dünya çempionu deyib:

"Mən gimnastika ilə vidalaşdığım vaxtdan qaydalar ikinci dəfədir ki, dəyişir. Hesab edirəm ki, qaydalar əsaslı şəkildə dəyişib. İndi idmançılar musiqinin xarakterini daha çox nümayiş etdirməlidir. Bizim vaxtımızda isə biz daha çox element göstərməli idik, yəni gərginlik daha çox idi. Mən indiki qaydaları daha çox bəyənirəm və gənc nəslə paxıllıq edirəm".

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Qitələrarası hakimlik kursları yanvarın 17-dən 21-dək Bakıda keçirilib. Bu kurslar Olimpiya siklində bir dəfə keçirilir və hakimlərə ən yüksək - birinci hakimlik kateqoriyasını əldə etməyə imkan verir.