bazar, 24 sentyabr 2017

Menu

bazar, 24 sentyabr 2017

MÜSAHIBƏ

Valeriya Karatenko: "İdmançı qadın, ana və həyat yoldaşı olmaq asan iş deyil"

08.02.2017 22:52

Azərbaycan milli voleybol komandasının və “Azerreyl”in üzvü Valeriya Karatenkonun (Məmmədova) müsahibəsi:

- Azərbaycan voleybolunun bugünkü durumu necədir?

- İndiki halda heç nə pis deyil. Hazırlaşırıq məşq edirik, davam edirik. Çempionat gedir və hazırlaşırıq. Qarşıda bizi böyük turnirlər gözləyir. Fevralın 9-da Çempionlar Liqasında Fransanın “San Rafael” klubu ilə qarşılaşacağıq. Bu turnirdə daha çox irəliləmək niyyətindəyik. Sonra bu il Azərbaycanda Avropa çempionatı keçiriləcək. Göygöldə baş tutacaq turnir komandamız üçün də vacibdir. Bu turnirin ölkəmizdə olması voleybola marağı artıra bilər. Çünki Avropanın güclü komandaları Azərbaycana gələcək.

- Çempionatda 4 komandanın olması sizi narahat etmir?

- Əlbəttə ki, 4 komanda çox azdır. Düzdür, bu komandalar arasında mübarizə var. Amma yenə də keyfiyyət üçün daha çox klubun oynaması yaxşı olar. Ümid edirəm ki, gələcəkdə daha yaxşı olacaq. Biz voleybolun yaxşı gələcəyinə ümid edirik. Gənclər də yetişir. Həmçinin bizdə voleybolun nisbətən zəifləməsi də komandaların azlığından irəli gəlir. Biz bir neçə ay çempionatın başlamasını gözləyirik. Amma xaricdə belə deyil. Onlar ilboyu yarışlara qatılır, uzun marafon olan çempionatda çıxış edirlər.

- Sizcə, voleybol illər əvvəl daha populyar deyildi?

- Elə idi. “Azerreyl”in yeni uğurları olarkən hər kəs bizdən danışırdı. İndi daha az voleybola maraq var. Halbuki heç də beynəlxalq arenada zəif təsir bağışlamırıq. Düzdür, bütün dünyada olan böhran bizə də təsir edib. Bundan qaçmaq mümkün deyil. Amma yenə də uğur qazanmaq niyyətindəyik.

- Sizi daha çox məhşurlaşdıran libero olmağınızdır? Bununla razısınız?

- Razıyam.

- Boyunuzun balaca olması sizə mane olmur?

- Yox. Düzdür, voleybola başlayarkən hücumçu olmaq istəmişdim. Amma indiki durumumdan narazı deyiləm. Ən azından oynadığım komandalar üçün vacib oyunçu sayılıram.

- “Azerreyl”in Alla Həsənova, Yelena və Oksana Parxomenka, İnessa Qorxmaz, Natalya Məmmədova olan heyəti üçün darıxmısız?

- Əlbəttə. O heyət üçün darıxmamaq olmaz. Qızlarla arada görüşüb keçmiş günləri yada salırıq. Həmin komandada olan voleybolçular ölkədə tanınırdı. Hamı o heyəti sevirdi.

- Bəs indi siz şəhərə çıxarkən tanıyanlar olur?

- Əlbəttə ki, olur. Gəlib avtoqraf alırlar, şəkil çəkdirirlər. Bu, məni çox sevindirir. İnsanların sevimli idmançısı olmaq hər kəs üçün qürurvericidir.

- Gənclərin içindən sizləri əvəzləyəcək voleybolçular çıxacaqmı?

- Ümid edirəm ki, daha yaxşı olacaq. Onların məşqlərinə baxırıq istedadlı voleybolçular var. Məsələn, hazırda Azərbaycan millisinin üzvü Ceyran Əliyeva da çox güclüdür. O, komandamız üçün vacib oyunçulardandır. İnanıram ki, daha çox belə voleybolçular yetişəcək.

- Bir az şəxsi həyatdan danışaq. Həyat yoldaşınız Nicat Məmmədovla necə tanış olmusunuz?

- Tanışlığımız tam təsadüfi olub. Komanda yoldaşım Kseynya Poznyakın vasitəsi ilə tanış olduq. Daha sonra münasibətlərimiz dərinləşdi. Sonda ailə həyatı qurduq. Həyat yoldaşım cüdo ilə məşğul olub. Hazırda bizneslə məşğuldur. İdmanda deyil. Şəxsi həyatımda çox xoşbəxtəm.

