bazar, 24 sentyabr 2017

Menu

bazar, 24 sentyabr 2017

MÜSAHIBƏ

"Ağlıma gətirə bilmirəm ki, bu cür səhvləri niyə edirlər"

10.02.2017 17:10

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun müsahibəsi

- Topaz Premyer Liqasında qış fasiləsindən sonra 3 tur geridə qaldı. Çempionatın gedişi, komandaların çıxışı haqda fikirlərinizi bilmək istərdik.

- Hazırda oyunlar sıx qrafiklə keçirilir. Bu, bir tərəfdən yaxşıdır. Məni ən çox maraqlandıran zədələrin çox olmasıdır. Adətən təlim-məşq toplanışında futbolçu zədə almırsa, deməli, əzələləri oyunlara hazırdır. Ancaq indi görürük ki, futbolçular tez-tez zədələnir. Bunun bir səbəbi də süni meydançalardır. Oyunlara gəldikdə isə təəssüflər olsun ki, təkcə “Qarabağ”la “Qəbələ” çempionluq uğrunda mübarizə aparır. Cəmi iki klubun çempionluq üçün yarışması pis əlamətdir.

- Düşünürsünüz ki, “Qarabağ”la “Qəbələ”yə çatan olmayacaq?

- Yox, olmayacaq.

- “Qarabağ”la “Qəbələ”nin transfer fəaliyyəti haqda nə deyə bilərsiniz?

- “Qarabağ” transfer siyasətində yerli oyunçulara üstünlük verdi. Həmin futbolçular öz klublarında oynayırdı. Ancaq “Qəbələ”nin aldığı Daniel Subotiç başqa ölkədə necə oynayıb, onu deyə bilmərəm. Təbii ki, “Qarabağ”ın hücum xəttinə aldığı Ağabala Ramazanovdan daha təcrübəlidir. Buna baxmayaraq, Ağabala Subotiçdən istəklidir.

- “Qarabağ”ın sırf hücumçu transfer etməməsi komanda üçün çətinlik yarada bilər?

- Klubun daxili işlərinə qarışmaq istəməzdim. Qışda yeni futbolçu tapmaq çətin olur. İstədiyin futbolçunu ala bilmirsən. Bizdə qəribə bir hal yaranıb. Futbolçunu mayda baxışa çağırırlar. Ancaq klubun strategiyası olmalıdır. Bilməlidir ki, filan vaxt onun hücumda problemi olacaq. Ona görə də 7-8 ay əvvəldən hücumçu tapıb, onu izləməlidir. Bizim klublar oyunçuları izləmirlər. Bələd olmadıqları futbolçuları baxışa çağırırlar, sonra da bəyənməyib geri göndərirlər.


- Son günlər ən çox müzakirə olunan hakim səhvləridir. Hakimlərin hər tur etdikləri gülünc səhvlər çempionatın onsuz da az olan marağını bir qədər də azaldır.

- Bəli, mən də görürəm. Bu gün hakimlərə AFFA tərəfindən hər cür şərait yaradılır. Onlar Antalyaya təlim-məşq toplanışına göndərilir. Hətta mən toplanış vaxtı hakimlərimizin idarə etdiyi bir oyunu izlədim və çox xoşuma gəldi. Komandalar da razı qalmışdı.

- Ancaq çempionatda səhvləri sıralayırlar.

- Bəli. Elə səhvlər edirlər ki... Ağlıma gətirə bilmirəm ki, bu cür səhvləri niyə edirlər. Gənc hakimlərə bu cür şans verirlərsə, gərək onlar da özlərini doğrultsunlar. Azərbaycanda Tofiq Bəhramov, Eldar Əzimzadə kimi hakimlərin ruhu var. Onların zəhmətini itirmək olmaz.

- Təkcə gənc hakimlər səhv etmir, təcrübəliləri də bəzən gülünc qərarlar verir.

- Qəribə orasıdır ki, adi səhvlər edirlər. “Qarabağ”la oyunda hakim AZAL-ın futbolçusu Sadio Tounkaraya haqsız olaraq qırmızı vərəqə verdi. Həmin epizodda futbolçu qapıçıya toxunmamışdı. Çox vaxt deyirlər ki, yan xətt hakimləri baş hakimə kömək etməlidir. Niyə? Əgər sən epizodun yaxınlığındasansa, 35 metr aralıda olan hakimin sözünə niyə qulaq asırsan? Səvh həmişə olacaq. Ancaq baxır necə səhv. Müəyyən səhvləri başa düşmək olar. Bəzən elə səhvlər edirlər ki, anlaya bilmirəm. Mən yenə də hakimlərimizə inanıram. Ümid edirəm ki, özlərində güc tapacaqlar. Elə etsinlər ki, bütün diqqətlər oyuna yönəlsin, hakimliyə yox.

- Hakim səhvlərinin qarşısını necə almaq olar?

- Buna Hakimlər Komitəsinin rəhbəri fikir verməlidir. Əvvəllər hakim kobud səhvə yol verəndə onu 1-2 ay cəzalandırırdılar. İndi də bu cür etmək olar. Hakimlər təkcə qaydaları əzbərləməklə kifayətlənməməlidirlər. qol.az

Oxundu: 608

© 2017 - NSPSOLUTIONS