- Ailədə hər ikinizin idmançı olması problem yaratmadı?

- Yox. Əlbəttə ki, bu, daha yaxşıdır. Düzdür, o hazırda peşəkar idmanla məşğul olmur. Amma idmanla məşğul olanda da heç bir problem yox idi. Açığı, yoldaşım idmançı olmaqla yanaşı, həm də çox diqqətəlayiq və alicənab bir insandı. O, özü də əvvəllər idmançı olduğu üçün məni yaxşı anlayır və həmişə də dəstək olur. Yoldaşım hətta ən çətin oyunlarda belə mənə psixoloji dəstək verib.

- Oğlunuz Tamerlana vaxt ayıra bilirsiz?

- Çox imkanım olmasa da, çalışıram onunla birlikdə vaxt keçirim. Oğlum ailəmizin xoşbəxtliyini daha da dərinləşdirir. Onun həyatda olması ailəni daha çox bir-birinə bağlayır.

- 3 uşaq sahibi olmaq istədiyinizi bildirmişdiniz. Bu arzunuzu nə vaxt həyata keçirəcəksiniz?

- (Gülür). Təbii ki, karyeramı bitirəndən sonra bu, mümkündür. 3 uşaq istəyirəm. Amma hər şeyi zaman göstərəcək.

- Oğlunuzun idmançı olmasını istərdiniz?

- Əlbəttə. Onu gələcəkdə peşəkar və məhşur idmançı kimi görmək arzumdur. ölkəmizdə daha yaxşı inkişaf etmiş idman növləriylə, əsasən də ya cüdo, ya da güləşlə məşğul olmasına çalışaram.

- Müsahibələrinizin birində demisiniz ki, həyat yoldaşımı görsəniz, mənə yaxınlaşa bilməzsiniz...

- Yox, onu başqa cür yozmaq lazım deyil (gülür). Təbii ki, mən idmançıyam və o qədər insan olur ki, mənə yaxınlaşır, şəkil çəkdirir. Hamının həyat yoldaşı onun üçün dayaqdır.

- Dediklərinizdən belə görünür ki, evdə də libero olmağı bacarırsınız?

- Əlbəttə. İdmançı qadın, ana və həyat yoldaşı olmaq asan iş deyil. Amma güclü qadın bunların öhdəsindən gələ bilər. Mən də güclü qadınam və hər şeyi eyni anda bacarıram.

- Komanda ilə uzun müddətli təlim-məşq toplanışına qatılırsınız. Məşqlərdə və ya oyunlarda oğlunuz yadınıza düşür?

- Övladım üçün darıxıram. Onunla daha çox vaxt keçirməyi istəyirəm. Amma oyunlar, məşqlər zamanı işimə köklənirəm. Amma onunla “Skype” vasitəsilə danışıram. Anam əlaqə saxlayır və oğlumu görürəm.

- Əksəriyyət sizi əcnəbi kimi tanıyır...

- Mən Azərbaycanda doğulmuşam və azərbaycanlıyam. Bakı mənim şəhərimdir.

- İnsanları azdıran sizin rus dilində danışmağınızdır...

- Azərbaycan dilində danışa bilirəm. Başa da düşürəm. Ancaq müəyyən ləhcəm var. Belə mənə yaxınlaşan olanda onlarla Azərbaycan dilində danışıram. Ancaq bütün müsahibələrimi rus dilində verirəm. Bunun da səbəbi fikrimi daha rahat bildirməkdir. Ona görə də, sizinlə rus dilində danışıram. Məni sevənlərə sözüm odur ki, Azərbaycan dilini sevirəm və başa düşürəm.

- Azərbaycan mətbəxini sevirsiz?

- Bizim mətbəximiz çox yağlı yeməklərdən ibarətdir. Bu səbəbdən də daha çox dada bilmirəm. Çünki özümüzü qorumağa məcburuq. Amma dolmanı sevirəm.

- Azərbaycan musiqisinə qulaq asırsız?

- Röyaya daha çox qulaq asıram. Məncə, onu başqaları da daha çox xoşlayır. Amma musiqi dinləmək üçün vaxtımız heç də çox olmur.

"Qafqazinfo"

Oxundu: 900

© 2017 - NSPSOLUTIONS